Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazimiz: "Məni bir neçə saat şəhid hesab ediblər"
Cavid Abdinov -  Qazi

Müharibə bizə bir-birimiz üçün yaşamağı, bir-birimiz üçün fədakarlıq etməyi, ölməyi öyrətdi. Dəmir yumruq olduq, həm düşmənin başını əzmək, həm də birlikdə olmaq, güclü olmaq üçün. Bu sözləri elə belə pafos xətrinə yazmıram. Döyüş xatirələrini dinlədiyim hərbiçilərimizi dinləmək mənə belə deməyə əsas verir. Hər birini axtarmaq, hamısını diqqətdə saxlamaq arzusu var. Elə bu məqsədlə də döyüş yolu keçmiş hazırda təxris olunmasını gözləyən Kamil Bəhramzadə ilə tanış olduq. Amma ondan eşitdiyim söz igid əsgərimizlə qürurlanmağıma səbəb oldu:

“Məndən yazmayın, bir qazimiz var, çox igid oğlandı, döyüş yoldaşım olub,ondan yazın.O yaralanıb, mənsə yox. O dura- dura məndən yazılsa, utanaram”.

Cəbhədə öncə çörəklərini, sularını bölüşdülər, düşmən qarşısına çıxanda güllələrini, yetmədi, yaralanınca biri digərinə ayaq oldu, göz oldu, dayaq oldu, sipər oldu. 44 günlük bir müharibə bizim igid oğullarımızın bəşər trixinə verdiyi insanlıq dərsi oldu.

Kamilin nişan verdiyi igid Cavidi axtarmağa qərar verdim. Siyəzən rayon sakinidir Abdinov Cavid Vahid oğlu. 20 yaşı var. 3 bacının bir qardaşı, evin ən kiçiyidir. 20 yaşında oddan- alovdan keçməyi, vətən yolunda can verməyi öyrənib. Müharibə başlayanda xüsusi təyinatlı qoşunların tərkibində N saylı hərbi hissədə hərbi xidmətdəymiş. Fizuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. Oktaybrın 4-də ölümcül yaralanıb. Öncə onu şəhid biliblər. Daha sonra günlərlə komada qalıb.Həkimlərimiz əsgər balamızı ölümdən qurtara biliblər.

“Komada olanda ətrafımda baş verənləri eşidirdim. Şüurum ətrafımda həkimlərin dedikıərini dinləyirdi. Ancaq döyüş xəbərləri eşidirdim. Hansı torpaq alındı, ordumuz hara qədər getdi. Həkimimin sözlərinə görə, narkozun təsiri altında da hamı döyüşür, mən burda qalmışam deyirəmmiş”.

Cavid deyir müharibənin başlanması xəbərini eşidəndə sevinib.

“Elə əsgər gedəndə də anama demişdim ki, mən şəhid ola bilərəm. Gərək üzülməyəsən. Bu sözümə kövrəlib ağlamışdı. Düzdü onda müharibə olacağını bilmirdik. Amma arzu edirdim ki, döyüşlər olsun, vətən torpaqlarının azad edilməsində iştirak edim. Allah arzuma çatdırdı. Döyüşdə minamyot manqasının rəhbəriydim. Hamımız bir -irimizə söz vermişdik ki, nə olsa kömək edəcəyik, bir-birimizdən arxayın idik. Bilirdik ki, yaralansaq mütləq qardaşlarımız köməyimizə çatacaq. Əsgərlərimiz ölümə gülə-gülə, qorxmadan gedirdilər. Bilmirəm niyə, amma qorxu hissi yox idi. Ancaq irəli getmək, düşməni əzmək barədə düşünürdük. Çox dostlarımız şəhid oldu. Burdan bütün şəhid analarına başsağlığı verirəm, qarşılarında baş əyirəm. Allah onlara səbr versin. Dözüm versin. Qazilərimizə də demək istəyirəm ki, hər şey yaxşı olacaq. Vətən üçün igid oğullar böyüdən bütün analarımızın əlindən öpürəm”.

Cavid bir gözünü itirib, digər gözünə linza yerləşdirilib, görmə faizi çox azdır. Bir gözündə hələ də qəlpə qalmaqdadır. Deyir bir il sonra yenidən əməliyyat edəcəklər. Əlləri, çiyni, qulağı, ayağı, qəlpə yaraları alıb. Axsayır, bədənində düşmən minasının qəlpələrini daşıyır, amma bunu dərd etmir. Vətən sağ olsun deyir.

Siyəzən rayon İcra Hakimiyytindən qazimizin ailəsinə cəmi bircə dəfə baş çəkilib. Evə gələndən bir ay sonra.İncik deyil. Ürəyi o qədər böyük,o qədər gözəldir ki, bunu xırda şey hesab edir, incimir. Amma biz inciyirik. Döyüşçü ailələrinə diqqət kampaniya xarakteri daşımamalıdır.

“Şəhidlik mənə qismət olmadı, savaş olsa bir də getməyə hazıram, təki analarımız, bacılarımız, vətən torpağımız bir daha düşmən hücumuna məruz qalmasın” deyəcək qədər fədakar bir oğulu ən azından ziyarət etmək, dərdini, ehtiyacını öyrənmək lazımdır. Biz onlara bircə dəfə ziyarətinə gedəcək qədər deyil, ömrümüz boyunca borcluyuq. Barı qayğımız, şəvqətimizlə uğrunda can verdikləri bu vətənin onlara olan sevgisini hiss etdirmək kimi borcumuz var.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »