Sosial şəbəkələrdə karantin günlərində evində təntənəli ad günü məclisi etməklə gündəmə gələn məktəb direktoru Nailə Məmmədova ictimai qınaqdan sonra Təhsil Nazirliyinin töhməti ilə canını qurtarıb və əməlinə haqq qazandırmaq istəyib.
187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova canlı yayıma çıxaraq bildirib ki, ad günü keçirməyib, o, Qubadlının işğaldan azad olunmasını qeyd edib. Sadəcə. bu onun ad gününə təsadüf edib.
Ancaq araşdırma zamanı məlum olub ki, Nailə Məmmədovanın ad günü noyabrın 27-nə təsadüf edir. Qubadlı isə oktyabrın 25-də işğaldan azad edilib. Buna deyərlər üzrü günahından betər. Səhvini də başqa bir səhvlə malalayan məktəb direktoru yəqin azyaşlılara yalan danışmağın pis əməl olması barədə çox moizələr oxuyub.

Nailə Məmmədovanın bu əməlini şiddətlə qınayıb, üzümü Təhsil Nazirliyinə də tutmaq istəyirəm. Bir ay öncə onlayn dərsdə başına bayraq taxıb sevincini dəcəl bir şəkildə ifadə etmiş 18 yaşlı 1-ci kurs tələbəsinin universitetdən qovulduğunu xatırlayırıq. Nailə Məmmədovanın məktəb direktorundan çox təhsil müəssisəsinin “xanım ağa”sını xatırladan kimiliyi niyə gözünüzə toxunmur? Nailə Məmmədova kimiləri yeməyi də, yedizdirməyi də yaxşı bilir, ona görə?
Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın 2017-ci ildə jurnalisti təhqir etməsiylə bağlı səs yazısı yayımlanıb.
Məktəb direktoru Nailə Məmmədova İctimai Nəzarət Koalisiyasının (İNK) sədri Rasim Məmmədovun bacısıdır.
İlhamə