Sərhədlərin delimitasiyasına Zəngəzurda yaşayan əhali sərt reaksiya verir.
Onlar buna etiraz olaraq dəfələrlə yolu bağlayıb. Hətta Baş nazir Nikol Paşinyanı Qafan və Qarakilsə (Sisyan) rayonlarına buraxmamışdılar.

Bizimyol.info xəbər verir ki, sakinlər iki kənddə azərbaycanlı hərbçilərlə üz-üzə qalıb. Ermənistan saytları bu haqda yazıb. Gorus rayonunun Şurnux kəndinin icma rəhbəri Akop Arşakyan yaşayış məntəqəsinin yarısının Azərbaycana veriləcəyini bildirib. Onun sözlərinə görə, kənddə azərbaycanlı hərbçilərlə danışıqlar gedir, 12 evin təhvil verilməsi müzakirə mövzusudur.

Dekabrın 24-də Nikol Paşinyan hökumətin iclasında Şurnux və Qarakilsənin, Ermənistanda Vorotan adlandırılan Şahverdilər kəndinin Azərbaycana veriləcəyinə eyham vurub. O, həmin kəndlərdə vəziyyətin yaxşı olmadığını deyib: “Ağrılı durumla üzləşə bilərik”.
Şahverdilərdə evləri boşaltmağa başlayıblar. Ermənistan mətbuatının yazdığına görə, kənd sakinlərinə bir neçə saat vaxt verilib.