Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ailəsi döyüşlərdə itkin düşmüş əsgəri axtarır - Video
Ailəsi döyüşlərdə itkin düşmüş əsgəri axtarır - Video

Bu əsgər balamızın anası bizə müraciət edib, kömək istəyəndə ürəyimdən bu bayatı qarışıq bir sızıltı keçdi.

Analar yanar ağlar,

Balasın anar ağlar,

Dönər göy göyərçinə,

Yollara qonar ağlar.

Taleh kimi itkin düşən , haqqında heç bir məlumat gəlməyən bütün əsgər analarının yuxuları, rahatlıqları ərşə çəkilib yəqin.

Daşdəmirov Taleh Fərhad oğlu Şəki şəhər Hərbi Komissarlığının çağırışıyla döyüşlərə qatılıb. Noyabrın 6-da Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb.

Bizimyol.info-ya dərdini danışan əsgər anası Xalidə Daşdəmirova deyir ki, tək dərdi oğlunu tapmaqdır.

“Əlimiz çatan hər yerə müraciət etmişik. Amma heç kim oğlumu “gördüm” demir. Adı nə itkinlər, nə əsirlər, nə də şəhidlər siyahısında yoxdur. Komandirinin dediyinə görə, axırıncı dəfə Talehi görəndə sağ olub, komandir yaralanıb, döyüşdən çıxarılıb, sonra Talehi görməyib. Döyüş yoldaşının dediyinə görə isə, mühasirəyə düşüblər, hər ikisi yaralanıb. Bir-birlərinə kömək etməyə çalışıblar. Talehi döyüş bölgəsindən çıxarmaq mümkün olmayıb, məcbur olub onu orda buraxaraq geri çəkiliblər. Bir neçə gün sonra şəhidlərimizin nəşini götürməyə gedərkən,Talehi buraxdıqları yerdə tapmayıblar. Əsir götürülən əsgər Amin Musayevlə eyni bölükdə döyüşüblər”,- deyən ana oğlunun haqqında hər hansı məlumatı olanların xəbər verməsini istəyir.

Bu xəbəri yaymaqda məqsədimiz Talehi müharibədə görüb tanıyanlardan, haqqında hər hansı bir məlumatı olanlardan yardım istəmək, gözü yolda qalan bir ananın intizarına son qoymaqdır. Taleh barədə məlumatı olanların 055 631 36 79 nömrəsi ilə əlaqə saxlaması xahiş olunur.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »