Sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırıldı.
Dəyişikliklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər 5 min manatdan 11 min manatadək məbləğdə cərimə ediləcək.
Bəs, karantin qaydalarını pozan hüquqi və fiziki şəxslər üçün cərimələrin artırılmasının faydası olacaqmı?
Milli Hüquq Evinin rəhbəri, hüquqşünas Nicat Gözəlov Bizimyol.info-ya bildirib ki, karantin qaydalarının pozulmasına görə cərimələrin artırılması koronavirusla mübarizəyə təsir etməyəcək.
“Cərimələrin artırılması heç nəyi dəyişməyəcək. Çünki apteklərdə süni qiymət artımı müşahidə olunur. İnsanların şişirdilmiş qiymətə olan məhsulları almağa imkanı yoxdur. Cərimələrin artması qorxutmaq üçündür, maarifləndirmək üçün deyil”,-deyə N.Gözəlov bildirib.
Hüquqşünas Sahib Məmmədov dövlət orqanlarında karantin qaydalarına əməl olunmadığını bildirib. Problemdən şikayət etsə də, ona cavab verilməyib.
“Mən karantin rejimi dövründə xidmətindən istifadə etmək üçün iki dövlət orqana və kommersiya bankına xidmətindən müraciət etmişəm. Burada elementar qaydalara əməl olunmur. Karantin qaydalarının tətbiq olunmasına nəzarəti həyata keçirən orqanda belə bu qaydalara əməl olunmur. Yəni problem cərimənin az olması deyil, cərimənin selektiv tətbiq edilməsinə görədir”,-deyə S.Məmmədov bildirib.
Ramid İbrahimov