Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın qorxulu kabusu: Bozqurdlar!
Ermənistanın qorxulu kabusu: Bozqurdlar!

Rusiyada bu təşkilatın əl-qolunun uzandığını iddia edən ermənilər, rəsmi Moskvanı bu planda ayıq-sayıq olmağa çağırırlar...

Erməni teleqram-kanallarının, media quruluşlarının diqqətini bir məsələ çox çəkib, daha doğrusu, ağıllarını qarışdırmağa başlayıb: Bozqurt işarəsi! Narahat olmağa başlayıblar bundan, bu işarəni əliylə tutan hər kəsi Böyük Turan ideologiyasının daşıyıcısı hesab edirlər, ən çox əndişələri isə bu işarənin artıq Türkiyənin, Azərbaycanın sərhədlərini aşaraq özünə Rusiyada, Mərkəzi Asiyada, hətta Çində belə tərəfdar tapması, yayılma arealının hər gün genişlənməsidir. Bu mövzu ilə bağlı ermənilərin bir yazısı maraqlı olduğu üçün oxucularımızla paylaşmaqda fayda var düşündüm.

Azərbaycanın həyata keçirdiyi 44 günlük Böyük Vətən Müharibəsində döyüşən əsgər və zabitlərin əllərilə "Bozqurd işarəsi" tutmasıyla başlayan yazıda (@togarma301) deyilir: "Dağlıq Qarabağ münaqişə zonasındakı Azərbaycan silahlı qüvvələrinin çoxsaylı foto və videolarına baxanda, praktiki olaraq əksər azərbaycanlı hərbçilərin kameralara (Bakıdakı paradda onlara minlərlə sıravi vətəndaşlar da qoşumuşdu) göstərdiyi işarəni görməmək çətin deyil: sağ ya sol qolun yuxarıya doğru uzanmasıyla bir xarakter ifadə edən, daha çox zəhmli Qurdu xatırladan işarə: Bozqurdlar işarəsi!

Boz Qurdlar

Bozqurd ("Boz qurdlar") - Türkiyənin Milli Hərəkat Partiyasının (MHP) patronajlığı altında mövcud olan gənc ultrasağçı millətçilərin təşkilatı. 1970-ci illərdə siyasi basqınlarda aktiv iştirak ediblər. Hətta təşkilatın hərbiləşmiş qanadından olan üzvləri bir sıra siyasi qətllərdə və cinayətlərdə ittiham olunublar. Onlar arasında ən məşhur hadisə Roma Papası II Iohan Pavelə qarşı suiqəsd aktı olub. 1990-cı ildən başlayaraq, kürd separatçı hərəkatı və etnokonfessional azlıqlarla mübarizəyə qoşulublar. 2015-ci ildən sonra isə Ərdoğanın hakim islam partiyasının yaxın müttəfiqidir".

 Yazıda daha sonra Türkiyənin hava məkanını pozan və Suriya səmasında vurulan Rusiyaya aid "Cy-24" bombardmançı təyyarəsi xatırlanır və qeyd edilir ki, paraşütlə yerə enən rus pilota güllə atan türkmənlər də Bozqurdlar olublar: "...Günlərin bir günü Suriya səmasında Rusiyaya aid "Cy-24" bombardmançı təyyarəsi Türkiyə qırıcısı tərəfindən vurulur, xilas olan rus pilot müdafiəsiz şəkildə paraşütlə aşağı enərkən Suriyalı türkmanlar ona atəş açmağa başlayır və bu videolentə alınır, daha sonra suriyalıların video-müsahibəsi ortaya çıxır, həmin kadrlara baxış sayı internetdə rekord vurur və rus ictimaiyyəti Bozqurdları ilk dəfə bu videodan daha yaxından tanımaq fürsəti qazanırlar. Tezliklər onların liderinin kimliyi bəlli olur - Alparslan Çelik, MHP funksioneri və onun hərbiləşdirilmiş gənc qanadının aktiv olan üzvünün oğlu.

Dövlər Bağcalı - Boz Qurdlar

Təşkilatın ideologiyasının əsasında faşizm və pantürkizm yatır - Böyük sekulyar Türkiyə arzusu, müsəlmançılıq yox, əsasən qan bağlılığı əsasında bütün "Turan" xalqlarını bir imperiya altında birləşdirmək ən böyük hədəfləridir. Bu ideya avtomatik olaraq Bozqurdları o ölkələrə düşmən edir ki, həmin dövlətlərdə türkdilli azlıqlar yaşayır, məsələn, Rusiya, Iran və Çin Xalq Respublikası kimi.

Bəzi ölkələrdə Bozqurdlar rəsmi olaraq terror təşkilatı kimi tanınıb, Rusiyada da oxşar çağırışlar olub, ancaq bu günə qədər terror təşkilatları siyahısına salınmayıb.

"Boz qurdlar"ın addım səsləri indi bütün Rusiya ərazisində eşidilməkdədir. Bu gün Qafqazda, Tatarstanda, Başqırdıstanda Bozqurdların özəkləri mövcuddur.

Hərəkatın Qafqazda yayılma mərkəzi, əsasən əhalisinin böyük hissəsini türklər təşkil edən Dərbənd şəhəri hesab olunur. Neonasist təşkilat olan "Boz qurdlar" azərbaycanlıların təkcə hansısa marginal düşünən hissəsinin hislərindən istifadə etmirlər, eləcə də, bir çox ictimai təşkilatlar, həmçinin Dağıstan rəhbərliyinin bəzi rəsmilərinin də bu hərəkata xüsusi rəğbət bəslədikləri artıq sirr deyil.

Tatarstanda "qurdların" ideyalarından tatar gənclərinin birliyi olan "Azadlıq" təşkilatı da xüsusi ilham alır. Bu təşkilatın Kazanda nəşr olunan tam formatlı 15 səhifəlik "Türk baxışı" dərgisi bu mənada xüsusi seçilir. Qəzetin redaktoru Nail Naibullin 2016-cı ildə Türkiyədə səfərdə olarkən MHP-nin yerli gənclər qanadının liderilə görüşlərdə olub və hazırda MHP-nin gerbi tatar gənclərinin birliyinin bayrağını və "Türk baxışı" qəzetinin birinci nömrəsini bəzəyir".Boz Qurdlar

Erməni teleqram-kanalı mövzunu biraz da genişləndirərək Bozqurdların Krım məsələsində də aktiv olduğunu iddia edir, hətta Krım uğrunda savaşanlar arasında "boz qurdlar"ın da olduğunu yazır: "...Krım məsələsi Bozqurd təşkilatının da diqqətindən kənarda qalmadı. Onlar, hətta şərti adı "Krımın blokadası aktivistləri" adlanan qanadına real güc dəstəyi də veriblər, bu silahlı dəstəyə əsasən Krım-tatar məclisinin keçmiş liderləri və onları aktiv şəkildə dəstəkləyən "Əsgər" təşkilatının üzvləri aiddir. Həmin qüvvələr Krımda yarımadanın yarısını elektriklə təmin edən elektrik xətləri qüllələrini partlatmış, bundan başqa, Krımda faktiki qida sektorunda blokadaya səbəb olmuşdular. Krımdakı enerji blokadası əməliyyatının məşhur təşkilatçılarından olan Lenur Islamovun sonradan "Boz qurdlar"la yanaşı fotosu "üzə çıxarıldı". Bu adam açıq şəkildə sözügedən qüvvəyə Krıma silahlı hücum təşkil etməyə hazırlaşan bir güc kimi baxırdı. Ona tanınmamış Krım-tatar məclisinin lideri Refat Çubarov da dəstək verib. Bu adam yarımadanı hərb yolu ilə ələ keçirmək ideyasını səsləndirənlərdəndir və bildirib ki, sözügedən əməliyyatda "Əsgər" təşkilatının radikal militanları və türkiyəli muzdlular iştirak edəcəklər".

Məqalə müəllifi həyəcanla qeyd edir ki, bir çox ekspertlərin Böyük Turan gerçəkliyini müzakirə etdiyi bir vaxtda, bu ideyanın əsas və radikal daşıyıcılarının, təqibçilərinin özəkləri Rusiyanın bütün ərazilərində kök atmaqdadır. Adam xatırladır ki, Rusiyanın türk kökənli əhalisi 15 milyondan çoxdur və sual edir ki, onlar arasında radikalların sayı görəsən nə qədərdir?!

Göründüyü kimi, Azərbaycanın 44 günlük müharibədə əzici üstünlüklə qalib gələrək əzəli torpaqlarını erməni işğalından azad etməsini həzm edə bilməyən, bu işdə Türkiyənin də rolunun danılmaz olduğunu, az qala bütün söhbətlərinə mövzu edən ermənilər, indi də ruslarla türk toplumları arasına nifaq salmaq üçün Bozqurd kabusu altında rəsmi Moskvanı Böyük Turan ideyası qorxutmağa başlayıblar. Böyük Turan ideyasının həqiqətən Avropanın şərqindən Çinin qərbinə qədər geniş zəngin bir ərazidə yaşayan 390 milyonluq bütün Türk toplumlarının ən böyük hədəfi olduğu kimsəyə sirr deyil və bu birlik həqiqi mənada yaranacağı halda, dünyada, əsasən də Avrasiyada güc balansının türklərin xeyrinə dəyişəcəyi kimsədə şübhə doğurmur. Elə buna görədir ki, dünya gücləri tərəfindən belə bir birliyin, gücün formalaşmasının qarşısını almaqdan ötrü çeşidli regional, siyasi-iqtisadi əngəllər yaradılır. Bütün bu maneələrə rəğmən son illərdə Türkiyə, Azərbaycan, Qazaxstan, Qırğızıstan, Türkmənistan və Macarıstanın (Ukrayna da müşahidəçi qismində birliyə qoşulmaq niyyətini bildirib) birgə təşkil etdikləri Türk Dövlətləri Şurası bu planda ümid yaradan təşəbbüslərdən sayıla bilər. Hətta Turan Ordusunun yaradılması barədə də prinsipial razılığın olduğu haqqında xəbərlər zaman-zaman mətbuatda işıqlandırılır. Etiraf edək ki, ermənilərin qorxulu kabusuna çevrilən Bozqurdlar və onların Böyük Turan ideyası zamanın ən yeni çağırışı kimi, bir gün türk toplumlarının həqiqi birliyi kimi dünya siyasətinin hesablaşacağı bir gerçəklik olacaq.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi
Son xəbərlər
Bütün xəbərlər »