Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişi olduğuna görə təhqir olunanlar və ya Azərbaycanda "Tolik rejimi"
cebhe

Bu günlərdə Xəzər TV-nin aparıcılarından olan Tolik kimi tanınan Tarix Əliyevin qazimizi təhqir etməsi cəmiyyətdə birmənalı qarşılanmır. Onun özünətərz, özünəlayiq bildiyi danşıq şəklilə qazimizə söylədiklərini qınayanlar da var, qazi ailələrinə yardm etdiyinə görə “sağ ol” deyənlər də.

Tolikin əlinə baxmasına  görə qaziləri qınayanlar da var, qazilərin çağırışlarına baxmayb onları Tolikin ümidinə buraxan dövlət qurumlarını da daşa basanlar  da. Hamısı öz aləmində haqlıdır. Məsələn qaziyə zamanında yardım edilməsə, qolu amputasiya oluncaq. Çünki dövlət xəstəxanasında ilk dəfə  düzgün müalicə olunmayıb, yenidən əməliyyata ehtiyacı var.  Qazi dövlət xəstəxanasına müraciət edib, cavab  gecikdiyinə görə sosial şəbəkələrin ulduzu olan Tolikə  üz tutub. O da yardım edib. Həm yardım edib, qazinin qolunu xilas etmiş olub ( bu sağlam  gəzən adamlar  üçün az iş kmi görünə bilər, amma dünənə qədər hamı kimi sapasağlam gəzmiş, lakin birdən birə qolunu itimək təhlükəsi ilə qarşılaşmış, bunu faciə kimi görən bir gənc  üçün  dünya qədər sevinc deməkdir), həm də izləyici sayını artırıb, fanatlarının simpatiyasını qazanıb.

Tolik bunu edir etməsinə də. Amma nə şəkildə edir, etdiyi yaxşılıq hansı formada görünür,  mövzu budur. Sanki qəhərmanların “sındırılması” prosesi başlayır. Tolikin “kül başına, “Ayfon” tanımırsan” dediyi gənc sadə bir ailənin övladıdır, bütün əsgərlər kimi o da kasıb balasıdır, ömründə əlinə “Ayfon” almaması, onu görməməsi də tam normal bir şeydir.Ümumiyyətlə, hətta imkanı olsa belə, kiminsə hansısa brendi tanımamasında nə qəbahət var? Kimsə reklam  edib adıyla pul qazanacaq, tanımayan da utanacaq?

Tolik o  bahalı telefonu qaziyə verir, yalnız o şərtlə ki, bir kəlmə söz işlədə bilsin. Qazimiz döyüşdə nitq qabiliyyətini itirərək qayıdıb. Tolik “kül başına” deyir, o cavanın  cavab vermək üçün dili yoxdur. Tankın, raketin qabağına çıxan qazimizin  Tolikin qabağına çıxası dili yoxdur, amma ehtiyacı var. Dövlət əl uzatmasa, belə “şoular” çox olacaq. Çox igidimiz "başına kül ola-ola" nəsə əldə edəcək.

Dünənə qədər yüz cür qalmaqalla şou-biznes əhlini bir-birinə qatan, “amandır, haqqında söz deməyim, toylarımı əlimdən alar” qorxusuyla şou camiasında Tolik ilahlaşdırılıb. Pullu, imkanlı adamlar bizim cəmiyyətdə niyəsə toxunulmazlıq  statusu alırlar və Tolik də bunu bildiyi üçün,  əzə-əzə aşağıdan başa keçməyi bacarıb. Telekanalın niyə onu əziz-xələf edib izləyicinin gözünə soxması başqa  məsələdir.

Ümumiyyətlə, efirlərdə yalançının and amanı, əxlaqsızın namus dərsi, rüşvətxorun halal çörək barədə moizəsi iyrənc çibana dönüb. Günü- gündən şişməkdədir. İslahatlar aparmasa, efirlərimizin toyxana modası "qırmızı fənərlər" küçəsiylə əvəz olunacaq. Onların tərbiyəsi altında yetişən nəsil isə...

"İnsan ata-anasından çox, mühitinə bənzəyər" deyib Həzrəti Əli. Mühitimiz pozulur. Həm də evimizin içində.

General Polad Həşimov şəhid olanda  anası Səmayə xanım  başsağlığına gedən şairə-tamada Nazilənin kondinsionerini heç qapısından içəri buraxmamışdı. Gələn hədiyyələrin heç birini istəməmişdi. Məğrur ana duruşunu itirməmişdi. Ehtiyacları yox idimi? Vardı. Evlərinin təhər-töhüründən görünürdü ki, Polad Həşimov necə general olub. Yaşadığı ev ən sadə bir əsgər ailəsinin evindən fərqlənmirdi. Səmayə xanm qədər medianın diqqətində heç bir şəhid anası qalmadı. Amma bir dəfə də ağzını açıb hansısa ehtiyacdan danışmadı.

Qazi ailələri, qazilərimiz, canınız-qanınız bahasına əldə etdiyiniz şərəfi Tolikin ayaqları altına səpməyin. O bunu canı yandığından yox, reytinq  xətrinə edir. Əks halda,  şou-biznesdə kimlərə nələr veribsə, sökə- sökə geri aldığını da hər kəs bilir. Sadəcə, abırsızdan abır gözləmək məsələsinə əməl edib susurlar.

Dövlər qurumlarına gəlincə, bəli, məhz onların məmur süründürməçilikləri özünü bloger, xeyriyyəçi adlandıran bir çoxlarına göz yaşlarından qazanmaq imkanı verir. Hansı rayonda qazi ailəsi icra başçısından yardım istəyib, geri itələnirsə, səsini ictimailəşdirir. Sosial şəbəkələr vasitəsilə haqqını tələb edir, gedir düşür meydangirlərin toruna. Şəhidin məzarına başdaşı qoydurmaq, ailəsinə baş çəkib dəstək olmaq nə qədər çətin bir işdir? Üstəlik, bu əlavə iş deyil, hər bir rayonun İcra Hakimiyyətinin birbaşa vəzifəsidir.

Yol verməyin ki, Vətən uğrunda can qoyan əsl kişilər, başqa “kişilərin” danlağını götürsünlər. Qazilərimizi, qazi və şəhid ailələrini peşman olmağa qoymayın. Mərdi namərdə möhtac edən bir dünyanı öz əllərimizlə dəyişməliyik.

 Bizimyol.info

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »