Koronavirus bütün bəşəriyyəti qorxuya salıb. Dünya infeksiya ilə mübarizəyə var gücünü sərf edir. Bir çox ölkələrdə vaksinləşməyə başlanılıb.
Bizimyol.info xəbər verir ki, ABŞ-da “BioNTech” və “Pfizer” məhsullarına üstünlük verilir. İlk peyvənd əsasən tibb işçilərinə vurulub. Onlar mətbuata müsahibələrində təəssüratlarını bölüşüb.
Konnektikut ştatının Stemford şəhərində işləyən 43 yaşlı həkim Maykl Bernşteyn dekabrın 16-da peyvənd olunub. O, vaksinləşmədən 12 saat əvvəl xüsusi anket doldurub. Məhz özünü yaxşı hiss etdiyi anda vaksin vurulub. “İlk 24 saat ərzində elə hiss var idi ki, sanki qoluma yumruq vurulub”, - Maykl Bernşteyn deyir.
İllinoys ştatında yaşayan Nik Kessener həmkarından bir gün əvvəl peyvənd sınağından keçib. 35 yaşlı həkim vaksin vurulandan sonra bir az qarnında ağrı hiss etdiyini bildirib: “Virusa yoluxma riskim yüksək idi. Çünki məhz COVİD-19 xəstələri ilə işləyirəm. 30 yaşlarında insanın virusdan necə iflic olmasını gözlərimlə görmüşəm. Vaksin hələ tam arxayınlaşmaq anlamına gəlmir. Yenə maska taxacağam, əllərimi tez-tez yuyacağam”.
Cənubi Karolinada işləyən Keti Passaretti çox nikbindir. O, vaksinə qaranlıqdakı işıq kimi baxdığını bildirib. Kessener kimi Passarettinin də qarnında ağrı müşahidə olunub: “Amma özümü güvənli hiss edirəm. Maskanı çıxarmağa tələsmirəm”.