Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Qarabağda erməni hərbi dəstələri yaradır...
Rusiya Qarabağda erməni hərbi dəstələri yaradır...

"Mülki müdafiə qüvvələri" adlı bu hərbiləşdirilmiş dəstələr kimi kimdən müdafiə edəcək?

Sülhməramlı missiyanın fəaliyyətinə zidd olan addımlar atmaqla Rusiya ölkəmizin suveren ərazisi olan Qarabağda nəyə nail olmaq istəyir?

Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri 10 noyabr atəşkəsə və sülhə məcburetmə bəyannaməsini imzaladıqdan sonra Qarabağın dağlıq hissəsinə yerləşmiş Rusiya Federasiyası (RF) sülhməramlıları hərbi kontingentinin fəaliyyəti ilə bağlı Azərbaycan cəmiyyətində narahatlıqlar azalmaq əvəzinə, hər gün daha çox artmaqdadır. İmzalanan bəyannamədə bəndlər var və bu bəndlər üzrə fəaliyyət istiqamətləri müəyyənləşib. Heç kəs bu bəyannamənin maddələrindən əlavə hansısa altmaddələr üzrə razılaşmaların mövcudluğu barədə də bir kəlmə kəsmir.

Deməli, istinad edəcəyimiz tək sənəd bu bəyannamədir. Sazişin mətninə görə, bölgədə sülhün qorunmasına nəzarəti ən azı 5 il ərzində Rusiya hərbçiləri təmin etməlidir. Ancaq 10 noyabrdan keçən 46 gün müddətində biz bəyannamənin maddələrini kifayət qədər aşan, hətta deyərdim, ciddi şəkildə özfəaliyyətin müşahidə edildiyi hallarla qarşılaşırıq. Rusiyanın sülhməramlı adı altında öz qoşunlarını Azərbaycan torpaqılarına soxaraq suverenliyimizi şübhə altına alan, konkret təcavüzkarlıqla məşğul olduğunu iddia edənlər və bunu tutarlı arqumentlərlə əsaslandırıb izahat verənlər az deyil. Eyni zamanda, baş verənlərin ən xırda detallarına qədər dövlətin nəzarətində olduğunu, böyük qonşu Rusiya ilə bütün sahələr üzrə dövlətlərarası münasibətlərimizi korlayacaq açıqlamalardan, bəyanatlardan, mövqelərdən qaçmağın vacibliyini israrla müdafiə edənlər də çox idi. Dövlət başçısı da öz çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlətin milli maraqlarına qarşı yönəlmiş istənilən daxili və xarici müdaxiləyə qarşı sərt və birmənalı siyasət ortaya qoyulacaq. Ancaq bununla belə, sırf sülhməramlıların və onların komandanlığına aid hərbçilərin fəaliyyəti ilə bağlı açıq qalan suallar, izahını gözləyən müəmmalı davranışlar istər-istməz Azərbaycan cəmiyyətində, insanında həm haqlı qıcıq yaradır, həm də dərin təəssüf hissi oyadır.

Göründüyü kimi, hələ ilk gündən cəmiyyəti iki hissəyə bölən bu hadisə ilə bağlı hər iki tərəfin arqumentlərini əsaslı edən məqamlar çoxdur. Ancaq zaman keçdikcə rus sülhməramlılarının fəaliyyətində şübhəli məqamlar o həddə qədər şişdi ki, hökumət və onun arqumentlərini səsləndirən siyasilər, ekspertlər də 180 dərəcə mövqe dəyişdirərək, Rusiyanın bölgə ilə əlaqədar yürütdüyü şübhəli siyasəti daha uca səslə və pafosla tənqid etməyə başladılar. Məsələn, ən son, dağlarda ilişib qalan, əsgərlərimizin ölümünə və bir mülki şəxsin ağır yaralanmasına səbəb olan qanunsuz erməni silahlı dəstələrinin Hadrutda və Şuşa ətrafı kəndlərdə həyata keçirdikləri terror əməliyyatlarına rus sülhməramlılarının etinasız yanaşması, bu azmış kimi, sözügedən hərbiləşmiş separatçı birliklərin seçdikləri mövqelərlərlə bağlı Rusiya Müdafiə Nazirliyinin (MN) əvvəlki xəritəyə düzəliş edərək, patrul zonalarını Azərbaycanın nəzarətində olan ərazilərə qədər genişləndirdiyini təsvir edən xəritə yayması bardağı daşıran son damla oldu. Bu arada qeyd edək ki, ümumiyyətlə, Rusiya MN-nin kartoqrafiya ilə məşğul olmaq, başqa suveren ölkənin ərazilərilə bağlı özündən xəritələr tərtib etmək səlahiyyəti və sözügedən xəritələrin hər hansı bir hüquqi əsası yoxdur. O artıq başqa məsələdir ki, rəsmi qurum olan RF MN, bilərəkdən ya bilməyərəkdən, Azərbaycan cəmiyyətinə təzyiq etmək, qıcıq oyatmaq, yaxud onun şüuraltına hansısa məkrli niyyətlərinin olması barədə siqnallar ötürmək üçün Rusiya isteblişmenti tərəfindən alət edilə bilər. Çünki belə hallar artıq adi hal alıb. Həmin xəritələrdə artıq çoxdan tarixə gömülmüş SSR-i inzibati ərazi vahidlərinin adlarının (Stepanakert, Martuni, Mardakert, İvanyan və s.) baza kimi götürülməsi də suverenliyimizi şübhə altına almaq cəhdi sayıla bilər. Cəmiyyətə Azərbaycanın müvafiq rəsmi qurumlarının sırf bu məsələyə reaksiya bildirməməsi, susması hələ də maraqlıdır. “Hətta buna etiraz etməyə belə gücümüz çatmır?” deyə haqlı suallar yaranır. Müstəqil Azərbaycan dövlətinin hüquqi olaraq reyestr xidmətində qeydiyyatdan keçirmiş olduğu inzibati ərazi vahidlərinin adları var (Ağdərə, Xankəndi, Xocalı, Xocavənd və s.) və Rusiya dövlətinin borcudur ki, reallıqda mövcud olan bir dövlətin müvafiq məlumatlarına, xəritələrinə istinad etsin. Əgər biz bu gün Volqoqradı Stalinqrad, Sankt-Peterburqu Leninqrad kimi ifadə etməyə başlasaq, buna rəsmi Moskvanın mövqeyi necə olar, sizcə? Mövzudan kənarlaşmayıb onun üzərində dayanaq ki, gəldikləri ilk gündən özləri ilə saysız-hesabsız haqlı suallar, qaranlıq, şübhəli məqamlar gətirən rus sülhməramlıları ilə bizim bir xalq olaraq başımızın hələ çox ağrıyacağını söyləyə bilərik.

Hamını indi bir vacib sual maraqlandırır. Rusiya Qarabağda nə planlaşdırır və adından da göründüyü kimi, xalqlararası sülhü bərqərar etmək kimi bəşəri bir missiyanın məsuliyyətini öz üzərinə götürən rus hərbçilərinin zaman-zaman öz fəaliyyətlərində missiyadan kənar elementlərin üzə çıxması necə izah olunmalıdır? Rusiya gerçəkdənmi, hörmətli Vladimir Putinin təbirincə desək, beynəlxalq hüquqla Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın dağlıq hissəsində yaşayacaq ermənilərlə azərbaycanlıları barışdırmaq, onların sülh şəraitində yaşamasını təmin etmək üçünmü oradadır, yoxsa Azərbaycan cəmiyyətinin Rusiya ordusunun legitim ərazilərimizdə başqa məkrli niyyətlərlə mövcudluğundan dolayı narahatlığı əsaslıdırmı?

Yeri gəlmişkən onu da bildirək ki, sülhməramlı missiya mütləq şəkildə dövlətlərarası münasibətləri tənzimləyən BMT təşkilatının mandatı əsasında təyin olunmalıdır və bu sülhməramlı hərbi kontingentin tərkibi müəyyənləşərkən diqqət olunması çox vacib nüans ondan ibarətdir ki, heç bir halda iki münaqişə vəziyyətində olan ölkənin qonşuluğunda olan dövlətlər, o cümlədən, iki münaqişədə olan dövlətdən hər hansı birilə hərbi-siyasi müttəfiqlik münasibətində olan başqa bir dövlət bu prosesdə iştirak etməməlidir. Sülhməramlı missiyada bölgədə birbaşa geosiyasi, geoiqtisadi maraqları olmayan ölkələrin hərbi kontingentinin iştirakı prinsipial məsələdir o mənada ki, sülhməramlıların neytral qalması və tərəf tutmaması onların həyata keçirdiyi xidmətin ana xəttidir. Sülhməramlı missiya münaqişə tərəfi olan hər iki xalqa münasibətdə eyni məsafədə dayanmağı bacarmalıdır ki, gerçəkdən sülh zəmini formalaşsın.

Gəlin, baxaq görək Qarabağ münaqişəsinin sülhlə bitməsi üçün Azərbaycanın legitim ərazilərinə daxil olan sülhməramlı hərbi kontingent yuxarıda xatırlatdığımız nüansların hansı birinə uyğun gəlir? Təbii ki, heç birinə və elə buradan da Rusiya sülhməramlılarının adındakı sülhməramlı ifadəsinin həyata keçirdikləri missiyaya nə dərəcədə zidd olduğu üzə çıxır. Üstəlik nəzərə alsaq ki, xarici dövlətin hərbi qoşun növlərinin ölkəmizin suveren ərazilərinə daxil olaraq sülhməramlı missiyaya başlaması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinin hələ qərarı yoxdur. Daha bir qanun pozuntusu da elə budur. Çünki ən ali qanunlar toplusu olan Konstitusiyamızda müvafiq məsələ ilə bağlı bənddə ifadə olunur ki, belə bir qoşun növü yalnız ya referendum keçirilərək, ya da xüsusi halda xalqın seçdiyi parlamentin fövqəladə bir qərarı ilə yerləşdirilə bilər. Hardan baxarsaq baxaq, Rusiya sülhməramlılarının mövcudluğu və fəaliyyəti indiki formasıyla bir təcavüzkarlıq aktıdır.

Hazırda Rusiya Qarabağın Azərbaycanın faktiki suveren nəzarətindən kənarda qalan, yəni, hələlik təkcə ermənilərin məskunlaşdığı dağlıq hissələrinə "humanitar yardım", "təhlükəsizlik tədbirləri" adı altında ağlasığmaz sayda təchizat daşımaqdadır. Ümumiyyətlə, bir anklavın mövcud olması, ayaqda qalması, yaşaması üçün ağla gələn və gəlməyən həyati vacib hər şey gətizdirilir Rusiyadan. Buna paralel olaraq, Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə cəhənnəmə göndərdiyi qondarma “Artsax respublikası”nın beynəlxalq axtarışa verildiyi iddia olunan rəhbəri də siçan deşiyindən çıxarılmış və o, öz kabinetində işinə davam edir. Rus sülhməramlıları bölgəyə gəldiyi gündən adam, demək olar, hər gün “Artsax hökuməti"nin yenidən bərpası ilə bağlı qərarlar verir, sərəncamlar, fərmanlar imzalayır, vəzifələrə adamlar təyin edir. Biz nə qədər də bu dırnaqarası təsisatı gorbagora göndərmiş olsaq da belə, ruslar bu cür düşünmürlər və onların “dobro”su onu hələlik ayaqda saxlamaq üçün ən səlahiyyətli “möhürdür”.

Bütün bunlar, təbii olaraq, "sapoxları" Qarabağı tapdalayan gündən xilaskar kimi baxdıqları Rusiya sülhməramlı missiyasının komandanlığından ruhlanaraq edilir. Azərbaycan cəmiyyətini narahat edən, az qalsın, özündən çıxaran da budur ki, niyə hökumətin müvafiq orqanları məsələnin məhz bu hissəsi ilə bağlı ağzına su alıb oturub. Hamı birmənalı olaraq tələb edir ki, kimsə çıxsın bu anlaşılmazlıqlara işıq tutsun, aydınlıq gətirsin. Əgər Gəncəni, Bərdəni, Tərtəri, Siyəzəni, hətta Bakını bombalatdıran Araik Arutunyanı ayaqda tutacaq, sabah bizə qəbul etdirəcək bir məcburi xain razılaşma varsa da, bunu cəmiyyətlə bölüşmək idarəetmə aparatının borcudur.

Deyir, qulaq gündə bir söz eşitməsə, kar olar. Həqiqətən çox paradoksal bir vəziyyətlə qarşı-qarşıyayıq. Hər dəfəsində Rusiya sülhməramlılarının fəaliyyətilə bağlı hansısa mücərrəd geosiyasi və geoiqtisadi zərurətlərdən dolayı müəyyən reallıqlarla barışmağı özündə ehtiva edən arqumentlərə, əsaslandırmalara loyal yanaşmaq istəsək də, sabahısı gün elə bir naqolay hadisə baş verir ki, dünən gəldiyin qənaəti alt-üst edir. Məsələn, bu günlərdə ortaya çıxan bir foto və həmin fotonun altına xəbər kimi tirajlanan “Rusiya “Mülki müdafiə qüvvələri” adı altında Qarabağda ermənilərdən ibarət hərbiləşdirilmiş dəstələr formalaşdırır” xəbəri istər-istəməz hər bir azərbaycanlının ürəyinə yekə bir xal salır. Fotoda hərbi geyimdə səkkiz erməni mülkisi ayaqüstə dayanıblar və ən diqqət çəkən məqam arxa fonda hündür dirəkdən asılmış bir Rusiya Federasiyası bayrağı, yanında isə Azərbaycan prezidentinin cəhənnəmə varis etdiyi qondarma “Artsax respublikası”nın iki bayrağının dalğalanmasıdır. Fakitiki olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıyan, prezidenti hər dəfəsində Qarabağın beynəlxalq hüquqla Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edən Rusiya Federasiyasının bayrağı Xankəndidə terrorçu-separat rejimin əski parçası bayraqları ilə yanaşı dalğalanır. İndi sual edirəm, sizcə bu, Rusiyanın ölkəmizin legitim ərazilərində separatizmə qol-qanad verməsi, onu himayəsinə alıb dirçəltməsi deyil də, bəs nədir? Fotoda şəkil çəkdirən adamlar o qədər də maraqlı deyil, ancaq bayraqların yanaşı asılması artıq ciddi bir siqnaldır. Həm dövlət, həm də cəmiyyət olaraq bütün bu baş verənlərə qarşı hər kəsi yerində oturdacaq reaksiyamız olmalıdır, izahat tələb etməkdə gecikməməliyik. Sözügedən fotoya fotodur deyib keçmək qəti olmaz və qarşımızda canlanan tablo qətiyyən sülhməramlı missiyaya heç uyğun deyil, əksinə, bu missiyanın prinsiplərinə tamamilə ziddir. Məsələ burasındadır ki, 10 noyabr tarixindən bu günə qədər prezident Ilham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov, xüsusilə Azərbaycan vətəndaşları elan edilən Qarabağ ermənilərilə barışın, sülhün vacibliyini önə çəkirlər, bölgədə çiçəklənən həyatı geri qaytarmaqdan ötrü Azərbaycan dövlətinin görəcəyi işlər barədə məlumatlar verirlər. Sual yaranır ki, ruslar tərəfindən yaradılmaq istəndiyi iddiaları səslənən sözügedən hərbiləşdirilmiş "Mülki müdafiə qüvvələri" kimi kimdən müdafiə edəcəklər? Bəs biz azərbaycanlə ermənilərlə barışmırıq? Barışırıqsa, sülh olacaqsa bu hərbiləşmiş müdafiə qüvvələrinin yaradılması hansı zərurətdən yaranıb? Məqsədi, məramı nədir? Təbii ki, azərbaycanlılarla ermənilər arasında idman yarışları təşkil etmək üçün deyil bu...

Bir maraqlı məqamı da vurğulayaq. Bu foto gündəmə gəlməmişdəm bir neçə gün qabaq, Azərbaycanın eks-xarici işlər naziri olmuş Tofiq Zülfüqarovun televiziyaların birində qatıldığı bir siyasi tok-şounu izləyirdim. Verilişin gedişində hörmətli Zülfüqarov eynən buna bənzər bir təklif irəli sürdü öz adından, dedi ki, Türkiyə sülhməramlılarının Dağlıq Qarabağda görünməsi qarşı tərəfdə aşırı qıcıq yarada və yersiz münaqişəyə səbəb ola bilər, əvəzində mən təklif edirəm ki, Azərbaycan, Rusiya və Ermənistan müştərək formada bölgəyə nəzarət edə biləcək hərbi polis formatında bir patrul xidməti formalaşdırsınlar. Onun bu fikri tok-şouda iştirak edən müxalifyönlü siyasətçilər tərəfindən haqlı olaraq süngüylə qarşılandı ki, bu necə ola bilər axı, biz öz legitim ərazilərimizdə imkan yaradaq ki, Ermənistan hərbiləşmiş patrul dəstəsi saxlasın? Maraqlıdır ki, üstündən bir-iki gün keçəndən sonra mediada bu kimi xəbərlərin yayılması bir daha sübut edir ki, torbada pişik varmış! Narahat edən nüans odur ki, öz içimizdə də Rusiyanın sülhməramlı missiyadan kənara çıxan fəaliyyətinə göz yummağa çalışan, ölkəmizdə bu şübhəli xidmətin mövcudluğunu olmazsa olmaz edən qüvvələr səs çıxarmağa başlayıb.

Daha bir bayraq olayı isə rus sülhməramlılarının Xankəndidə məktəblərin birində şagirdlərə təlim keçərkən baş verib. Minalarla davranış qaydalarını uşaqlarla bölüşən rus minaaxtaran mütəxəssisin durduğu yerin yanındakı kürsüdə bir rus bayrağı ilə yanaşı qondarma "Artsax bayrağı" da qoyulub. Elə təəssürat yaranır ki, guya rusların bundan xəbəri yoxdur, yaxud önəmsəmirlər. Nədənsə rus hərbçisi ermənilərə minalar haqqında təlim keçərkən, özü ermənilərin "bayraq minasına", bir növ tələsinə düşüb. Aydındır ki, bütün bunlar heç də təsadüfə oxşamır, çünki sırf bu hadisə barədə rusların özlərinin yaydığı press-relizdə sözügedən foto bir daha paylaşılıb.

Rüstəm Muradov və Araik Harutyunyan Rüstəm Muradov və Araik Harutyunyan

Xatırlayırsınızsa, eyni mübahisələr xeyli vaxt öncə sülhməramlıların dağıstanlı komandanı general Rüstəm Muradov cinayətkar Araik Arutyunyanla qondarma “Artsax respublikası”na aid “atributların” fonunda xüsusi bir əda ilə poza verərək şəkil çəkdirərkən də yaşanmışdı. O zaman da buna etiraz edənləri hökumətyönlülər qınayırdılar. Guya danışanlar dövlətin siyasətinə qarşı çıxır, guya belə söz-söhbətlər təxribat xarakterlidir, az qalsın, Rusiya sülhməramlıları haqqında haqlı mənfi fikir söyləyənlər vətən xaini elan olunsunlar. Sən demə, kimsə bilmirmiş dövlət siyasəti nədir, sən demə, dövlət hər şeyi hamıdan yaxşı görür, qeydlərini götürür, bütün bu bayraq, gerb, foto, ermənilərin ruslarla nümayişkəranə öpüşüb-görüşməklərinin bir anlamı yoxmuş, guya müvəqqəti xarakter daşıyırmış, guya ermənilərin könlünü almaq məqsədi güdülürmüş və görəcəksiz, hər şey yaxşı olacaq və s. və ilaxır. Ancaq görünən dağa nə bələdçi? Heç nə yaxşı görünmür. Yaxşı kimi görünənlər mənfur düşmənlərimizin xeyrinə olanlardır. Bəli, ermənilərin nazıynan oynayıb onların könlünü alırlar ki, Qarabağda rus sülhməramlılarının himayəsi altında yeni bir erməni anklavının formalaşması prosesi başa çatdırılsın. Ardınca isə Rusiyanın hərbi bazası yaradılsın. Çünki beynəlxalq qanunlara görə (Konkret ATƏT-in 1994-cü ildəki Budapeşt qərarına görə) Rusiyanın Qarabağda təkbaşına sülhməramlı missiyası müvəqqətidir, ruslar bunu yaxşı anlayırlar və sülhməramlı qoşunların tərkibinin dəyişdiriləcəyi məsələsi mütləq növbəti aylarda gündəmə gələcək. Rəsmi Moskva buna qədər artıq bölgədə öz bazasını formalaşdırıb yekunlaşdırmağa çalışacaq.

Bu tezisi gücləndirən açıqlamalar artıq gündəmə oturmaqdadır. Rusiyanın ən tanınmış siyasi ekspertlərindən biri olan Maksim Şevçenkonun bugünlərdə Qarabağ hadisələri və rus sülhməramlılarının fəaliyyəti ilə bağlı dedikləri "Rusiya Qarabağda hərbi baza yaradır" iddialarına öz möhürünü vurub. Şevçenko açıq mətnlə bildirdi ki, çox yaxın məsafədə yerləşən Gümrüdə Rusiyanın hərbi bazası azlıq edirmi ki, yenidən Qarabağda Rus ordusuna aid hərbi baza formalaşdırmaq təşəbbüsləri meydana çıxıb? Nəyə lazımdır bu ordu, yaxud sülhməramlı missiya Qarabağda? Çox doğru buyurdu ki, Azərbaycan prezidentinin Qarabağ ermənilərinin gələcək taleyi ilə bağlı aydın fikirləri var. Azərbaycan hər hansı sülhməramlı missiya olmadan da bölgədə sülhü, barışı bərqərar edə bilər. Siyasi ekspert daha sonra bildirdi ki, Rusiya dövləti ona ünvanlanan açıq qalmış haqlı sualları cavablandırmasa, azərbaycanlılar artıq anlayacaqlar ki, rus hərbi kontingenti Qarabağda ermənilərin separatçı xunta rejimini qorumaq, onu xilas etmək üçün onların suveren ərazilərinə soxulublar. Bütün bunlarla yanaşı son vaxtlar Qərbin CNN, BBC kimi çox nüfuzlu media quruluşlarında tirajlanan, guya Rusiyanın bir müddət sonra ermənilərə rus pasportlarının paylanacağı ilə bağlı xəbərlər də Maksim Şevçenkoda cavabını axtardığı suallar yaradıb. O, elə həmin video-müsahibədə Putin administrasiyasına açıq sualla müraciət edir ki, azərbaycanlılar öz əzəli torpaqlarında baş verənlərdən çox narahatdırlar, bir rəsmi adam çıxsın cavab versin bu pasport məsələsi nə məsələdir, nə dərəcədə doğru, yaxud "feyk" məlumatdır?! Axı özünə hörmət edən CNN, BBC kimi qlobal media orqanları durduq yerdə niyə bu tip xəbərləri tirajlasın? Məlumdur ki, Kremldən kimsə Qarabağ ermənilərini bu mənada ruhlandırıb!

Rusiya sülhməramlı hərbi kontingentinin missiyadan kənaraçıxmalarla bağlı fəaliyyəti tək bununla bitmir. Azərbaycanın çox tanınmış jurnalistlərindən biri bu yaxınlarda, keçmiş Dağlıq Qarabağ vilayətinə ümumiyyətlə aidiyyatı olmayan Kəlbəcər rayonuna səfər etmiş, məşhur Xudavəng kəndinə baş çəkərək orada yerləşən qədim Alban Monastrında reportaj hazırlamaq istəmişdi. Monastrın içinə daxil olmaq istəyərkən, rus sülhməramlılarının orada qurduğu postun hərbiçiləri jurnalisti öz ölkəsinin legitim ərazisində yerləşən məbədgaha daxil olmağa icazə vermədi. Halbuki bir gün qabaq 30-a yaxın erməni din xadimi həmin monastrın ziyarətində olmuş, hətta içəri daxil olaraq şamlarını yandırıb dualarını da etmişdi. Yenə haqlı bir sual meydana çıxır. Kəlbəcərin Xudavəng kəndi və oradakı qədim Alban Monastrı kimə aiddir, ruslara yoxsa bizə? Bu halın özü Azərbaycanın suverenliyini şübhə altına almaq demək deyil də, bəs nədir? Onda bu minvalla rus hərbiçiləri gəlib Bakıda mövcud olan bütün xristian kilsələrinin önündə hərbi post qurmalıdırlar? Cəmiyyət hazırda bu kimi suallara izahat verəcək müvafiq rəsmi dairəni və yaxid onun səlahiyyətlisini axtarır.

Bu yaxınlarda RF prezidenti Vladimir Putin təhlükəsizlik şurasının iclasını keçirdi və orada vurğuladı ki, müəyyən səbəblərdən dolayı Yaxın Şərq və əsasən Cənubi Qafqazda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır və xüsusilə, yenicə başa çatmış Qarabağ müharibəsinin hər an təzədən alovlanması istisna olunmur, maksimum dərəcədə iş rejimini gücləndirmək lazımdır ki, Rusiyanın dövlət maraqlarının üstün olduğu bölgələrdə əmin-amanlıq olsun. Bu fikirləri üstündən heç iki gün keçməniş bir də dünən RF MN-də yüksək post tutan bir ordu generalı keçirdiyi hərbi müşavirədə təkrarladı. Çoxlarının diqqətindən yayınsa da, dövlətin və cəmiyyətin həssas kəsimi bu fikirlərin altında nə kimi siyasi məkrin yatdığını anlamağa borcludur. Məlumatlar mediaya qədər ayaq açıbsa, deməli, Azərbaycan xalqı, cəmiyyəti və ən əsası dövləti rus sülhməramlılarının fəaliyyətindən narahat olmaqda haqlıdır. Təkcə bu faktın özü sübut edir ki, hətta regionda xalqlar hansısa formada dil tapıb barışa nail olsalar da, bölgədə rus hərbiyyəsi faktorunun mövcudluğu yenidən süni şəkildə münaqişə ocaqlarının yaranacağı ehtimalını gücləndirir. Harada Rusiya ordusu varsa, orada sülhməramlılıqdan çox, münaqişə var tezisini isbat edən yüzlərlə fakt mövcuddur və bu mənada Azərbaycan ayıq-sayıqlığını itirməməli, gerçək müttəfiqi Türkiyə ilə hərbi-siyasi ittifaqın qurulması işini sürətləndirməli, qardaş ölkənin Mehmetçiyinin Qarabağda mənzil-qərargah qurmasına nail olmalıdır. Yalnız bu şəkildə regionda güc balansını xeyrimizə dəyişə bilərik.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi
Son xəbərlər
Bütün xəbərlər »