Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin zərərli fikirlər səsləndirir
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında Qarabağla bağlı mövqeyini bəyan edərək üçtərəfli sazişin nəticələri, status və sülhməramlıların sayının artırılması ilə bağlı sualları cavablandırıb. Kreml rəhbərinin qeyri-müəyyən nüanslara aydınlıq gətirməsindən aydın olur ki, Rusiyanın mövqeyi ilə Azərbaycanın mövqeyi arasında üst-üstə düşməyən məqamlar var. Putin vurğulayıb ki, Dağlıq Qarabağın statusu dəyişməz qalmalı və bu məsələ gələcəyə buraxılmalıdır.

Yəni müharibədən sonra formalaşmış hazırkı status-kvo dəyişməməlidir. Halbuki, noyabrın 10-da imzalanmış üçtərəfli sənəddə statusla bağlı hər hansı müddəa yoxdur. Lakin Putinin sözlərindən onu anlayırıq ki, Rusiya status mövzusunu hələ də qapanmış saymır, sadəcə indiki mərhələdə gündəmə gətirməyə lüzum görmür.

Rusiya rəhbəri deyib ki, Dağlıq Qarabağ ətrafında yaranan vəziyyət sadə normativ postulatlardan, o cümlədən beynəlxalq hüquq müddəalarından daha mürəkkəbdir:

“Kökündə hələ İstanbulda başlayan, daha sonra Dağlıq Qarabağa keçən etnik münaqişə dayanır. Burada hər tərəfin öz həqiqəti var. Dağlıq Qarabağ erməniləri zamanında həyatlarını və ləyaqətlərini müdafiə etmək üçün əllərinə silah götürüblər”. Putin Qarabağda Rusiya sülhməramılarının sayının artırılması imkanını da istisna etməyib, amma vurğulayıb ki, bunun üçün Azərbaycan və Ermənistanın razılığı olmalıdır.

Rusiya prezidentinin cavabları ictimaiyyətdə birmənalı qarşılanmayıb. Ekspertlərin fikrincə, Kreml başçısı münaqişə tərəfləri arasında balanslaşdırılmış siyasətə üstünlük verir və Yerevanı küsdürməməyə çalışır.

Arzuxan Əlizadə Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Şərq”ə bildirdi ki, Putin Qarabağdan danışarkən həmin ərazilərin Azərbaycana məxsus olduğunu desə də, ardınca zərərli fikirlər səsləndirdi. Putin Dağlıq Qarabağ münaqişəsinin başlanma dövrü barədə çox yanlış məlumat verdi və prosesi Sumqayıt hadisələri ilə bağladı. Partiya rəhbərinin sözlərinə görə, kifayət qədər məlumatlı olan Putinin münaqişənin harada, necə başladığını bilməməsi qeyri-mümkündür:

“Rusiya rəhbəri yaxşı bilir ki, proses 1987-ci ildə ermənilərin əsassız ərazi iddiaları ilə başlayıb. İlk cinayət və qətliamlar ermənilər tərəfindən törədilib. Putin 10 noyabr Bəyannaməsindən sonra üçüncü dəfə təkrarlayır ki, “Dağlıq Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir”. Ardınca isə vurğulayır ki, “heç Ermənistanın özü belə Qarabağdakı rejimi tanımayıb”. Əslində, bu cür mesajların verilməsini doğru saymıram. Çünki Putinin birinci açıqlmasından sonra Fransa Senatında qondarma rejimin “müstəqilliyi” ilə bağlı qətnamə qəbul edildi. Brüsseldə və Niderlandda bənzər cəhdlərin şahidi olduq. Sanki ermənilərə mesaj verilir ki, əvvəlcə özünüz tanıyın, sonra başqalarından bunu tələb edin.

Kreml rəhbərinin “status məsələsi gələcəkdə həll ediləcək” fikri də xoşagəlməz açıqlamadır. Dağlıq Qarabağ Azərbaycan ərazisidir və orada hər hansı status məsələsinin müzakirəsi absurddur. Azərbaycan unitar dövlətdir. Ərazimizlə bağlı bütün məqamlar qanunvericiliyimizdə əksini tapıb. Eyni zamanda dövlət başçısı statusla bağlı konkret mövqeyini ortaya qoyub. İctimaiyyətdə də birmənalı yanaşma mövcuddur. Bölgədə yaşayan ermənilər qeyd-şərtsiz Azərbaycan vətəndaşlığını qəbul etməli, qanunlarımıza tabe olmalıdır”.

A.Əlizadə diqqətə çatdırıb ki, erməni silahlı qüvvələrindən danışan Putin üçtərəfli Bəyanatın sadəcə 1-ci maddəsini əsas götürür. Vurğulayır ki, tərəflər olduqları yerdə qalmalıdır:

“Halbuki, sənədin 4-cü maddəsində konkret göstərilir ki, erməni silahlıları sülhməramlıların bölgəyə yerləşməsinə paralel olaraq oranı tərk etməlidir. Hələ bu bəndə əməl olunmayıb. Rusiya rəhbərinin məsələnin üzərindən ötəri keçməsi bizi qane etmir. Bütün erməni silahlıları ərazilərimizdən tezliklə getməlidir. Hadrutda baş verən hadisələr, “partizan müharibəsi” iddiaları vəziyyətin riskli olduğunu ortaya qoydu”.

Partiya sədri vurğulayıb ki, Putin vasitəçilik missiyasını qabardaraq Minsk qrupunu aktivləşdirməyə çalışır: “Həmsədrlər ölkə ictimaiyyəti tərəfindən qəbul olunmur. Əgər Rusiya sülhməramlı kimi Qarabağa gəlibsə, üzərinə öhdəlik götürübsə, tərəf tutmamalıdır. Ermənilərin xoşuna gəlmək üçün Azərbaycan tərəfini hiddətləndirən açıqlamalar verməməlidir. Vasitəçi tərəf obyektiv olmalı, beynəlxalq hüququn tərəfini saxlamalıdır. Beynəlxalq hüquq isə deyir ki, Dağlıq Qarabağ adlanan ərazilər Azərbaycana məxsusdur. Onsuz da Rusiya 10 noyabr sazişi ilə ermənilərə ön böyük dəstəyi və köməyi verib. Məhz bu anlaşma Ermənistanı tamamilə məhv olmaqdan xilas edib. Kremlin bundan artıq ermənilərə güzəşt axtarması yolverilməzdir”.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »