Son günlərdə Ermənistan mətbuatında Rusiyanın Qarabağda 8 min ev tikəcəyi ilə bağlı xəbərlər dərc olunur. Məlumatda bildirilir ki, evlərin Azərbaycanın Xankəndi, Xocavənd və Ağdərə rayonlarında tikilməsi nəzərdə tutulur.
Ermənistan KİV-ləri həmin evlərin bölgədən köçən erməni əhalisi üçün inşa olunacağını ehtimal edir.
Rusiyanı narahat edən məsələ nədir? Niyə orada yaşayan erməni ailələr üçün ev tikməlidir?
Bizimyol.info-ya açıqlma verən politoloq Turab Rzayev bildirib ki, orada olan evlərin sayı, əhalinin sayından çoxdur.

“Çox təəssüflər olsun ki, Rusiya bu humanitar yardımları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri çərçivəsində və ancaq ermənilərin yaşadığı ərazilərə olunur. Hələ hansısa Qarabağ münaqişəsindən əziyyət çəkən azərbaycanlı üçün humanitar yardımın edilməsinə, Rusiyanın hansısa şəkildə onları dəstəkləməsinə rast gəlməmişik.
Təbii ki, bu tikiləcək evlər sırf ermənilər üçün nəzərdə tutulur. Çox qəribədir ki, Rusiya niyə orada 8 milyon ev tikir? Birincisi orada olan evlərin sayı, əhalinin sayından çoxdur. Vaxtı ilə 200-300 min insan təkcə Dağlıq Qarabağ Muxtar Vilayətində, 1 milyona yaxın insan isə ətraf ərazilərdə yaşayırdı. Hazırda Rusların bu köçürmələri ilə birlikdə 70 min insan ya olar, ya yox. Rusların ev tikmələri biraz müəmmalı olaraq qalıb. İstənilən halda Rusiyanın rəsmi olaraq Azərbaycan Respublikasının ərazisində hansısa bir tikinti aparması xoş bir iş deyil. Beynəlxalq qanuna ziddir”.
Politoloqun sözlərinə görə, Rusiya azərbaycanlı ailələrin ora qayıtmasını belə xoş qarşılamır.
“Çünki, son günlərdə rusların çıxışlarında Dağlıq Qarabağdakı münaqişənin dondurulmasına, status məsələsinin gələcək nəsillərə saxlanılmasına dair çıxışlar görürük. Bu da onu göstərir ki, Rusiya azərbaycanlı köçkünlərin Qarabağa qayıtmasında da maraqlı deyil”,-deyə bildirib.
Leyla Mirzə