Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köçəryan Arutyunyanı uzaqlaşdırmaq qərarı verib
Köçəryan Arutyunyanı uzaqlaşdırmaq qərarı verib

Qarabağda "hakimiyyət" dəyişikliyi rəsmi Moskvanın yeni oyunu ola bilərmi?

Balasanyan sərsəm açıqlamaları ilə Rusiyanı nüfuzdan salmaq və Azərbaycanla düşmən etmək istəyir

Xocalıda azərbaycanlılara qarşı soyqırımda, Kəlbəcərin, Ağdamın işğalında birbaşa əli olan məşhur səhra komandiri Vitali Balasanyan son vaxtlar siyasi aktivliyi ilə seçilir. Çox sürətli şəkildə gündəmə oturan bu şəxs qalmaqallı açıqlamaları ilə siyasi iddialarını gizlətmir də və artıq Qarabağda "xunta rejimi"nin başçısının istefasını tələb etməyə başlayıb.

Belə ki, "Qarabağ Milli Məclisi"nın "Ədalət" fraksiyasının qondarma "respublikanın" qondarma "prezidenti" Araik Arutyunyanın istefasını tələb etməsi bunu deməyə əsas verir. Erməni mənbə yazır ki, istefa tələbini əsaslandıran əsas arqument ondan ibarət olub ki, məhz "Araik Arutyunyanın yarıtmaz idarəçiliyi səbəbindən "Artsax" ciddi siyasi, hərbi, humanitar, sosial-iqtisadi böhranla" üz-üzə qalıb.

Görünən odur ki, rəsmi Kreml artıq düyməni basıb və "hakimiyyət" dəyişikliyi Moskvanın yeni oyunu ola bilər. Bu qənaətə gəlməyi əsaslandıran bəzi hadisələrə işıq tutmağa ehtiyac var. Qeyd edək ki, "Qarabağın Təhlükəsizlik Şurası"nın rəhbəri Vitali Balasanyan Ermənistanın eks-prezidenti Robert Köçəryanın "sözəbaxan" adamıdır və onun indiki baş nazir Nikol Paşinyanı bir neçə dəfə açıq formada ittiham etdiyi hər kəsə bəlli bir faktdır.

Bu arada yaxınlarda mətbuatda belə bir məlumat da getdi ki, Robert Köçəryan Moskvaya səfər edib. Məhz o, Rusiya paytaxtından döndükdən sonra Balasanyanın meydana çıxması və erməni kütləvi informasiya vasitələrinə birmənalı qarşılanmayan səsküylü "proqram-müsahibələr" verməsi diqqətdən kənar qala bilməzdi.

Xatırladaq ki, Balasanyan bu günlərdə Dağlıq Qarabağdakı separatçı xuntanın "Təhlükəsizlik Şurası"nın yeni heyətdə ilk iclasını keçirib və orada bəzi qərarlar verib. Toplantıda danışan Xocalı canisinin çıxışından ümumi tezislər isə belə olub: Rusiya sülhməramlıları ilə bərabərhüquqlu təmaslardayıq və əməkdaşlıq edirik; Ermənistan və Rusiya rəhbərliyi ilə birlikdə itirilmiş rayonları geri qaytaracağıq; Qarabağ ermənilərinin ordusu Təhlükəsizlik Şurasına tabe olacaq; Gələn il yanvarın 1-dən etibarən spirtli içki içən və narkotik maddə qəbul edənlər ciddi şəkildə cəzalandırılacaq. Bu, rusiyalı sülhməramlılarına da aiddir. Onlar general Rüstəm Muradovun köməyi ilə cəzalandırılacaqlar; Dağlıq Qarabağdakı bütün dini sektalar bağlanacaq və burada yalnız Erməni Apostol Kilsəsi fəaliyyət göstərəcək; Dağlıq Qarabağ rəhbərlərinin və məmurlarının hamısının "Facebook" səhifəsi qapadılacaq. İş vaxtı "Facebook"da fəal olanlar işdən qovulacaq. "Facebook"dan real həyata dönmək zamanıdır;

Göründüyü kimi, kifayət qədər qızışdırıcı, açıq suallar buraxan, Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanmış 10 noyabr bəyannaməsinə daban-dabana zidd olan, daha pisi, rusların sülh məramlılığını gözdən salıb mövcud münasibətlərə şübhə toxumu səpən bu açıqlamaların indiki həssas vaxtda meydana çıxması çox məkrli oyunların başladılmasından xəbər verir. Şübhə yox ki, Balasanyanı belə danışmağa vadar edən əsas səbəb bağlı olduğu Köçəryanın ilham aldığı rəsmi Moskvanın çoxbaşlı siyasi davranışlarıdır.

Kimsəyə sirr deyil ki, İkinci Qarabağ müharibəsinin Ermənistanın kapitulyasiyası ilə dayandırılmasından sonra ölkədə başlayan etiraz aksiyaları, mediada və ələlxüsus da sosial şəbəkələrdə N.Paşinyana qarşı aparılan kampaniyalarda "Qarabağ klanı" maliyyə, siyasi və təşkilati planda hər cür dəstəyi ona qarşı dayanan siyasi qüvvələrdən əsirgəmir.

Robert Koçaryan Robert Koçaryan

Hələ müharibənin gedişində Qarabağa yollanan və onunla görüşdən imtina edən Araik Arutyunyanla arasında ziddiyyətlərin olduğu aydın sezilən Robert Köçəryan, Dağlıq Qarabağdakı separatçı rejimin başında dayanan bu adamı "vəzifə"sindən kənarlaşdırmaqda israrlıdır. Böyük fasilədən sonra Ermənistanda revanş götürüb siyasi ambisiyalarını həyata keçirməyə başlayan Köçəryanın ilk işi isə Xankəndidə "hakimiyyəti" tam şəkildə ələ keçirməkdir və bu məramında qəti olduğu görünür. Elə bu məqsədlə də, ən sadiq köhnə silahdaşlarından biri, Xocalı canisi general-mayor Vitali Balasanyanı Dağlıq Qarabağda "Təhlükəsizlik Şurası"na rəhbər təyin etdirməyə nail olması Köçəryanın bu mənada ilk uğuru sayıla bilər.

Gələk, Balasanyanın məlum toplantıdakı siyasi mesajlarının altında gizlənən niyyətlərə. Ən çox narahat edən açıqlama, onun "qondarma rejim" mənsublarının rus sülhməramlıları ilə bərabərhüquqlu, yəni "rəsmi" əməkdaşlıq içində olduğunu deməsidir. Rəsmi Bakının Qarabağın Azərbaycan ərazisi olduğu barədə bəyanatlarının reallıqdan çox uzaq olduğunu deyən Balasanyan özündənrazı şəkildə iddia edib ki, sərhədlər şərtidir və bu məsələyə gələcəkdə yenidən baxılacaq.

Bizi indi düşündürən budur ki, heç bir dövlətin tanımadığı qondarma bir rejim necə ola bilər ki, Rusiya Federasiyası ilə bərabərhüquqlu formatda əməkdaşlıq etdiyini iddia edir? Birtərəfli şəkildə Rusiya ilə əlaqələrinə "rəsmi" əməkdaşlıq donu geyindirməklə Balasanyan nəyə nail olmaq istəyir? Bildiyiniz kimi, 10 noyabr üçtərəfli atəşkəsə və sülhə məcburetmə bəyannaməsilə Rusiya faktiki bölgədə sülhməramlı missiya həyata keçirmək öhdəliyi götürüb və indi Balasanyan birbaşa Vladimir Putinin təşəbbüsü ilə start götürən sülhyaratma işinə kölgə sala biləcək sərsəm iddialar irəli sürməklə bağlı cəsarəti haradan və kimdən alır? Çünki versiyalardan biri bu ola bilər ki, "qondarma rejimin" TŞ rəhbərinin dedikləri Rusiyanın sülhməramlı missiyasını gözdən salmaq məqsədi daşıyır. Ancaq Balasanyanın Putinin həm də şəxsi dostu olan Köçəryanın ən sadiq adamı olduğunu nəzərə alsaq, bu versiya inandırıcı görünmür. Işin ən pis tərəfi odur ki, hələ də rəsmi Moskvanın bu adamın sərsəm açıqlamalarını təkzib etməsilə bağlı məlumata sahib deyilik. Təkzibin olmaması başqa bir versiyanı inandırıcı edə bilər. Belə ki, Balansanyanın açıqlaması Rusiyanın qondarma rejimlə həqiqətən də əməkdaşlığı məsələsini gündəmə gətirir ki, bu da hər fürsətdə ölkəmizin ərazi bütövlüyünü tanıdığını vurğulayan Putinlə Əliyevin arasında narazılığa səbəb olmaq, şimal ölkəsinin Azərbaycandakı hər gün daha da pisləşən imicinə xələl gətirmək və qarşılıqlı münasibətləri hədəfə götürərək düşmənçilik yaratmaqdır ki, sabah yenidən qızışacaq münaqişədə Rus hərbiyyəsi "Kalaşnikov"un lüləsini Azərbaycana tuşlasın, bölgə qarışsın, bu qovğada isə Balasanyan yenidən tam şəkildə Qarabağa sahiblənsin.

Qarabağın Azərbaycana aid olmaması barədə dedikləri isə belə təəssürat yaradır ki, nə prezident Əliyevin, nə də prezident Putinin bilmədiklərini məhz Balasanyan çox dəqiqliklə bilir ki, o rahatlıqla da Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasıyla bağlı hər iki dövlət başçısının bəyanatlarına ciddi yanaşmır. Belə çıxır ki, bildiklərindən o qədər arxayındır ki, Rusiya prezidentinin rəsmi açıqlamaları Qarabağdakı qondarma rejim və Balasanyan üçün əhəmiyyətsiz söz yığınıdır.

Yeri gəlmişkən qeyd edək ki, ilin yekunlarına dair cəmiyyətlə sual-cavabında ona bu barədə ünvanlanan suala Vladimir Putin həmişə olduğu kimi, ancaq çoxlarının diqqətindən yayınan hiyləgər bir cavab verdi. Dedi ki, Dağlıq Qarabağ beynəlxalq hüquqla Azərbaycanın ayrılmaz tərkib hissəsidir, ancaq demədi ki, biz bunu belə hesab edirik, sözündən o çıxdı ki, bu barədə de-yure beynəlxalq qanunverici təsbit olsa da, o demək deyil ki, rəsmi Moskva üçün də bəlli hüquqi həqiqət de-fakto o cürdür.

Vitali Balasanyan Vitali Balasanyan

Əslində, Balasanyanın son açıqlamalarına ciddi yanaşmamaq olardı. Ancaq nəzərə alsaq ki, bu cani eks-prezident Köçəryanın ən yaxın adamıdır, sonuncu da bu yaxınlarda Moskvada səfərdə olub və faktiki Ermənistanda yaranan siyasi xaosu idarə edir, o zaman fərqli düşünməyə məcburuq.

Balasanyanın daha bir sərsəm açıqlaması Dağlıq Qarabağda sərhəd qoşunları ilə yanaşı TŞ-yə tabe olacaq "Artsax Müdafiə Ordusu" adı altında hərbi qoşunların formalaşdırılması barədə idi. Özünün rəhbərliyi altında olacaq bu qoşun növünün gələcək fəaliyyəti isə sən demə, "rus qardaşlıqları" ilə birlikdə Qarabağda əllərindən çıxmış əraziləri yenidən geri almaqmış. Ümumiyyətlə, bu "erməni hərbi qoşunları" məsələsi ciddi suallar yaradır, çünki 10 noyabr bəyannaməsinin 4-cü bəndi Qarabağda hansısa silahlı dəstənin mövcudluğunu mümkünsüz edir. Rusiyalı sülhməramlıların bölgəyə yerləşdirilməsi ilə paralel olaraq, ərazidə silahsızlaşdırma prosesi başlanmalı idi. Ancaq Balasanyan üç prezidentin imzası olan bəyannamədə qeyd olunan bəndlərə məhəl qoymur, Qarabağda "erməni ordusu" formalaşdırır və bununla da regionda dayanıqlı sülh üçün çalışan bütün maraqlı tərəflərə meydan oxuyur.

Haqlı sualın biri də bu ki, əgər 44 günlük müharibənin nəticəsində Qarabağda erməni silahlı dəstələri qalacaqdısa, o zaman Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi hansı məqsədi güdür? Belə anlaşılır ki, rus sülhməramlılar öz üzərlərinə düşən beynəlxalq səviyyəli öhdəliyi icra etməkdə yetərsiz qalıblar və buna əlavə olaraq, ermənilərdən ibarət "yeni ordu" yaradılır? Narahat edən məqam Balasanyanın bütün baş verəcəkləri çox arxayın və rahatlıqla anons etməsidir. Axı başdan deyildi ki, rus sülhməramlıları Dağlıq Qarabağda yaşayacaq ermənilər və azərbaycanlılar arasında sülh, barış yaratmaq kimi bəşəri məqsəd üçün ordadırlar. Bundan sonra Qarabağa köçəcək azərbaycanlılar erməni silahlı dəstələrinin xidmət çəkdiyi ərazilərdə necə məskunlaşa bilərlər, onların təhlükəsizliyinə kim zəmanət verəcək? Ümumiyyətlə, bu halın özü Azərbaycancanın suverenliyinin şübhə altına düşməsidir, çünki belə olacağı təqdirdə ölkəmizin yuridiksiyasının Dağlıq Qarabağda işləməsi mümkünsüz görünür.

Azərbaycan respublikasının prezidenti Ilham Əliyev hər fürsətdə bəyan edir ki, Qarabağda hansısa idarəetmə təsisatı mövcud deyil, xalq dililə, onu cəhənnəmə göndərdiyini tez-tez xatırladır. Ancaq qondarma "rejimin" TŞ rəhbəri Balasanyan belə hesab etmir. O, terrorçu xuntanın hələ də fəaliyyətdə olduğunu bildirir, ruslarla bərabərhüquqlu formatda idarəetmə sistemini yenidən şəkilləndirdiklərini bəyan edir, sən demə, bütün qərarlar qarşılıqlı məshətləşmə yolu ilə verilirmiş. O, bununla həm də elə təəssürt yaradır ki, guya rus sülhməramlıları da onların sözüylə oturub-durur, bir növ onlardan asılıdırlar. Rus sülhməramlılarının öz vəzifələrinin öhdəsindən gələ bilməmələri tablosunu yaratmaqla, hərbi cani Balasanyan bir növ Rusiyanın həm regiondakı, həm də dünyadakı imicinə ağır zərbə vurmaq hədəfi götürə bilərmi? Bel bir cəsarəti o yalnız erməni xislətindən alır, yoxsa konkret ona verilmiş ssenari üzrə öz oyununu oynayır?Etiraf edək ki, onun Azərbaycanda da birmənalı qarşılanmayan açıqlamarı ciddi polemikalara səbəb oldu və Rusiyanın bölgədəki maraqlarına qarşı yönəldiyi görüntüsünü yaradan bu sərsəmləmələrlə bağlı rəsmi Kremlin susması Azərbaycan xalqını və cəmiyyətini ciddi şəkildə narahat edir. Azərbaycan hökumətinin baş verənlərlə bağlı Rusiyadan izahat tələb etməməsi də cəmiyyəti əndişə içində saxlayan başqa bir anormal haldır.

Məncə, Balansanyanın guya sadəcə olaraq ermənilərin Qarabağla bağlı narahatlıqlarını yumşaltmaq, onların könlünü almaq məqsədilə bu cür açıqlamalar verdiyini düşünmək də sadəlövhlük olardı. Çünki erməni xisləti onların sabah ruslarla da düşmənçilik edə biləcəyini istisna etmir.

Hazırda görünən odur ki, Rusiya dövləti öz adının hallandığı şayiələrə sanki göz yumur və proseslərin hansısa həddə qədər gərginləşəcəyini gözləyir. Belədirsə, Azərbaycan xalqının və cəmiyyətinin, artıq nə yuvanın quşu olduqlarını bildiyi ermənilərin bundan sonra Qarabağda nə kimi siyasi hoqqabazlıqlar törədəcəkləri barədə narahatlıqları əsaslıdır. Ermənilər anlamalıdır ki, azərbaycanlılarla ya mehriban qonşuluq şəraitində sülh və barış içində yaşamalıdırlar, ya da yaşamalıdırlar. Başqa seçim yoxdur. Başqa seçim yalnız o ola bilər ki, ümumiyyətlə, baş götürüb Cənubi Qafqazı tərk edələr. Yox, əgər ermənilər yenidən Azərbaycanın suveren ərazilərində at oynatmaq sevdasına düşəcəklərsə, o zaman aqibətlərinin daha fəlakətli olacağına kimsənin şübhəsi olmasın. Bu halda nə Putin, nə Makron, nə də Bayden onlara kömək edə biləcək.

Cəmiyyətin iddia etdiyi kimi, Azərbaycan hökuməti nə qədər səssiz görünsə də, sirr deyil ki, baş verənlərdən çox narahatdır. Aydındır ki, prezident Əliyev səhv etmək istəmir, yəni, qaş düzəltdiyi yerdə vurub göz çıxarmaqdan uzaqdır. Ancaq çox narahat olduğu da bəllidir. Çünki bu hadisələrin baş verdiyi indiki vaxtda Azərbaycanın kütləvi informasiya vasitələrinin hökumətyönlü seqmentində Rusiyanı, onun sülhməramlı hərbi kontingentinin çox sərt formada tənqid olunması maraq doğurmaya bilməz. Ehtimal olunur ki, hökumətdə rəsmi Moskvanın son zamanlar bölgəylə bağlı yürütdüyü şübhəli siyasətə dair narahatdoğurucu məxfi məlumatlar var. Məsələ burasındadır ki, müharibənin gedişində və ondan sonrakı bir ay müddətində Azərbaycan cəmiyyətində Rusiyanı tənqid etməmək, "söyməmək"lə bağlı qeyri-rəsmi göstərişin olduğu heç kimə sirr deyildi. Birdən-birə son dərəcə kritik materialların, açıqlamaların, bəyanatların tirajlanması da sübut edir ki, rəsmi Bakı xalqımızın yüz illər boyu başına gətirilən bütün müsibətlərin "hazırlandığı" Kreml divarları arasında oturanların davranışından çox narazıdır. Ehtimal var ki, yaxın zamanlarda fransızlar kimi, rusların da yarım cırıq maskası tamamilə yırtılacaq və əsl həqiqətlər üzə çıxacaq. Ona qədər xalq, cəmiyyət və dövlət olaraq sayıqlığımızı itirməməkdə fayda var.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi
Son xəbərlər
Bütün xəbərlər »