Müharibədə ən ön xəttə döyüşən, torpaqlaramıza ilk ayağı dəyən oğullarımızdan biri də Allahyarov Tahir Mikayıl oğludur.
O, 1996-cı ildə Qəbələ rayonunun Bum kəndində dünyaya göz açıb. Tahir Tarix, Coğrafiya müəllimidir. Lakin gələcək fəaliyyətində digər tarix müəllimlərindən çox fərqlənəcək. Çünki Azərbaycanın ən şanlı tarixini yazanlardan biridir. Nə xoş sənin gələcək şagirdlərinin halına ki, sadəcə kitabdan öyrəndiklərini, oxuduqlarını yox, həm də yaşadıqlarını dinləmək şansları olacaq.
Tahirin atası Mikayıl bəy oğlu ilə bağlı o qədər qürurla danışır ki, insan dinlədikcə dinləmək istəyir.
“Oğlum hərbi xidmətidən 3 ay idi gəlmişdi evə. Səfərbərlikdən çağırış gəldi. O, “052”-də döyüşüb. Hadrut, Xocavənd, Qırmızı bazar istiqamətlərində döyüşlərdə iştirak edib. Ayın 21-i Hadrut istiqamətində gedən döyüşlər zamanı yaralanaraq “kantuziya” alıb.
Tahir 2 yaralı yoldaşını ermənilər əsir ala bilməsin deyə, səhərə kimi onların yanında gözləyib və onları qoruyub. Hava işıqlananda gedib adam çağırıb və onları təcili yardıma çatdırıb.
Özü də yaralı olduğu üçün bir müddət xəstəxanada yatdıqdan sonra noyabrın 8-i yenidən Şuşaya döyüşə yollandı. 2 gün sonra eşitdik ki, müharibə bitdi”,-deyə bildirir əsgərin atası.
Bu vətən üçün etdiklərinizi unutmadıq, unutmayacağıq,unutdurmayacağıq.
Leyla Mirzə