"Tərtər rayon icra başçısı Müstəqim Məmmədovla bağlı dəfələrlə sosial şəbəkələrdə müxtəlif məzmunlu şikayətlərə rast gəlirəm. Maraqlı məqamlardan biri budur ki, icra başçısından ən çox şikayət edən Şəhid, Qazi ailələridir".
Bizimyol.info xəbər verir ki, bu fikirləri Ümid Partiyasınin sədri İqbal Ağazadə deyib.
Sabiq millət vəkili qeyd edib ki, səlahiyyətli dövlət qurumları illərdir çoxsaylı şikayətlərə nədən diqqət ayırmır: "Niyə icra başçısına vəzifəsinin xalqa xidmət olduğunu deyən yoxdur? Yoxsa Müstəqim Məmmədov əvəzedilməzdir, ya Qəhrəman Tərtər əhalisi bu tip başçını haqq edir?
Şikayətlərin motivinə varmadan səlahiyyətli dövlət qurumlarına ( Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə, Prezidentin köməkçisi cənab Zeynal Nağdəliyevə, DTX-nın rəhbəri cənab Əli Nağıyevə) müraciət edirəm:
Bu icra başçısının - Müstəqim Məmmədovun əməlinə hüquqi qiymət verin, onun adamları, xüsusilə, şəhid ailələrini, qaziləri təhqir etməsinə, aşağılamasına imkan verməyin. Tərtər düşmənin iki addımlığında illərdir mübarizə aparır, o şəhərə və sakinlərinə onlara layiq insanlar rəhbərlik etməlidir".
İ.Ağazadə qeyd edib ki, çoxsaylı şikayətlər, müraciət edən xeyli sakinlər var. Videomateriallar sosial şəbəkələrdə yayılıb. Əlavə faktlar axtarmağa ehtiyac yoxdur. İcra başçısı təkcə rüşvət alarkən tutulmur, həm də vəzifəsini yerinə yetirməyəndə, qanunları başqa formada pozanda da həbs edilir.