Deputatlar yenidən koronavirus testindən keçəcəklər.
Bu barədə parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib. Sədr bildirib ki, dekabrın 24-də keçiriləcək plenar iclasdan bir gün öncə deputatlar koronavirus testindən keçəcəklər.
Azərbaycanda koronavirusa yoluxanların sayı artdıqca, Covid-19 testindən keçmək istəyən şəxslərin sayı da artır. Amma özəl sektorda çalışanların nəinki hər iş günü, bir ay ərzində koronavirus testindən keçmirlər.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən həkim-farmakoloq Müşfiq Hüseynov bildirib ki, dövlət sektorunda çalışanların həftəlik test müayinələrindən keçməsilə bağlı faktlar olsa da, özəl sektorda çalışanların test müayinəsindən keçməsi barədə məlumat yoxdur.
"Pandemiya dövründə hər gün işləyən şəxslərin koronavirus testindən keçməsilə bağlı məlumat yoxdur. Yüksək vəzifəli məmurların gündəlik test müayinəsindən keçməsi barədə faktlar var. Hüquq mühafizə orqanlarında isə həftədə bir dəfə bütün əməkdaşlar testdən keçir. Onların sağlamlığı ilə bağlı həftəlik məlumatlar olur. Çünki ipin ucu qaçarsa, həndəsi fiqurla bütün dövlət strukturuna virus yayılar",-deyə M.Hüseynov bildirib.
Həkim qeyd edib ki, özəl sahədə çalışan işçilərə gəldikdə, sahibkarların hər gün və ya həftədə bir dəfə 100 manat ödəyərək işçilərini testdən keçirəcəyi inandırıcı deyil: "Koronavirus testinin qiyməti 100 manat deyil, simvolik olsaydı, məsələn, 15-20 manat olsaydı, ayda bir dəfə sahibkar işçilərini testdən keçirtməsi inandırıcı olardı. Məsələn, supermarketlərin işçiləri gigiyena qaydalarına əməl etməklə özlərini qorumağa çalışırlar.
Bir məsələni də vurğulamaq istəyirəm. Son zamanlar anladıq ki koronavirusdan qorunan şəxslər də bu virusa yoluxa bilirlər. Testlər və statistika dəqiq aparılsa, əhalinin 60 faizi koronavirusa bu və ya digər formada yoluxduğu bəlli olar".
Ramid İbrahimov