Bu günə qədər bir çox qəhrəmanlarımızın döyüş yoluna birgə nəzər saldıq. Bu gün isə sizlərə Suqovuşana ilk bayrağımızı sancan igidi tanıtmaq istəyirəm. Haqq savaşımızda ilk bayrağımızı ucaldan İlkin Fərzəliyevdir.
İlkinin Suqovuşanda bayrağımızı sancdığı həmin görüntüləri yəqin ki, bir çoxlarınız izləmisiniz. İllərlə həsrətini çəkdiyimiz həmin torpaqlarda erməni bayrağını endirməsi və Azərbaycan bayrağını dalğalandırması əks olunan həmin videonu izləyərkən insan sevinc gözyaşlarını saxlaya bilmir.
İlkin döyüşə yollanarkən sanki qələbə çalacağımızı və bu şərəfli işin onun boynuna düşəcəyini öncədən hiss etmişdi. Buna görə də, döyüşə gedən zaman üç rəngli bayrağımızı özü ilə aparmışdı.
“Orada döyüşənlərin hər biri sözün yaxşı mənasında “şəhidlik virusu”na tutulmuşdu. Qolundan, ayağından, başından zədə alan hamı düşünürdü ki, bu adi yaradır. Yanımızda şəhid olan yoldaşlarımıza baxıb deyirdik ki, “bəs mən niyə şəhid olmadım?”,-deyə bildirir İlkin.
Anası Mətanət xanım deyir ki, Vətən müharibəsi zamanı oğlanlarının ikisi də cəbhədə olub və o, oğulları ilə fəxr edir.
“Oğullarım zəng edib deydilər ki, ana biz əsir düşməmək üçün özümüzü qumbara ilə partdatsaq razı olarsan? Ana üçün çətin olsa da, dedim ki, razı olaram. Bircə düşmənə əsir düşməsinlər”,-deyə bildirib.
Məğlubedilməz ordunun qalib əsgərləri, sizi bu xalq heç zaman unutmayacaq.
Leyla Mirzə