Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dərman alverində Bəhlul Danəndə üslubu - Cibə xeyirli koronavirus
Dərman alverində Bəhlul Danəndə üslubu - Cibə xeyirli koronavirus

Deyrlər kiminin divanə, kiminin müdrik hesab etdiyi Bəhlul Danəndə ölkəsinin siçovul və siçan basqınından əziyyət çəkdiyi bir il dolanmaq üçün bazara çıxıb siçan zəhəri satmağa qərar verir. Bir topa tozu təpəcik kimi qabağına toplayıb başlayır müştəri haraylamağa. “Ay yaxşı siçan zəhəri var. Bahadı, amma bundan başqa yerdə yoxdu, gəl ay müştəri…”.

Müştərilər Bəhlul Danəndənin çağırışına toplaşıb maraqla toz topasına baxırlar. Hərə bir ovuc alıb daşıyır. İş o yerə çatıdr ki, toz üstündə dava düşür. Bəhlulun da pul kisəsi get gedə şişir, böyüyür. Gələn müştəridən biri “siçan zəhərini” alıb bir-iki addım uzaqlaşandan sonra qayıdır geri, sual edir ki, ay Bəhlul, mən bu zəhədən nə təhər istifadə edim?

Bəhlul qımışsa da, ağıllı bir görkəm alıb başlayır izaha.

- Siçanı tutursan, ağzını açırsan, bu zəhərdən bir çimdik atısan onun ağzına. Sonra quyruğundan tutub bərk fırladıb çırpırsan yerə.

Adam mat məətəl baxır Bəhlula.

-Qadan alım, siçanı tuta bilsəm elə vurub öldürərəm də, ağzına zəhər niyə tökürəm?

-A kişi sən siçanı nə yolla öldürürsən öldür, əsas odu mənim zəhərim satılsın.

Necə də günümüzlə ayaqlaşır deyilmi? Pandemiya gələndən dərman qıtlığı, adını, faydasını bilib bilmədiyimiz onlarla preparatın baha qiymətə alınıb həm cibimizə, həm canımıza zərər verməsi.

Pandemiya elan ediləndən dərman istehsalı və satışı bütün dünyada çiçəklənmə dövrünü yaşayır. Elə Azərbaycanda da dərman biznesi ən sərfəli və gəlirli sahəyə çevrilib. Bir çox hallarda saxta və yararsız dərman idxalı insanların həyatına son qoyur. Hesablamalara görə, bütün dünyada saxta dərmanlar ümumi dərman dövriyyəsinin 10, bəzi ölkələrdə isə hətta 50 faizini təşkil edir.Lakin bu gün saxta dərmanlardan yox, rekalm olunub, effektiv, keyfiyyətli satılan dərmanlardan danışacam.

Almaniyada aparılan araşdırmalara görə, koronavirusun müalicəsində ən əvəzsiz dərmanlardan hesab olunan "Favipiravir" əslində faydadan çox ziyan verirmiş. O "Favipiravir" ki, apteklərdə satış qiyməti 40 manat olsa da,əl altından 500-1500 manatadək alıcı tapır.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev Bizimyol.info-ya deyib ki, Azərbaycanda bir sıra həkimlərin dediyi kimi yüksək effektivli müalicəsi iddiası yanlışdır.Doktor qeyd edib ki, "Faviripiravir"lə müalicə bir çox ciddi müalicə protokollarına daxil edilməyib. Onun yüksək effektivli müalicəsi iddiası yanlışdır. Uzun müddətli istifadəsi hiperurikemiyaya səbəb ola bilir

Nurlan Abdullayev bildirib ki, "Faviripiravir” hamilə qadınların sağlamlığına da təsir edir. Bu preparat hamilə qadınlarda embrionun qüsurlu inkişafı ilə nəticələnə bilər .

Bu müddət ərzində koronavirus barəsidə yayılan qorxunc əfsanələr insanların hələ xəstələnmədən, yanlış dərman istifadəsinə,bu səbəblə də çoxlu sağlıq problemləri yaşamasına gətirib çıxardı. Qaş düzəltmək istəyərkən göz çıxartdıq. Ağciyərləri qorumaq üçün, çox adam qaraciyərinə ağır zərbələr vurdu. Bu heç kimə sir deyil ki, hər bir dərmanın yan təsiri var. Bir orqana faydalıdırsa , bir başqa orqana zərərlidir.

Yəqin bir müddət sonra reklam olunaraq qiyməti ceyran belinə qaldırılan bir çox mətah dərmanlar barədə eyni fikirləri eşidəcəyik.Bu dərmanlar bizim sağlığımızdan çox, kimlərisə ciblərinə faydalı olacaq.

Hazırda Azərbaycanın əczaçılıq müəssisələrində Hindistan, Çin, İtaliya, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniya, İsrail kimi ölkələrindən gətirilən dərmanlar üstünlük təşkil edir. Həmin dərmanların qiyməti və keyfiyyəti də onların hansı ölkədən gətirilməsinə əsasən müəyyən edilir. Bazardakı dərmanların çoxu nəzarətdən kənar şəkildə apteklərə daxil olur, səhiyyə orqanları dərmanların keyfiyyətinə nəzarət edə bilirmi?

Bu çətin günlərimizdə TƏBİB-in də nazirliyin də dərman çatışmazlığı ilə bağlı verilən çoxsaylı suallara rutin və anlaşılmaz cavablarını yəqin hamı eşitdi.

Anlaşılan odur ki, koronavirusun müalicəsində dərmanlarla yanaşı psixoloji gərginliyin az olması da mühüm rol oynayır. Virusdan çox qorxudan ürəyi partlayanlar, həyəcan nəticəsində beyninə qan sızanlar, təzyiqin, şəkərin yüksəlməsi səbəbi ilə ölənlər var. Bu günlərdə koronavirusdan sağalıb efirə çıxmış aparıcılardan biri xəstəxanada psixiatr yardımı aldığını söylədi. Çünki əslində halı o qədər də ağır deyilmiş, stress onu daha çox halsız edib.

Dünya bir oyunla çalxalanmaqdadır.Kütləvi psixoz yenə uğurlu alət kimi istifadə olunur. Kütləvi psixozla bu dünya nə müharibələrə, nə inqilablara, nə qan qadalara şahid oldu. Siz siz olun, küyə getməyin.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »