Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Laçında SOVETsayağı konsert...
Laçın dəhlizi

Bir neçə gün öncə Laçın dəhlizinin müşahidə məntəqələrində Rusiya sülhməramlıları üçün konsert verilib.

Konsert qrupu, təbii olaraq Rusiyadan gətirilib. Əslində, burada qəribə, qurddan-qurddanlıq etməklik heç nə yoxdur. Rusiya əsgərləri də insandırlar, onlar da musiqi dinləməli, ağır iş prosesindən qopub asudə vaxtlarını səmərəli keçirməlidirlər və onlar üçün də belə konsertlər təşkil edilməlidir. Sadəcə, bir əmma diqqətimi çəkdi...

Nədir bu əmma? Öz-özümə dolquldanıram, mütləq Sovetdən qalma nimdaş tərzdəmi konsertlər verilməli, mahnılar oxunmalı, şənliklər qurulmalı?! Bizə sülhməramlı adı ilə göndərilən gənclərin Sovetlərə nə aidiyyatı axı? Rusiya gəncliyinin musiqi, şou zövqü Sovetlərdəmi ilişib qalıb?! İnandırım sizi, hansından soruşsan, heç birinin o tarixdən heç xəbəri belə yoxdur. Nə zaman yaranıb, nə zaman süqut etdiyini belə bilmirlər. Bu gənclər Rusiya Federasiyasının göy-ağ-qırmızı olan üçrəngli bayrağının divarından asıldığı DOĞUM EVlərində dünyaya gəlməyiblərmi? Əlbəttə, başqa cür necə ola bilər axı?! Sadəcə, Sovetlərə dönmək eşqiylə yanan, öz çekist, işğalçı şıltaq davranışları ilə gənc əsgərlərini dünyanın bu başından o başına sürüyüb aparan, onları yoran, dünyanı artıq boğaza yığan, bir sözlə, şovinist Vladimir Putin fərqli düşünür...

Musiqi qrupunun konsert vaxtı istifadə etdiyi mahnılar, qurulan boz səhnə və istifadə etdikləri geyimlər artıq çoxdan tarixə gömülmüş Sovet dövlətinə aiddir. Mahnılar o vaxt yazılmış mahnılar, hərbi geyimlər də savaşdan çıxmış hərbi formalar, mundirlərdir. Mən düşünürəm ki, bütün bunlar təsadüfi deyil. Konserti dinləyən əsgərlər dünənin uşaqlarıdır, yəni Filip Kirkorov, Maksim, Andrey Qubin, Timatini dinləyən, onların musiqilərilə böyüyən gənclərdir, onlara nə Sovet dövrünün mahnı və hərbi geyimlərindən? Guya son 30 ildə Rusiya Federasiyasının hərbi sahədə uğurları yoxdurmu ki, sülhməramlıların da estetik-mədəni, musiqi zövqünü 80 il əvvəlki uğurlara, abu-havaya dartıb aparırlar?!

Laçında SOVETsayağı konsert...

Putin bu süni davranışlarıyla sanki bağıraraq bütün dünyaya mesaj verməyə çalışır ki, Qarabağ, Qafqaz Sovetin mirasıdır, onun mülkiyyətidir, toxunulmazdır, bizimdir. Putin, həm də, məhz onun üçün "1941-45"-dən qalib çıxmış SOVET MUNDİRlərini yenidən gündəmə gətirməklə, demək istədi ki, sizin öz məzhəbinizdə Müasir Müzəffər Ordunuzun addımladığı 10 Dekabr tarixli Böyük Vətən Müharibəsi Zəfər Paradınızı qəbul eləmirəm, elə onun acığına da Qarabağda, Qafqazda öz bildiyimi edəcəm, qarşı çıxan varsa, xodri meydan, siz siz olun, biz biz, azdan az, çoxdan çox gedəcək!

Əlbəttə ki, bu incə hadisədə Azərbaycan insanının altşüuruna incə-incə işləyən elementlər var. Putin, əslində, bu günə kimi baş verən bütün hadisələrin məhz nə üçün baş verdiyinin, qarşısını vaxtında ala bilməsək, bizi gerçəkdən nələrin gözlədiyinin incə anonslarını ötürür sanki. Hələ bir müddət əvvəl dərin bir ahla "...Sovet İmperiyasının dağılması 20-ci əsrin ən böyük səhvi idi" deməklə Putin çox istərdi ki, 21-ci əsrdə o "səhv"i düzəltsin və xalqlar həbsxanasını yenidən bərpa etsin. Bu, onun yarım qalmış arzusudur. Təəssüf ki, Qarabağdakı özbaşınalıqlar, sülhməramlı adıyla Qarabağın az qala işğalıyla məşğul olmalar, Qarabağı, orada yaşayan insanları özününküləşdirmə tədbirləri və Sovet nostalgiyasını xatırladan bütün bu maskaradlar hamısı sanki ona hesablanıb ki, nəhayət, fürsət yaranan kimi Sovet dövləti yenidən qurulsun!

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi
Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »