Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2021-ci ilin büdcə zərfi 7 komitənin birgə iclasında müzakirə olunub
Musa  Quliyev

Dekabrın 23-də Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Mədəniyyət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, İctimai birliklər və dini qurumlar, Gənclər və idman komitələrinin onlayn formatda keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfindəki digər qanunlar birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda hökumət rəsmiləri və Hesablama Palatasının təmsilçiləri iştirak ediblər.

Öncə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 8 məsələdən ibarət gündəlikdəki qanun layihələrinin beşi büdcə zərfinə daxildir.

İclasda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, bu sənəd komitədə çox geniş müzakirə olunub və Milli Məclis Sədrinin tapşırığına əsasən bütün komitələrin deputatları üçün translyasiya edilib ki, bu da Azərbaycan parlamentinin tarixində bir ilkdir.

O qeyd edib ki, qanunvericiliyə uyğun olaraq büdcə zərfi və Hesablama Palatasının rəyi deputatlara təqdim olunub. Qısa müddətdə belə bir rəyin hazırlanması təqdirə layiqdir.Gələn ilin büdcəsi manat ifadəsində Azərbaycanın ən böyük büdcəsidir. Qarabağda qazanılmış Qələbənin iqtisadi sahəyə transformasiya olunması büdcədə öz əksini tapıb. Pandemiya ilə əlaqədar dünya və ölkə iqtisadiyyatının cari ildə çətinliklər yaşamasına baxmayaraq 2021-ci ildə Azərbaycan iqtisadiyyatının 3,4 faiz artması planlaşdırılır.

Daha sonra “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən Tahir Mirkişili deyib ki, gələn il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri və xərcləri eyni miqdarda olmaqla 157 milyon 769 min 146 manat nəzərdə tutulub.

Onlayn iclasda gündəlikdəki 6 məsələni Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. Bildirib ki, 44 günlük müharibədə qazandığımız Zəfər büdcə parametrlərinin müəyyənləşməsinə də ciddi təsir göstərib. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası ilə yanaşı şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli də diqqət mərkəzinə çəkilib. Hər zaman olduğu kimi, yeni büdcədə də sosial sahəyə üstünlük verilib.

“Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” (birinci oxunuş) qanun layihəsinə əsasən, bu fondun gələn il üçün həm gəlirləri, həm də xərcləri 5 milyard 146 milyon 30 min 160 manat həcmində proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 161 milyon manat və ya 7,5 faiz çoxdur. Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 68,4 faizini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək.

Deputatların diqqətinə çatdırılıb ki, büdcə zərfindəki qanun layihələrində 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilir. 2021-ci il üçün ehtiyac meyarının həddi isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 170 manat məbləğində nəzərdə tutulur.

Komitədə birinci oxunuşda müzakirəyə təqdim olunmuş “Sosial sığorta haqqında”, “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə üç qanun layihəsi də ölkəmizdə sosial təminat sahəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.

İclasda büdcə zərfi barədə fikirlərini açıqlayan Maliyyə naziri Samir Şərifov öncə 2021-ci ilin büdcə müzakirələrinin bu formatda təşkilinə görə Milli Məclisin Sədri Sahibə xanım Qafarovaya minnətdarlığını bildirib.

Nazir qeyd edib ki, gələn ilin dövlət büdcəsi ölkəmiz üçün əlamətdar bir dövrdə hazırlanıb. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ermənistanın hərbi-siyasi təcavüzünə son qoyub, tezliklə soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Gələn ilin büdcəsində işğaldan azad olunmuş bölgədə bərpa və yenidənqurma işlərinə 2,2 milyard manat məqsədli vəsait ayrılıb.

Nazir vurğulayıb ki, layihədə gələn ilin dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat, xərcləri 28 milyard 543 milyon manat müəyyənləşdirilib. Samir Şərifov deputatlara 2021-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat, elm və təhsil, səhiyyə və mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti və digər sahələrin fəaliyyətinə ayrılan vəsaitlər barədə də ətraflı məlumat verib.

Sonra iclasda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev büdcə zərfində bu sahəyə ayrılan vəsaitlər və başçılıq etdiyi sahənin fəaliyyət planları barədə parlamentarlara geniş məlumat verib. Bildirib ki, cari ildəki bütün çətinliklərə baxmayaraq, hökumətin ana xətti əhalinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi və bütün sosial proqramların icra olunmasıdır.

Nazir qeyd edib ki, DSMF-nın gələn il üçün büdcəsi 2020-ci ilin dürüstləşdirilmiş büdcəsindən 361 milyon manat və ya 8 faiz çoxdur. Büdcədəki bir sıra göstəricilər özəl sektorun inkişafına, iqtisadiyyatda daha aktiv rol almasına imkan yaradacaq. Vergi güzəştlərinin tətbiqi, minimum əmək haqqının 130 manatdan 250 manata qaldırıldığı barədə danışan nazir bir sıra əlaqədar nazirlik və qurumların səyləri ilə özəl sektorda çox ciddi leqallaşmaya nail olunduğunu vurğulayıb. Bunun nəticəsində əldə edilən gəlirlərin məqsədyönlü sahələrə yönəldildiyini deyib.

DOST-un fəaliyyəti, sosial dəstək tədbirləri, şəhid və qazi ailələrinə göstərilən diqqət, rekord sayda ailənin özünüməşğulluq layihəsinə cəlb edildiyi və s. barədə məlumat verib. Sahil Babayev qeyd edib ki, nazirliyin əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərimizin sosial-iqtisadi inkişafına töhfə verməkdir, 2021-ci ildə əsas diqqət bu bölgələrə geri dönəcək vətəndaşlarımızın layiqli məşğulluğunun təmin olunmasına yönəldiləcək.

Müzakirə zamanı Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, deputat Arzu Nağıyev vurğulayıblar ki, qalib xalqın nümayəndəsi kimi dövlət büdcəsinin müzakirəsini aparmaq qürur və iftixar doğurur.

Çıxışlarda büdcənin peşəkarlıqla hazırlanması və sosial yönümlü olması, Ali Baş Komandanın rəhbərliyi və şəhidlərimizlə qazilərimizin şücaəti sayəsində işğaldan azad olunmuş Qarabağın və ətraf bölgələrimizin bərpasına büdcədə xüsusi diqqət ayrılması yüksək dəyərləndirilib. Təkliflər irəli sürülüb, tövsiyələr bildirilib.

Yekunda nazirlər Samir Şərifov və Sahil Babayev deputatların qaldırdıqları məsələlərə münasibət bildiriblər.

7 komitənin birgə iclasında Azərbaycan Respublikasının 2021-ci il üçün büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatdıqdan sonra deputatların yekdil qərarı ilə baxılan məsələlərin hamısı birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »