Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Xankəndiyə niyə girmədi...
Xankəndi

Bu, Putin-Əliyev-Ərdoğan planı idi...

Ermənistanda siyasi proseslər özünün ən gərgin fazasına daxil olub. Baş nazir Paşinyanın ölkənin cənubuna səfər edib yolun yarısından geri qayıtması, konkret Sünikə buraxılmaması biabırçılıq idi. Paşinyanı dərhal, qeyd-şərtsiz istefaya çağırırlar. Nikol isə hələ ki, dirənməkdə davam edir. Belə getsə, hətta vətəndaş arşıdurması ehtimalı da az deyil.

Bütün bunlar, təsadüfdürmü? Məncə, siyasətdə təsadüfən nəyinsə baş verdiyini düşünmək yalnız axmaqlara xas xüsusiyyətdir. Çünki rəsmi Moskva hər zaman olduğu kimi, bu gün də Cənubi Qafqazda əmin-amanlığa, hüzura, xalqlararası sülhə, qonşu dövlətlərin iqtisadi tərəqqisinə, onların müstəqil şəkildə öz yollarının ağına düşüb qlobal dünya ilə qaynayıb-qarışaraq, azad, demokratik xətt tutub inkişaf etməsinə yeganə əngəldir. Uzun sözün qısası, rəsmi Moskva Azərbaycan, Gürcüstan və Ermənistanın ondan kənarda müstəqil şəkildə mövcud olub inkişaf etməsində heç vaxt maraqlı olmayıb.

İlham Əliyev, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan İlham Əliyev, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan

Ola bilsin, yazdıqlarımız kiminsə xoşuna gəlməsin, ancaq həqiqət həmişə şirin olmur. Düşmən də olsa Paşinyan 2018-ci ildə hakimiyyətə gəldiyi vaxtdan bu günə qədər pis-yaxşı atdığı bütün siyasi addımlarında Cənubi Qafqazı məhz quldurların idarə etdiyi Rusiyanın əlindən almağın çarələri üzərində baş sındırıb. Gücünü Qərbdən ya Şərqdən alıb, fərq etməz, əsas odur ki, həm ölkəsini, həm də Qafqazı Rusiya şovinizminin ətalətindən qurtarıb, avrointeqrasiyanın sürət qatarına mindirəcək bir siyasi xətt götürüb. Buna görə ona deyilməyən söz qalmayıb, gah SOROS-un, gah ABŞ-ın "sözəbaxan uşağı" damğasını yeyib, bu gün də eyni tənələrlə üz-üzədir. Əlbəttə, belə bir siyasi fiquru Putin və rəhbərlik etdiyi administrasiyası niyə sevsin, qəbul eləsin ki?! Ancaq fakt budur ki, savaşa təhrik edib öz xalqının faciəli məğlubiyyətini belə gözə alan adam, böyük risk alıb hər şey edir ki, Qafqaz xalqları nəhayət 200 illik Rusiya əsarətindən qurtulsun!

Məncə, bu planda Nikol Paşinyan səhv yolda deyildi, işlər onun istədiyi şəkildə inkişaf edirdi və gözlədiyindən də sürətlə Azərbaycan ordusu savaşın sonuna yaxınlaşmışdı. Qalmışdı bircə Xankəndinə üçrəngli bayrağımız sancılsın, üç istiqamətdən son ildırım sürətli əməliyyatı davam etdirib Ağdərə, Xocalı, Ağdam və Xocavənddəki düşmən birləşmələrini mühasirəyə salaraq darmadağın etsin və beləcə, Laçın və Kəlbəcərə gedən yolu açıb işğal faktına birdəfəlik son qoysun! ...Və tam qələbə marşı çalsın! Çox pafoslu çıxsa da, Ermənistandan çox, onun hərbi-siyasi müttəfiqi olan Rusiyanı geosiyasi planda məğlub etməyə hələ bu qədər yaxın olmamışdı Azərbaycan-Türkiyə ittifaqı! Bəs nə oldu, nə baş verdi? Hər gün qələbələr qazanan Azərbaycan Ordusu niyə dayandırıldı?

Rusiyaya bağlı siyasət adamlarını, iş adamlarını gözümçıxdıya salmaqla, barələrində axtarış elan etməklə, bəzilərini tutdurmaqla, Rusiya telekanallarının yayımını ölkəsində qadağan etməklə Paşinyan Ermənistanın Rusiyadan daha asılı olmadığı görüntüsünü yarada bilmişdi, ancaq "Qarabağ Klanı" onun qərbyönümlü hakimiyyətinə hələ də təhlükə olaraq qalırdı. Onu sıradan çıxarmağın isə yeganə yolu Qarabağı Azərbaycana qaytarmaq idi. Adam yeganə çarəni, çıxış yolunu savaşın başlamasına təhrikdə gördü. Aktiv əməliyyatların gedişində və sonrakı proseslər də sübut elədi ki, Paşinyan Fransaya yox, sırf ABŞ-a bağlı siyasi liderdir, geosiyasi işləri onlarla koordinasiya edir. Ermənistandakı səfirliyində 2000-dən çox əməkdaş saxlayan ABŞ-ın məqsədi isə Qafqazda rus təsirini minimuma endirməkdir. Rəsmi Parisin belə bir dərdi yoxdur!

Çoxları sual edə bilər ki, axı Qərb niyə Ermənistanla Azərbaycana bu qədər siyasi-iqtisadi lütfkarlıq etsin ki? Cavab budur ki, Qərb siyasi institutlarında, iqtisadi dairələrində Qafqaz bütöv bir region kimi qəbul edilib və Cənubi Qafqazın hər hansı bir ölkəsinə ayrıca yanaşma konsepsiyası yoxdur. Yetər ki, bu bölgə Rusiyanın təsir zonasından qismən də olsa, çıxsın.

Qələbə müjdəli xəbərlərimiz Paşinyandan çox, Putinin, Rusiya cəmiyyətinin dişini qıcamasına, isterikasına səbəb olurdu desək, yalan olmaz.

Bütün bu baş verənlərdən sonra belə bir qənaətə gələ bilirik ki, əslində, Xankəndinin iki kilometrliyində əməliyyatların dayandırılması Ermənistan baş naziri Nikol Paşinyanın ideyası deyildi, bu, daha çox son anda geosiyasi zərurətdən meydana gələn Əliyev-Putin-Ərdoğan planı idi. Onsuz da uduzduğunu anlayan və buna qəbullanan Paşinyandan olsa, o, cəbhədə bir az da dirənib Azərbaycanı Xankəndiyə çəkməkdə maraqlı idi. Xanın kəndinə Azərbaycan hərbiçisinin daxil olması isə, Qarabağ münaqişəsində Rusiya faktorunun bitməsi demək idi.

Rusiya prezidentinin hadisələrin o fazaya qədər inkişaf edəcəyinə imkan verməyəcəyini isə qəfil meydana gələn "Helikopter olayı" ilə daha çox hiss etdik. Çünki Rusiya nə olur-olsun 2-ci Qarabağ savaşı dövründə Ermənistan üzündən yuvarlandığı qlobal rüsvayçılıq quyusundan çıxmalıydı. Artıq dünyanın bir çox media quruluşları, analitik mərkəzləri, siyasi dairələri Rusiyanın, konkret isə Putinin regionda sayılmadığı, sözünün eşidilmədiyi, Qafqazı türklərə uduzduğu, mövqeyini, təsir gücünü itirdiyi barədə ciddi sinallar ötürürdülər.

Köhnənin çekisti Putinin bundan qıcıqlanacağı, isterik vəziyyətə düşəcəyi gün kimi aydın idi. O, Azərbaycanın prosesdən tam qalib kimi çıxmasını arzulamırdı, eyni zamanda müttəfiqi Ermənistanın da tam məğlub olması ürəyincə deyildi. Rusiya elə bir hökmlü gediş etməliydi ki, dünyaya göstərsin ki, əslində, qalib guya o, özüdür. Lakin rəsmi Moskvanı tam qalib etmək də mümkün olmadı, çünki bu səfər işin içində Azərbaycan üçün döyüşməyə hazır olan Türkiyə faktoru var idi. Məhz qardaş ölkənin hərbi-siyasi mövcudluğu Putin Rusiyasını son anda bir sıra təcavüz meyllərindən çəkindirdi. Bununla belə, öz dövlət maraqları təmin olunsun deyə, əməliyyatların məhz Azərbaycanın diktə elədiyi bir çox şərtlərinin yerinə yetirilməsi müqabilində dayandırılmasına razı oldu. Paşinyanın, hətta gecəyarısı ortaya çıxan "10 noyabr imza törəni"nə qatılmaması da sübut edir ki, baş verənlər baş nazirin iradəsindən kənar olub. Bir sözlə, Paşinyan və pas atmış ordusunun məğlubiyyətə uğraması səbəbindən əməliyyatların dayandırılması versiyası inandırıcı deyil. Müharibə, sadəcə Putin istədi deyə, ölkəsinin Qafqazdakı mövqeləri daha çox zərbə altında qalmasın deyə dayandı və bu, birmənalıdır.

Ona görə də, Dağlıq Qarabağın ətrafındakı əsas müdafiə qalaları olan rayonların çoxunu, üstəlik Dağlıq Qarabağın son dərəcə strateji nöqtələri olan Hadrutu və Şuşanı da götürdükdən sonra, Putin Azərbaycanı Xankəndinin qapısı ağzında saxladı və masaya oturmağa dəvət elədi.

Nikol Paşinyan və Vladimir Putin

O başqa mövzudur ki, Azərbaycanın Xankəndiyə öz bayrağını sancması, əslində, geosiyasi və geoiqtisadi planda Paşinyan iqtidarının və ona dəstək verən Qərbin, konkret ABŞ-ın "əlinə oynayırdı". Çünki hadisələrin o şəkildə inkişafı Cənubi Qafqazda Rusiya hökmranlığına qismən son qoya bilərdi.

Bundan sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq isə hələlik çox qəlizdir. Çünki bu gün Ermənistanda sözün bütün mənalarında Qərblə Rusiya arasında "mövqe döyüşləri" gedir. Əslində, kimsə zəmanət verə bilməz ki, Paşinyanı devirmək niyyətinə düşən siyasi qüvvələr ən yaxşılardır və guya onların da ipi yoldaş Putinin əlindədir. Hazırda qarışan Ermənistanda rəsmi Moskvanın da hesaba ala bilmədiyi təhlükəli proseslərin baş vermə riski böyükdür, çünki Cənubi Qafqazın bu ölkəsində ABŞ da güclüdür, Fransa da! İndi bu dirənişə qarşı Putin-Əliyev-Ərdoğan triadası nə dərəcədə duruş gətirəcək, bunu yaxın zaman göstərəcək.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi
Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
Son xəbərlər
Bütün xəbərlər »