Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibə verib.
O, Azərbaycana qaytarılacaq ərazilərin siyahısını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, Paşinyanın müsahibəsi Ermənistan cəmiyyətində böyük məyusluq doğurub. Çünki söhbət Zəngəzurda bəzi yaşayış məntəqələrinin Azərbaycana qaytarılmasından gedir. Paşinyan müsahibəsində bu məsələ ilə bağlı suallara da cavab verib. O, 20 ərazi vahidinin müzakirə mövzusu olduğunu etiraf edib. Daha əvvəl o, həmçinin Zəngəzurda sərhəd boyunca yaşayış məntəqələri ilə bağlı "ağrılı" nəticələrin ola biləcəyini açıqlamışdı və bununla da həmin ərazilərin Azərbaycana qaytarılacağına işarə etmişdi.

Yerli mətbuat paytaxt küçələrində Ermənistan vətəndaşlarından Paşinyanın müsahibəsinə münasibət öyrənib. Danışanlar eşitdiklərindən məyusluğunu gizlətməyib. İrəvan sakinlərindən biri çox sarsıldığını deyib: “Az qaldı ki, ürəyim dayansın. Paşinyanın müsahibəsindən sonra bir qutu dərman içdim ki, ürəyim dayanmasın. Çünki belə fikirlərin yaratdığı ağrını daşımaq mümkün deyil. Ola bilər ki, Paşinyan bir nömrəli günahkar deyil. Amma dəqiq Soros və Əliyevdən sonra iki nömrəlidir”.

Paytaxt sakini Zəngəzurda Azərbaycan torpaqlarının qaytarılmasına da qəzəbini bildirib: “Bu məsələ də tam həllini tapmayıb. Başa düşə bilmirəm ki, Paşinyan türkləri Sünikin (Zəngəzurun – red.) kəndlərinə necə buraxa bilir? Onların kəndlərə girməsinə imkan verir, sonra da təhlükəsizlikdən danışır. Belə təhlükəsizlik təsəvvür edirsinizmi?”