Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mən bir akademik olaraq qərar verirəm: “Tütək” sözü “düdək” kimi yazılsın!”
“Mən bir akademik olaraq qərar verirəm: “Tütək” sözü “düdək” kimi yazılsın!”

Vəzifəli alim və akademiklər ana dilinin qrammatik immuniteti ilə oynayıb öz immunitetlərini möhkəmləndirirlər.

Vətən Müharibəsi ilə əlaqədar son zamanlar daha çox işlədilən toponimlərdən biri də “Xankəndi” sözüdür. Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bu sözün ismin hallarında düzgün yazılışı haqqında mətbuata özünəməxsus açıqlama verib. O deyib: “Xankəndi sözünə şəkilçi artıranda sözün sonu saitlə bitdiyi üçün “də” şəkilçisi artırılır. Yəni XANKƏNDİDƏ olmalıdır. Məsələn, saitlə bitən digər sözlərə -da, -də şəkilçisi bu qayda ilə artırılır. “Xəritədə”, “dənizdə”, “dəridə” və s. Xankəndi sözünə -a,-ə şəkilçisi artırılanda isə ...XANKƏNDİNƏ olmalıdır” (MediaPost).

Cənab Dilçilik İnstitutunun direktoru, məgər “dəniz” sözü saitlə bitir?! Bir də ki yönlük halda XANKƏNDİNƏ yazmağınızın heç bir qrammatik-məntiqi əsası yoxdur.

Bitişik yazılan mürəkkəb xüsusi isim və ismi birləşmənin leksik-qramamtik cəhətdən idrakına vara bilməyən Möhsün Nağısoylunun rəsmi sözçüsü “ikinci növ ismi birləşmədə olan toponim”in hallanmasının fərqli olduğunu mətbuata açıqlayıb. Sözçü deyib: ““Xankəndi” sözü ikinci növ ismi birləşmədə olan toponimdir... Yönlük halda artıq olur XANKƏNDİNƏ. Çıxışlıq halda isə XANKƏNDİNDƏN”.

İstər direktor, istərsə də onun sözçüsünün izahı qeyri-elmi və Azərbaycan dilinin linqvistik qaydalarına ziddir. Direktor özü yönlük halda səhv etmişdisə, sözçüsü yönlük, çıxışlıq halın izahında da səhvə yol verir.

İstər direktorun, istərsə də onun sözçüsünün açıqlaması həqiqəti əks etdirmir və hər ikisinin yönlük halda “y” bitişdiricisi əvəzinə “n” bitişdiricisini artırması təsbit olunmuş qrammatik qaydalara ziddir. Bunun detalları ilə sübutuna ehtiyac yoxdur.

Əvvəla, mən həmişə hərf oyunbazlığına vaxt sərf etməkdən qaçmışam. Çünki bu mövzular orta məktəbin normativ qrammatikalarında öz əksini tapıb və öz üzərində çalışan praktik Azərbaycan dili müəllimi üçün bunları akademik problemə çevirmək gülünc görünə bilər. Amma nə yazıq ki, dilimizi söz sahibi akademiklərdən, professorlardan qorumaq faktı ilə üz-üzə qalmışıq (Bu həm də dilçilik sahəsində görülən işlərin elmi məzmunundan və səviyyəsindən xəbər verir. Yalanlar, şişirtmələr, aldatmalar, təriflər və s.).

Zərurət olmadığı halda sözlərin yazılışını dəyişməklə, ana dilinə ziyan vurmaqla gündəmdə qalmaq istəyən bu tükənmişlərə qarşı mübarizə aparmağa məcbur olursan, vaxtın və abırın gedir. Susursan da, vicdanın səni rahat buraxmır. Məsələn, 2017-201818-ci illərdə orfoqrafiyamızın süni surətdə dəyişdirilməsinə qarşı çıxdığım üçün onların müqaviməti ilə qarşılaşdım. 2019-cu ildə dövlət vəsaiti hesabına nəşr olunmuş və təltif edilmiş nəhəng plagiat “abidəsi”nə davamlı etiraz etdiyimə görə şəbəkənin şər və şantajlarına məruz qaldım. Orfoqrafiya oyunbazlığının dilimizə və təhsilimizə vurduğu zərərə aid saysız-hesabsız faktlar və nümunələr vardır...

İndi Xankəndi toponimini yönlük halda “Xankəndiyə” şəklində hallandıranları “qrammatikanı və orfoqrafiyanı bilməmək”də ittiham edən direktor və sözçüsü “Xankəndi” mürəkkəb xüsusi ismini ismi birləşmə kimi başa düşürlər. Bu məsul şəxslərin izahından belə çıxır ki, DAŞALTIYA, KOROĞLUYA, o cümlədən XANKƏNDİYƏ deyil, “Daşaltına”, “Koroğluna”, “Xankəndinə” yazmalıdır (?!).

Bəli, Dilçilik İnstitutu “böyük” və titullu, vəzifəli alim və akademiklərin ucbatından get-gedə öz nüfuz və etibarını daha çox itirir. Bilirsinizmi, onlar dilçiliyin aktual problemlərinə girişmək iqtidarında və marağında olmadıqlarından ana dilinin qrammatik immuniteti ilə oynayıb özlərinin dəstə immunitetini möhkəmləndirirlər. Xalqın illərdən bəri formalaşmış yazı qaydalarını dəyişmək təklifləri ilə vaxt keçirmək onlar üçün əyləncəlidir, həm də ucuz populyarlıq qazanmanın asan yoludur. Diqqət etsəniz, burada bir imperativlik, hökm, mənəm-mənəmliyin olduğunu da görərsiniz. Məsələn: “Mən avtoritetli bir akademik olaraq qərar verirəm: “Tütək” sözü “düdək” kimi yazılsın!”.

Bəyəm, bir adam çıxıb deməyəcəkmi sən kimsən ki, xalqın qrammatik əsaslar üzərində sabitləşmiş yazı qaydalarına hökm edirsən?! Bəli, məhz belələrinin üzündən dəstə, qrup marağı önə keçir, dəstəyə, yaxud şəbəkəyə “ləbbeyk” deməyənlər sıxışdırılır, hətta onların ortaya qoyduğu dövlət və beynəlxalq əhmiyyətli ciddi əsərlərə göz yumulur, əsaslı elmi işlər görülmür, əsl dilçilik problemlər üst-üstə qalaqlanıb qalır, daha çox aldadıb pul qoparmaq, səlahiyyət qazanmaq davaları gedir. Dövlət əhəmiyyətli elmi iş ortaya qoyan şəxsləri həvəsdən salmaq üçün əllərindən gələni edirlər, onlar gözüm-çıxdıya salınır, psixoloji təsirlərə məruz qoyulurlar. Bu işdə akademik İsa Həbibbəylinin xüsusi payı vardır. Eyni zamanda Dilçilik İnstitutunda M.Nağısoylunu idarə edən və ona tapşırıqlar verən digər akademiklər də vardır...

Paradoksallıq odur ki, dəstə üzvü olub qrup marağına xidmət edənlərin oğurluq və sonunda rüsvayçılıqla nəticələnən nəverim əsərlərinə mükafat verilir, dövlət vəsaiti xərclənir, illik hesabatlara salınır, büdcə dağıdılır, qrantlar yeyilir. Müəyyən maliyyə qaynağına malik dəstə və şəbəkə üzvləri dövlət və xalq naminə həqiqəti deyən şəxsin üzərinə sürü ilə yeriyirlər.

Hələ dilçiliyimizin başına gətirilən digər oyunlar haqqında danışmıram.

Təsəvvür edin, Azərbaycan Milli Elmlər Akademiyasında Toponomiya komissiyası yaradılır, sədri akademik İsa Həbibəyli olur, müavini isə elmi əsəri qeyri-elmi əsərdən ayırd edə bilməyən, özünün 1979-cu ildəki namizədlik dissertasiyasını bəzəyib-düzəyib 2020-ci ilin mühüm elmi nəticəsi kimi hesabata salan, arxasındakı 1-2 akademikin dayağına söykənən, nəhayət, “Xankəndi” toponiminin yanlış hallanması üzərində israr edən, miskin vəziyyətə salınmış Dilçilik İnstitutunun “təəssübkeş” direktoru Möhsün Nağısoyludur. Bərəkallah! “Xeyirli olsun!” desəm, guya xeyirli olacaq?!

Özgə vaxt sinənizə döyüb deyirsiniz ki, bəs siz kənddə Azərbaycan sektorunda təhsil aldığınıza görə Azərbaycan dilini belə gözəl bilirsiniz, hətta başqalarına ana dilini yaxşı bilmədikləri üçün xor baxırsınız. Özünüzə və verilmiş “akademik” rütbənizə o qədər arxayınsıznız ki, sanki dediyiniz səhv də düz olmalıdır. Siz başqa şeyləri yaxşı öyrənsəniz də, təəssüf ki, öz ana dilinizin qrammatikasını yaxşı dərk edə bilməmisiniz, cənabi-möhtərəmlər!

Sizin kimi “məşhur” dilçilərin üzündən qrammatik qaydalarımız hədəqədən çıxıb, hərə bildiyini edir. Özünüzü əziyyətə salmamısınız. Təkrar-təkrar kurs işlərini, diplom işlərini quraşdıraraq məişətdə işlədilən kağızdan da əhəmiyyətsiz dissertasiyalar düzəldib elmə kələk gəlməklə cibinizi güdmüsünüz. Dilimizin qrammatikasındakı dərin və problemli məsələlərə, mühüm qaynaqlara illərinizdən qıymamısınız, qıyanları isə məhrumiyyətlərə qıydırmısınız. Canınıza qulluq edib başınızı girələmisiniz. Guya yemək üçün 5-10 il artıq yaşayanda nə olur ki?! Vallah, savadlı bir orta məktəb müəllimi ilə müqayisədə çox savadsız, həm də zərərlisiniz. Bütün parametrləri üzrə zərərlisiniz. Yıdığınız milyonlar azmış kimi, əlavə olaraq sizə boş-boşuna xərclənən pullar niyə millətin Vətən uğrunda canını qurban edən fədakar balalarına xərclənməməlidir?!

Niyə “zərərli” dedim, bilirsinizmi?! Çünki sizin “professor”, “akademik” adlı titullarınız var. Dövlət atributumuz olan ana dilimizin yazı qaydalarını 5-10 ildən bir siz arxaikləşdirirsiniz. Məhz sizin bivecliyiniz ucbatından oğul atanın yazdığı sözün səhv olduğunu deyir. Çünki korlama əməliyyatı aparmısınız dilin üzərində. Dolaşıqlıqlar baş alıb gedir. Dünyada xalqını, dilini, Vətənini düşünən heç bir ağıllı alim siz etdiyiniz pislikləri öz dillərinə və xalqlarına etməyiblər və etməzlər də. Çünki onlara ana dilinə ziyan vurmaq hesabına iş görüntüsü yaratmaq lazım deyil!

“Xankəndi” sözünün ismin yönlük və yerlik hallarında ən düzgün və qrammatik qayda-qanunlara tabe olan hallanma variantını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciət etdiyi mətnlərdən və digər çıxışlarından öyrənə bilərsiniz.

PS. Yanlış izahlarınıza etibar etməyib toponimlərin düzgün yazılışını da Prezidentin səhifəsindən öyrənəcəyiksə, onda siz nəyə lazımsınız, möhtərəm alim və akademiklər dəstəsi?! Səhv bir olar, beş olar, on olar, axı sizin bütün elmi fəaliyyətiniz səhvdir, yazdığınız kitablar, monoqrafiyalar, məqalələr, etdiyiniz elmi rəhbərliklər, redaktorluqlar, verdiyiniz hesabatlar səhvdir, təhrifdir, aldatmadır.

Siz isə komissiya yaratmaqla, heç kimə lazım olmayan kitablar nəşr edib qrantlar silməklə, fırıldaqçı alimləri müdafiə etməklə, özünüreklamla, gözə kül üfürmələrlə, real nəticələrinə özününzün də inanmadığı mənasız işlər vasitəsilə büdcədən vəsait qoparmaqla məşğul olun! Narahat olmayın, ölkə başçısı qrammatika məsələlərini də həll edəcək. Siz isə tərif deyib yaltaqlanın (amma unutmayın ki, qarşınızdakı sadəlövh deyil), sonra yeyin, için, yatın, kef eləyin, villalarınızın sayını artırın, dövlətdən və xaldan oğurladığınız hesabına biznes qurun! Deyəsən, işğaldan azad edilmiş torpaqlarımızda qızıl yataqları var. Tələsin, orada “tədqiqat” institutu açın ki, o qızılları akademik ciblərinizə doldurasınız, lap “Əli Baba və qırx quldur”da olduğu kimi və s. Amma unutmayın ki, cəza günü yaxındadır! Kim zərrə qədər yaxşı iş görübsə, o yaxşı işin, kim də zərrə qədər pis iş görübsə, o pis işin əvəzini görəcəkdir və bu, labüddür! Hərdən öz-özümə düşünürəm ki, görəsən, bu akademiklər niyə belə edirlər?!

İdris Abbasov Professor İdris Abbasov
Son xəbərlər
Bütün xəbərlər »