"Moskvada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru öz Azərbaycanlı həmkarı ilə görüşəndən sonra onun gizli şəkildə Bakıya göndərilməsi nəzərdə tutulur",- deyə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan bildirib.
Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü nəzərdə tutulur və bu görüşə hazırlıq gedir: "Moskvada MTX-nın rəisi Armen Abazyan Azərbaycanlı həmkarl ilə görüşdü və Nikol hakimiyyətinin başqa üzvlərinin də Azərbaycan tərəfi ilə şübhəli görüşləri baş tutdu. Bu görüşlərdən sonra yanvarın 11-də Paşinyan və Əliyevin görüşü ərəfəsində Abazyanın tam məxfiləşdirilmiş atmosferdə Bakıya səfəri planlaşdırılır".

Keçmiş səfirin əldə etdiyi məlumatlara görə, Abazyan Bakıda Ermənistanın məruz qaldığı rüsvayçılığı sənədləşdirməyə gedir: "Onun qarşısında bir vəzifə var: Əvvəllər şifahi qaydada götürülmüş öhdəliklər əsasında yol verilmiş bütün rüsvayçı güzəştlər və itkiləri yazılı formada qeyd edib sənədləşdirmək!
Bütün "nikolakan"lara və bu xidmət direktoruna xatırladıram: Sizin hakimiyyətiniz üzündən biz vətənimizi itirdik! Minlərlə vətənpərvər ödladlarımızı itirdik, Bakıda isə hələ də bizim uşaqlarımız saxlanılır - imzaladığınız təslimçilik aktından 2 ay keçsə də, onları bizə qaytarmırlar. Lənətə gələsiniz, alçaqlar!".

Xatırladaq ki, bir neçə gün əvvəl Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü baş tutub. Həmçinin iki ölkə rəhbərinin görüşünə hazırlıq görülür.
Ermənistan müxalifətinin versiyasına görə birbaşa görüşlər zamanı Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədlərə imza ata bilər. Həmçinin iki ölkə arasında diplomatik əlaqələrin qurulması da ehtimallardan biridir.

Hazırda iki ölkə arasında sərhədlər SSRİ vaxtında olduğu kimi müəyyən edilir. Nəticədə çoxlu sayda inzibati ərazi vahidi Azərbaycana qaytarılır ki, bu da Ermənistanda etirazlara səbəb olur.