Ermənistanda etiraz dalğası kiçilmir, əksinə, getdikcə daha ciddi xarakter alır.
Ermənilər Qarabağ məğlubiyyətinə görə Baş nazir Nikol Paşinyanı bağışlamaq istəmir.
Bizimyol.info xəbər verir ki, hər gün müxtəlif siyasətçilər hökumət rəhbərinin əleyhinə müsahibələr verir.
Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Paşinyanı yalançı adlandırıb.
"Otuz gün ərzində yalan imperiyası xalqı inandırmağa çalışırdı ki, Nikol müharibəni dayandırıb. Son günlərin hadisələri bu tezisi tamamilə dağıtdı. Çünki Paşinyan qaldı, müharibə isə davam etdi. Noyabrın 9-dan sonra Ermənistan torpaq, kilsə, kəndlər itirir. İndi yalnız birtərəfli müharibə gedir. Çünki Paşinyanın Ermənistanı təslim olub".
Minasyan Azərbaycanın dayanmaq istəmədiyini deyib. Erməni diplomat bundan narahatlığını gizlətmək istəməyib.
"Məlum oldu ki, düşmən təslimolmadan sonra da dayanmayacaq. Nikol uduzmaqda davam edir. Azərbaycan təkcə 7 rayona qane olmur. Zəiflədikcə məhv etmək istəyirlər. Hələ 5 min həlak olanı torpağa tapşırmamışıq, amma nikolçular artıq Türkiyə və Azərbaycanla diplomatik əlaqələrin yaradılmasından danışır. Nə qədər ki Paşinyan var, müharibə dayanmayacaq. Reallıq budur".