Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qismən səfərbərlik dövründə niyə bir evdən 2-3 nəfər xidmətə çağrıldı?..
Qismən səfərbərlik dövründə niyə bir evdən 2-3 nəfər xidmətə çağrıldı?..

Qonşuluqda bir Qəmər ana yaşayır. 3 ayın içində 30 il yaşlanmış bir ana. Hər qapı tıqqıltısına, hər addım səsinə hövlnak qapıya yüyürür. Müharibəyə getmiş, lakin nə öldüyünü, nə sağ qaldığını bilmədiyi tək balasından - Elmirindən xəbər gözləyir. O qədər ağı deyib, ağlayıb artıq səsi də batıb.

Hərdən bilmirsən oxuyurmu, nalə çəkirmi, şikəstə səsiylə ürək dağlayır. Hamının balası gəldi, Bəs mənim balam hanı?

Vətən müharibəsində qələbə çalmağımızın üstündən ay yarım ötdü. 44 günlük müharibənin qurbanlarının sayları, adları açıqlansa da itkinlərimiz də var, hələ ailələrinə təhvil verilməyən şəhidlərimiz də.Ölümündən həftələr keçdikdən sonra evinə şəhid kimi dönən əsgərlərimiz var. Hamısını rəhmətlə anırıq.

Bir neçə gün öncə Şuşa döyüşlərində itkin düşmüş oğlu barədə xəbər gözləyən şəkili anadan yazmışdım. Yazı saytımızda çıxandan bir neçə saat sonra anaya oğlunun şəhid xəbəri verildi. Qəmər ana qorxur, “yox mənim balamdan yazma” deyir. Son bir ümidlə gözləyir.İçində inamı itib bəlkə də, beyni bir az da döz deyir. Onun halını yalnız özü anlaya bilər. Bir də Qəmər anayla eyni dərddə olanlar.

Müharibə bitdikdən sonra ailəsinə təhvil verilən bir şəhid cənazəsi önündə qurban kəsən atanı da xatırlayıram. “Şükür ki, əsir deyilmiş, şəhid xəbərini aldıq, heç olmasa, cənazəsini tapdım” deyib qurban kəsmişdi ata. Bu vüqar deyil, qürur deyildi. Bu övlad itkisindən də acı duyğuydu, onun əsirlikdə ermənilərin əlində min bir müsibətə düçar qalmamasına şükürr etməklik idi.

Vətən müharibəsinin ən böyük acısı isə iki şəhid verən ailələrin payına düşdü. Qoşa şəhid xəbərləri ilə yıxılan ailələri deyirəm.

Eyni gündə şəhid olan Masallı sakinləri 22 yaşlı İman və 20 yaşlı Bəhrəm. Ağdamda Allahverdiyevlər ailəsində eyni gündə dünyaya gələn 20 yaşlı Nazir və Tacir qardaşlarının. Lerikli Altay və Elgün Novruzovlar. Vətən yolunda canlarını qəhrəmancasına fəda etmiş şəhid qardaşlar - Nurlan və İntiqam Əsgərovlar. Qeyd edim ki, Nurlan Aprel döyüşlərində şəhid olub. Lerikli Elgün və Altay Mövlanovlar.

Məni çox yandıran, düşündürən problemdən danışmaq istəyirəm. 3 minə yaxın şəhid verdik. Onların arasından 6 ailəyə qoşa şəhd cənazəsi gəldi. Ailələr əkiz balalarını, iki qardaşı birdən itirdilər. Ailələr oldu ki, döyüşdə həm ata , həm iki oğlu vuruşdu. Ailə oldu 3 qardaş birdən getdi ölümlə görüşə. İmişlidən olan Zeynalovlar ailəsi kimi. Evdə ata bala, səngərdə döyüş yoldaşı olan kişilər gördük bu müharibədə. Hər gün balalarının qoşa məzarları başında ağlamağa halı qalmayıb sadəcə, inildəyən ana-atalar gördük.

Yuxarıda sadaladığım dərdlərin cavabı kimi rəsmilər bu sözləri deyə bilərlər. Vətən borcu, hərbi vəziyyətdir, müharibə...

Amma bir həqiqəti də unutmaq olmaz ki, Azərbayanın nizami ordusu var və 44 günlük müharibədə tam səfərbərlik yox, qismən səfərbərlik elan edildi. Müharibəyə əsgər gedən bilir ki, bu yolun dönüşü olmaya bilər. Burdan yaralanıb qazi olaraq dönmək, canının yarısını verib, qalan həyatını əlil kimi yaşamaq ehtimalı böyükdür. Və bir ailə gözünü o əlil olan əsgərin qazancına dikmişdi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) fəaliyyət göstərdiy 8 il ərzində Azərbaycanda səfərbərlik işinin təşkili, hərbi xidmətə çağrış və hərbi vətənpərvərlik tədbirlərinin təşkili sahəsində bir sıra nailiyyətlərə imza atdığını iddia edir. Amma bu qismən səfərbərlik dövründə müşahidə etdiklərim onu deməyə əsas verir ki, bu dəfəki seçimlərdə vicdan unudulub. Bəli, insanlarda böyük həvəs, ruh yüksəkliyi var idi döyüşlərə könüllü getməyə. Amma minlərlə ailənin heç bir üzvünü aparmayıb onlarla ailənin 2, 3 üzvünü birdən döyüşə çağırmaq vicdanlı yanaşma deyildi. Səfərbərlik xidməti öz gücü daxilində araşdıra bilərdi. Niyə hansısa ailənin aman-zaman bircə balasını döyüşə aparıb, onun soyunu tükətməliydi? Nə məcburiyyət var idi, əkiz qardaşların ikisini birdən döyüşlərə çağırmağa.

Bu dövrdə karonavirus bəhanəsiylə arxada gizlənənlər də oldu, övladını nəinki döyüşə, heç sülh vaxtında hərbi xidmətə göndərməyən məmurlar, oliqarxları isə deməyə dəyməz. Biz hansı vəzifəli şəxsin evinə şəhid gəldiyini eşitdik?

Daha bir narahatedici məqam. Telekanalların şəhidlərimiz barədə hazırladığı reportajlarla bağlıdır. Demək olar ki, hamısı eyni süjet xəttilə hazırlanıb. Şəhidin doğulduğu şəhər, yer barədə məlumat, neçə gün döyüşüb. Hansı gün həlak olub. Sonra zavallı ata-anasını danışdırıb ağlatmaq və onların dilindən “vətən sağ olsun, mən fəxr edirəm ki, oğlum şəhid olub” ifadəsini eşitmək. Əzizlərim, içi övlad yanğısıyla yanan bir ananın mütləq şəkildə dövlətə "sağ ol"unu, minnətdarlığını eşitmək nəyə lazımdır? O artıq canından əziz olan varlığını verib, bir ömürlük yatağına, ürəyinə qor tökülüb, sağalmaz yara alıb. Siz nə vermisiz ala bilmirsiniz? Hələ 2002-ci ildə Xalq şairi Qabil şəhid analarıyla bağlı bir şeir yazmışdı. Bu günümüzlə necə də gözəl ayaqlaşır.

Sinәndә göynәyәn çalın-çarpaz dağ

Sağalan deyildir qiyamәtәcәn.

Ay anam, ay bacım, bu lap oldu ağ,

Minnәtdarlıq nitqi söylәyirsәn sәn.

De ki: – Oğul verdim Vәtәnә qurban!

Dilinә başqa söz gәtirmә, Anam!

Müxbir qabağında sorğu-sualdan

Tutulub özünü itirmә, Anam!

Keçәk canımızdan torpağa görә,

Müqәddәs borcun da heç minnәti var?

Bәs әlindәn getmiş uşağa görә

Hәlә tәşәkkür dә etsin analar?!

Məlum olur ki, dəyişən heç nə yoxdur. Telekanala göstəriş gəlir, o da öz müxbirlərinə bu tezisləri ötürür. “Vətən sağ olsun”. Yaxşı vətən üçün niyə həmişə elə məhz kasıblar qurban gedir? Şəhid evlərinin hansını təmtəraqlı gördünüz? Hamısı yarıuçuq daxmalar, baxanda ehtiyac töküldüyü bilinən evlərdir. O şəhidlər ki, onların anaları dövlətdən uşaq pulu almaq üçün illərlə Milli Məclisin nağıllarına qulaq asıblar, zülmlə, zillətlə, bir qarnı ac, bir qarnı tox böyütdükləri balaları o vətənin yolunda qurban veriblər.

Dövlət o oğulların analarını, ailələrini, övladlarını kimsəyə möhtac qalmadan yaşatmağa sadəcə borcludur. Müharibə hələ bitmiş sayılmaz. Hibrid müharibəyə dönüb yenidən alovlanma ehtimalı mümkündür. Ümid edirəm, yenidən səfərbərlik elan edilsə, səfərbərlik xidməti bu məqamları nəzərə alacaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »