Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda atəşkəsin pozulması kimlərə sərf edir...
Qarabağda atəşkəsin pozulması kimlərə sərf edir...

Paşinyan hakimiyyətdə qaldıqca Rusiya və Qərb aralarındakı gərginliyi Qarabağa daşıya bilərmi?

Bayden iş başına keçənə kimi Putin administrasiyası Ermənistanı ram edib Qarabağda möhkəmlənmək hədəfi seçib

Qarabağda vəziyyət yaxşı deyil, kövrək sabitlik yenə pozulub. Hələ hadisədən bir neçə gün qabaq yazmışdıq ki, Rusiya Federasiyası (RF) prezidenti Vladimir Putin təhlükəsizlik şurasının iclasındakı çıxışında bölgədə vəziyyətin qismən stabil olduğunu, ancaq bununla belə, ümumi gərginliyin hökm sürdüyünü və hər an münaqişənin alovlana biləcəyi ehtimalının qaldığı vurğulanmışdı. Eyni konteksdə RF müdafiə nazirliyinin bir general əməkdaşı təkrar eyni narahatlığı bölüşmüşdü. Bütün bunlardan sonra bildirmişdik ki, bu açıqlamalar təsadüfi deyil, ruslar Qarabağda yenə hansısa məkrli plana zəmin hazırlamaqdan ötrü bir arapozanlıq sala bilər, ona görə dövlət və xalq olaraq ayıq-sayıq olmalıyıq. Təəssüf ki, necə demişdik, elə də baş verdi. Hansısa yollarla Hadrutda peyda olan qanunsuz erməni silahlı dəstələri ordumuzun mövqe seçdiyi yerlərə basqın ediblər, nəticədə yenə Şəhidimiz və yaralımız var.

Düzü, bütün bu baş verənlərin Cənubi Qafqazda öz "hesab-dəftəri" olan yoldaş Putinin, onun generalının çıxışları ilə nə kimi əlaqəsi var, bilmirəm, ancaq bəllidir ki, rus sülhməramlı kontingenti ermənilərin törətdiyi, planlaşdırdığı hər şeyə çox etinasızdırlar. Üzərlərinə düşən işi ya görə bilmirlər, ya da görmək istəmirlər, daha doğrusu, belə bir məsuliyyəti və cavabdehliyi hiss etmirlər özlərində. Bura Azərbaycan tərəfinin məsələyə aşırı dərəcədə dözümlü və loyal yanaşmasını da əlavə etsək, mənzərə aydın olar. Hadisələri qabaqlamaq yerinə, Azərbaycan hökuməti baş vermiş olayların arxasıyca sürünür sanki. Mütləq bir şəhid, ya itki bahasınamı biz hansısa addımlar atmağa məcbur olmalıyıq? Axı cəmiyyət olaraq bu barədə hər saat, hər gün yazırıq, məlumat paylaşırıq, qənaətlərimizi bölüşürük, olmazmı bunlara biraz daha diqqətli, sayğılı yanaşılsın, eşidilsin, müzakirələr aparılsın, qabaqlayıcı tədbirlər görülsün?! Ən azı, 44 günlük müharibə dövründə yaxşı ənənə kimi yadda qalan prezidentin köməkçisi Hikmət Hacıyevin və MN nümayəndəsinin brinfinqlərinin bərpa olunmasının faydası var.

Indi hamını düşündürən budur ki, hətta rus sülhməramlılarının belə mövcudluğu Qarabağa çoxdan arzulanan sülhü, barışığı gətirmədi, hazırda sülhdən çox uzağıq. Erməni cəmiyyəti qaynayır, qisas hissi ilə, revanş götürmək, yenidən müharibəni qızışdırmaq xətti tutublar. Artıq 10 noyabr atəşkəsə və sülhə məcburetmə Bəyannaməsindən sonra ikinci dəfədir ki, saziş məhz ermənilər tərəfindən pozulur. Çoxları bəlkə deyə bilər ki, əşi, qanunsuz silahlı dəstələrdən Bəyannamənin tərəfi olan Ermənistana nə? Xeyr! Bu münaqişədə hüquqi planda iki tərəf var: Azərbaycan və Ermənistan, bir də onlar arasında sülh yaratma vasitəçiliyini öz üzərinə öhdəlik kimi götürmüş Rusiya Federasiyası var! Baş verən hər bir insidentdən bu ölkələr cavabdehlik daşıyırlar. "Laçın dəhlizi" faktiki terrorçuların əllərini-qollarını sallayaraq Azərbaycanın suveren ərazilərinə daxil olduğu bir "terror dəhlizi", "separatizm dəhlizi" olub desək, yanılmarıq. Biz indi də təklif edirik ki, rus sülhməramlılarının Üçtərəfli Bəyannamədə əksini tapan "5 km-lik dəhliz patrul zolağı" məsələsi öz yerində qalmaq şərtilə, sırf Laçın istiqamətində olan Azərbaycan-Ermənistan sərhədinə bir nəzarət-keçid məntəqəsi qoyulmalıdır. Razıyıq ki, bu nəzarət keçid məntəqəsi rus hərbçiləri ilə yanaşı Azərbaycan sərhədçiləri tərəfindən həyata keçirilsin. Ən azı, bu zolaqdan hər gün, hər saat keçən ermənilərin kimliyi, nə daşıdıqları barədə Azərbaycanın xəbəri olmalıdır, axı nəticə etibarilə adamlar Azərbaycanın suveren ərazilərinə daxil olurlar, bu qədər də özbaşınalıq, dərəbəylik dövlətçiliyimizə qarşı sayğısızlıqdır, fərqli bir zərbədir. Nəticədə, Hadrut, Zəngilan olayları kimi hadisələr baş verir və Azərbaycan acı itkilərə məruz qalır.

Indi gələk baş verən bu son hadisənin səbəb və nəticələrinə. Əlbəttə, bütün bunlar təsadüfi olaylar deyil. Bir neçə versiya üzərindən saf-çürük edə bilərik. Hazırda cəmiyyətdə gedən müzakirələrə diqqət etsək, çoxları bu olayları rəsmi Moskvanın siyasi şıltaqlıqlarına bağlayır. Əsaslandırılmış arqumentləri də az deyil. Çünki günlər əvvəl ilin yekunlarına dair rus cəmiyyətilə sorğu-sualında Qarabağa yerləşdirilmiş rus sülhməramlılarının sayının artırılıb-artırılmayacağı barədə suala Putin ikibaşlı cavab vermişdi. Demişdi ki, əslində, mümkündür bir şərtlə ki, gərək tərəflər bunu istəsin. Siyasəti bilənlər dərhal anlayırlar ki, bu, birbaşa Azərbaycan rəhbərliyinə yönəlmiş çağırışdır. Çünki tərəflərdən biri ermənilərdir, yəqin ikiəlli razı olarlar ki, rusların Qarabağda sayı 1960 yox, 10960 nəfər olsun. Sualları əvvəlcədən hazırlandığı ehtimalı istisna edilməyən bu məlum sorğu-sualın üstündən heç 4-5 gün keçməmiş, Hadrutda baş verən ikinci terror hadisəsi belə bir ehtimalı gücləndirir ki, ruslar say azlığının ərazidə ciddi patrul xidməti göstərib əmin-amanlığı təmin etməkdə yetərsiz qalmaları görüntüsünü yarada bilərdilər. Ancaq bu versiya mənə biraz inandırıcı gəlmir. Çünki hadisələr rusların nəzarətə cavabdeh olduqları ərazilərdə yox, ondan kənarda, sırf Azərbaycan ordusunun mövqelərində yaşanır. Bu planda heç ruslardan hansısa mədət ummağımız da doğru deyil.

Başqa bir versiya budur ki, Qərb ölkələri hələ də, Rusiyanın ATƏT prinsiplərini pozaraq, özbaşına və təkbaşına sülhməramlı mandat təyin edib, Qarabağa bu şəkildə soxulmasını həzm edə bilmirlər. Rusiyanın, Qərb ölkələrinin də az real iqtisadi-siyasi maraqları olmayan Avropanın "qulağının dibində" belə at oynatması köhnə qitədəkiləri narahat etməyə bilməz. Əlbəttə, onların da bu vəziyyəti dəyişmək üçün bir sıra tədbirlər planlaşdırdığı, hətta müəyyən müdaxilələr etdikləri istisna olunmur.

Xatırlayırsınızsa, prezident Əliyev iki həftə əvvəl ATƏT həmsədrlərini qəbul edərkən, qəfil, heç mövzu gərəyi olmadan, əsasən də Fransalı həmsədrin gözünün içinə baxaraq, Hadrutda baş verən ilk iri atəşkəs pozuntusu, daha doğrusu, prezidentin təbirincə, ermənilərin törətdiyi terror olayları barədə məlumat verməyə başladı, danışıq tərzi və jestikulyasiyalardan da anlaşıldı ki, dövlət başçısı çox qəzəblidi, həm də məlumatlıdı. Ardınca erməniləri bir daha hədələdi, dedi ki, bir də belə olaylar təkrarlansa, bu səfər qarşıya çıxan ermənilər birdəfəlik məhv ediləcək. Prezidentin məsələni bu şəkildə qoyması, onun bir növ, hansısa məxfi məlumatlara məxsus olması və baş verən olaylarda məhz Qərbi, konkret Fransanı günahlandırırmış təəsüratını yaratdı. Elə bil demək istədi ki, "...biz bilirik bu hadisələr niyə baş verir və məlum qüvvələri hansı dairələr "runlandırır", gedin onlara deyin ki, ağıllarını başlarına toplasınlar, yoxsa aqibətləri heç yaxşı olmayacaq". Hətta bu görüşdən sonra mətbuata Fransa kəşfiyyat orqanlarının qanunsuz erməni silahlı dəstələrilə şübhəli əlaqələrinin ola biləcəyi barədə məlumarlar da sızdı. Versiya da bu idi ki, fransızlar bütün rıçaqlarını işə salıblar, o görüntünü yaratsınlar ki, guya ruslar təkbaşına Qarabağda stabilliyin qarantı ola bilmirlər, yetərsizdirlər, ermənilər yenə köməksizdirlər, bununla həm də erməni cəmiyyətində Rusiyaya olan etimad hədəfə alınır. Eyni zamanda, Fransa ilə elə də sıx münasibətdə olmayan Ermənistan baş naziri Nikol Paşinyana problemlər yaratmaq məqsədi güdülür, çünki məlum Üçtərəfli Bəyannaməyə imza atan Paşinyanın bu barədə Fransa prezidenti Makronu əvvəlcədən məlumatlandırmaması, el dililə desək, onunla bu mövzuda gəyəşməməsi, faktiki ATƏT-in həmsədr ölkəsi Fransanı oyundan kənar buraxması fransızları çox məyus edib. Hazırda Ermənistanda Paşinyanın taxtdan salınmasını arzulayan və bu yöndə iş görən ölkələrdən biri də elə Fransadır.

Qarabağda qeyri-stabilliyin olması, tez-tez atəşkəsin pozulması və daim gərginliyin saxlanması ilə bağlı üçüncü, məncə, üzərində dayanılması daha ciddi bir versiya var. Bəllidir ki, Paşinyanın istefasını istəyən siyasi qüvvələr hələ də öz istəklərinə nail ola bilmirlər. Ermənistanın indiki baş nazirinə qarşı birləşən, biri parlament müxalifəti olmaqla 17 siyasi təşkilat meydanlara Paşinyanı devirə biləcək sayda insan toplaya bilmir, bunu artıq özləri də etiraf edirlər. Vəziyyəti belə görən Paşinyan daha ürəkli addım ataraq, 2021-ci ildə özünün yenidən namizədliyini irəli sürəcəyi yeni Parlament seçkilərinin anonsunu verdi. Ancaq özgüvəni olmayan və qələbə qazanacaqlarına şübhə ilə yanaşan müxalifət bu qərarı da süngüylə qarşıladı. Paşinyan isə israr edir ki, əgər xalq məni bir daha baş nazir görmək istəmirsə, bunu hay-küysüz, legitim qaydada seçkidə ifadə etsin. Əslində, müharibəni uduzmuş Nikola nifrət də yetəri qədərdir erməni xalqında və cəmiyyətində, sadəcə, məsələ burasındadı ki, xalq Paşinyanı devirib siyasi hakimiyyəti özünün cana doyduğu əvvəlki "köhnə korrupsioner və quldur" dəstəyə ötürmək istəmir, ona görə xalqın ən pislər içində ən yaxşı variant kimi qərbyönümlü Paşinyana dəstək verəcəyi şübhə doğurmur.

Bu gün Paşinyanın baş ağrısı heç də parlamentdənkənar müxalifətin etirazları deyil, çünki siyasi qətiyyəti və ağıllı addımları ilə o cinahı hələ ki, nəzarətdə saxlamağı bacarır. Paşinyanın əsl baş ağrısı Sünik və Qafan istiqamətində olan sərhədlərin təxribatsız delimitasiya və demarkasiya edilməsi, həmin ərazilərdə təhlükəsizliyin təmin olunması, erməni cəmiyyətində təzyiqi daha çox qaldıran məsələ kimi, əsirlərin tez bir zamanda geri qaytarılması və itkin düşən hərbçilərin tapılıb sahiblərinə təslim edilməsidir. Bu prosesə mane olub Ermənistan daxilində yenidən qarışıqlıq salmaq istəyən qüvvələr Qarabağda təptəzə münaqişə ocaqları yarada bilərdilər ki, bunu da Hadrutda edirlər təəssüf ki. Sözügedən hadisələr fonunda Azərbaycan cəmiyyətinə bomba kimi düşən aşırı emosional gərginliklərə, söz-söhbətlərə, ermənilərlə barışın, sülhün mümkün olmaması qənaətinə, baş verənlərə etinasız və vecsiz yanaşan rus sülhməramlılarına qarşı hiddətin artmasına, hökumətdən qəti tədbirlərlə bağlı tələblərə normal yanaşmaq lazımdır. Baxın, indi ən son Hadrut və Zəngilan istiqamətində baş tutan təxribatlardan sonra Azərbaycan tərəfi nə etməlidir? Təbii olaraq, dərhal təhlükəsizlik tədbirləri gücləndiriləcək, ermənilərlə bir çox məsələlərdə kövrək razılaşmalar ertələnəcək, hətta başlanmış siyasi dialoqun dayandırılma ehtimalı da var. Mümkündür ki, əsirlərin qaytarılması qeyri-müəyyən vaxta qədər təxirə salınsın, itkin düşmüş, hələ tapılmayan meyitlərin axtarılması tormozlansın və erməni axtarış qrupları ordumuzun nəzarətində olan ərazilərə buraxılmasın. Eyni zamanda, bu proseslər məcbur edəcək ki, hərbi bölmələrimiz Sünik və Qafan istiqamətində daha da irəliləsin (xatırlayırsınızsa, bu yaxınlarda tərəflər sərhəddən müəyyən məsafəyə qədər geri çəkilmək barədə razılıq əldə etmişdilər) və ərazimizdən keçən əsas magistral yolu nəzarətə götürsünlər. Bütün bunlardan sonra nə baş verəcək? O baş verəcək ki, Sünik və Qafan vilayətlərinin əhalisi yenə etiraza qalxacaqlar, əsir və itkin düşən şəxslərin yaxınları küçələrə axışıb hökümət evini "topa tutacaqlar", artıq ermənilərin hökumət binalarına daxil olub necə dağıntılar etdiyini, hökumətin işini, faktiki, iflic etdiklərinin bir neçə dəfə şahidi olmuşuq.

Paralel olaraq, baş nazirin qeyd-şərtsiz istefasını tələb edən müxalifət də son olayların fonunda formalaşmış həmin etirazçı qüvvələri Paşinyana qarşı rahat istifadə edə biləcək. Ölkədə siyasi xaos yaradıb bu qorxunc dalğada Paşinyanın hakimiyyətinə son qoymaqla, müxalifət Rusiyanın patronajlığı ilə baş tutan atəşkəsə və sülhə məcburetmə ilə əlaqədar Üçtərəfli Bəyannaməni pozub Qarabağda yeni müharibənin başlanmasını elan etməyə hazırlaşa bilər. Erməni siyasətçilər arasında xalqın inamını özünə qaytarmaq üçün belə sərsəm iddialarla kütlə qarşısında çıxış edənlər olsa da, çoxları başa düşür ki, hətta hakimiyyətə gələcəkləri halda, Rusiyanın, konkret Putinin içində olduğu prosesi pozmağa cəhd etmək özünəqəsddir. Bəllidir ki, bu qüvvələr də, ən uzağı, Rusiya ilə uzlaşaraq əlbir olub, Qarabağ məsələsində Azərbaycandan yeni nələrsə qoparmağa çalışacaqlar, bu isə nə dərəcədə mümkün olacaq hələ bəlli deyil.

Əslində, gəlin fikirləşək görək bu təxribatlar kimə sərf edir? Mövzudan çox kənara çıxmadan bildirək, Hadrutda baş verən terror olaylarını analiz edərkən anlamaq olur ki, Ermənistan hərbi elitasında psixoloji olaraq revanşizmə köklənən çox sayda qüvvələr var. O da həqiqətdir ki, həmin qüvvələr köhnə siyasi elitalarla, konkret desək, şərti adı "Qarabağ klanı" olan Koçaryan-Sarkisyan xəttinə çox sıx bağlıdırlar. Sonuncuların rəsmi Kremllə isti münasibətləri isə kimsədə şübhə doğurmur. Putin administrasiyası da çox istəyərdi ki, hazırda Ermənistanda siyasi hakimiyyət heç bir Qərb ölkəsinə, konkret ABŞ-a bağlı olmayan, sırf onların himayəsində olan məşhur "Fatı otur, Fatı qalx" miskin köləlik həyatını yaşayan siyasi qüvvə olsun. Bu, rəsmi Moskvaya Qarabağda rahat möhkəmlənmək, hətta daha irəli gedərək, orada oturuşmuş hərbi baza qurmaq imkanı verərdi. Onsuz da təkbaşına sülhməramlılıq ruslar üçün "asan loxma" olmayacaq, çünki regional münaqişələrə cəlb olunan sülhməramlı qoşunların mütləq mənada beynəlxalq kontingentin olması barədə ciddi beynəlxalq qanunvericilik aktları mövcuddur, Rusiya da buna əməl etməlidir. Əbəs yerə, aylar öncə çoxlarının gülünclə qarşıladığı, ABŞ prezidenti Donald Tramp Qarabağa sülhməramlılar kimi regionla heç bir bağlılığı olmayan Skandinaviya ölkələrinin hərbi qoşunlarını təklif etməmişdi. Çünki Tramp hər nə qədər də superdövlət ABŞ-ın prezidenti də olsa, bununla beynəlxalq prinsiplərə sadiqliyini nümayiş etdirə bilir, yoxsa ABŞ prezidenti sülhməramlı kimi öz ordusunu təklif edə bilməzdimi? Çox rahatlıqla edərdi. Məhz bu konteksdən yanaşılanda Cənubi Qafqazda rusların təkbaşına at oynatmasının müvəqqəti olacağı qənaəti getdikcə daha aydın görünür. Hazırda rusların bölgəni təchizatla doldurmasında, tələsməsində əsas məqsəd budur ki, yanvarın 20-nə qədər, yəni, ABŞ-ın yeni prezidenti Co Bayden iş başına keçənə kimi, RF prezidenti Putin köhnə forpostu Ermənistanı tam ram etsin, əlbəttə, gözəl arzudur, ancaq fakt budur ki, Paşinyan hamının təəccübünə rəğmən, proseslərdən möhkəm çıxdı və ikiəlli yapışdığı siyasi kürsünü yaxın altı ayda kiməsə təhvil verməyəcəyi dəqiqdi. ABŞ prezidenti Baydenin isə müttəfiqlərilə birlikdə bütün regional cəbhələrdə sırf Rusiyanın əl-ayağını yığmaq üçün yeni strategiya uyğulayacağı, hazır planların işə salınacağı barədə artıq ruslar özləri də həyəcan təbili çalırlar. Cəbhə isə genişdir: Berinq boğazı, Yaponiya, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Iran və s. Bu arada Gürcüstanın NATO ilə yeni saziş imzaladığını da bildirək, bu, qonşu dövlətin artıq bir NATO ölkəsi olması yolunda son addımının qalması anlamına gəlir. Bundan sonra NATO Gürcüstanda öz hərbi təlimlərini daha intensiv və rahat həyata keçirə biləcək. Rusiyanın hərbə-zorba ilə Qarabağa yerləşməsini həm də bu konteksdən dəyərəndirməkdə fayda var.

Görünən odur ki, 2021 sırf Qarabağ münaqişəsi və Cənubi Qafqazda hərbi-siyasi vəziyyət kontekstində heç də başağrısız bir il olmayacaq. Düzdür, geniş miqyaslı dağıdıcı müharibə dayanıb, ancaq münaqişə davam edir və kimsə bunun əksini iddia edə bilməz. Böyük güclərin atlarının Qarabağın cıdır düzündə qarşı-qarşıya gələcəkləri gün isə uzaqda deyil. Xalq, cəmiyyət və dövlət olaraq ayıq-sayıq olub proseslərə çevik, vaxtında və tutarlı reaksiyalar bildirməliyik ki, böyük dövlətlərin geosiyasi savaşının qara tüstüsündə itib-batmayaq, bir müstəqil dövlət kimi suverenliyimiz şübhə altına düşməsin, daha ciddi itkilərdən özümüzü sığortalaya bilək.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi
Son xəbərlər
Bütün xəbərlər »