Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: Vaksinin də dərmanlar kimi bazar alətinə çevrilməsi fəlakət olar
Ekspert: Vaksinin də dərmanlar kimi bazar alətinə çevrilməsi fəlakət olar

Ekspert: Koronavirus vaksinin də dərmanlar kimi bazar alətinə çevrilməsi fəlakət olar

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dərman bazarında yaranmış biabırçı vəziyyətdən xəbər tutubmu görəsən? Səhiyyə Nazirliyi brifinqdə 44 günlük şanlı zəfərimizdən yox, koronavirusa utancverici məğlubiyyətimizdən danışmalıdır. Ona görə utancverici deyirəm ki, yoluxma faktlarının tüğyan etdiyi bir zamanda öz başının çarəsini tapmaq üçün, taleyin ümidinə buraxılmış vətəndaşlarımız lazımi dərmanları tapa bilmirlər. Tapılan da tanışlıqla, xüsusi sifarişlə və 10-15 qat baha qiymətə. Ölkəmizdə dərman idxalının inhisarlaşmasının yaratdığı fəlakətli vəziyyətdən, Səhiyyə Nazirliyinin yarıtmaz fəaliyyətindən danışacağıq. Müsahibimiz iqtisadçı Rəşad Həsənovdur.

Rəşad Həsənov Rəşad Həsənov

- Rəşad bəy indi hamını bir sual düşündürür. Vaksinasiya necə olacaq? Koronavirus dərmanları da havayı veriləcək deyilirdi, amma olduğundan qat-qat baha qiymətə alası olduq. Ramin Bayramlı bildirdi k, əhalinin əksər hissəsi havayı vaksinasiya olunacaq.Amma bu əksər sözünün özü də yeni qalmaqalların əsasını qoyur.

- İndiki halda buna cavab vermək çətindir. Bu hökumətin yanaşmasından asılı olacaq. Hər bir ölkə məsələyə fərqli yanaşır. Məsələn, bir neçə gün əvvəl Meksika hökuməti elan etdi ki, əhaliin vaksinlənməsi dövlət hesabına olacaq. Almaniyada bir vaksinin qiyməti 20 avro olaraq müəyyən edilib. Bu Alman əhalisi üçün çox əlçatan qiymətdir. Ehtimallar var ki, vasinin bir ampulu Azərbaycan üçün 35 dollara başa gələcək. Bir nəfər 2 doza almalıdır. Başqa sözlə bir nəfərin vaksinasiyası təxminən 70 dollara yaxud 120 manata başa gələ bilər. Ancaq nəzərə almaq lazımdır ki, hökumət hələ hansı şirkətlə əməkdaşlıq edəcəyinə qərar verməyib. Çin istehsalı olan vaksinlə Moderna vaksinlərinin qiymətlərində 2, 3 dəfə fərq var. O ki qaldı vaksinasiya prosesinin maliyyələşdirilməsinə, hökumət nəzərə almaldır ki, bir aylıq karantin qərarı yarım milyard manatdan artıq fiskal zərər yarada bilir. İaşə sektoru karantin dövründə təxminən 4 dəfə kiçilir. Pərakəndə ticarət dövriyyəsi 15-20 faiz azalır. Turizm sənayesi bütövlükdə dayanır. Təkcə turizm sektorunun dayanması bir ay üçün dövlət büdcəsinə 20 milyon manat az vəsaitin daxil olması deməkdir. Bundan başqa karantin qərarları eyni zamanda özü ilə paralel müəyyən dəstək paketlərinin tətbiqi zərurəti yaradır. Digər məsələ isə əhalinin maliyyə vəziyyəti ilə əlaqədardır.

Artıq 1 ilə yaxındır ki, pandemiya iqtisadi mühiti zəiflədib, əhalinin alıcılıq gücü əhəmiyyətli səviyyədə pisləşib. Bu isə dolayısı ilə səhiyyə xidmətlərinə əlçtanlığı da zəiflədib. Bütün bu faktorları nəzərə alaraq vaksinasiya proqramının dövlət vəsaiti hesabına icrası daha məqsədə uyğun olar. Bu olmadığı halda isə ən azından əhalinin həssas sosial qruplarını, o cümlədən, əlilliləri, şəhid ailələrinin üzvlərini, çoxuşaqlı ailələrin üzvlərini, pensiyaçıları dövlət hesabına peyvəndlə təmin etmək lazımdır. Eyni zamanda hökumət çalışmalıdır ki, ölkəyə gətirilən vaksinlərin satışında qara bazar yaranmasın. Bax bu daha fəlakətli ola bilər. Dövlət tərəfindən təchiz edilmədiyi təqdirdə ən azandan dövlət dərəfindən satışı xidmətləri təşkil edilsin. Bu həmçinin vaksinasiya prosesində uçotun düzgün aparılması üçün əlverişli imkan yarada bilər. O ki, qaldı insanlar könüllü vaksinasiya olunacaqmı sualına hesab edirəm ki, əksəriyyət bəli. Çünki, bu günkü şərtlər daxilində koronavirusdan müəalicənin xərci bir nəfər üçün 1500-2500 manata başa gəlir. Əlbətdə ki, o 100-150 manat xərcləyib bu problemdən daha səmərəli çıxış yolu tapmaq istəyəcəkdir. Ancaq təkrar qeyd edirəm ki, hökumət bütün iqtisadi itkiləri göz önünə gətirərək, vaksinasiyanı öz hesabına aparmalıdır. Bu prosesin daha qısa zamanda başa çatması və iqtisadiyyatın da bir an öncə açılması deməkdir.

- Ölkəmizdə dərman istehsalı sahəsində vəziyyət niyə bərbad haldadır? Milyonlarla vəsait ayrılır. Amma nəticədə biz heç bir vacib dərman vasitəsinin yerli istehsalını görmürük. Halbuki sənaye məhəllələrimiz və başqa təşviqedici mexanizmlərimiz vardır.

- Bunun üçün ilk növbədə əlverişli mühit olmalıdır. Bilirsiniz, sənaye məhəllələrində müxtəlif dövlətlərin birgə iştirakı ilə yaradılan müəssisələr var. Əslində bu əməkdaşlıq daha çox siyasi elementləri özündə etiva edir nəinki iqtisadi. Məsələn, Prezidentin hər hansı ölkəyə səfəri zamanı həmin ölkənin idarəetmə strukturları müəyyən iş adamlarını önə çəkir. Sanki, əməkdaşlıqda maraqlı imiz kimi imitasiya edilir. Və bu şəkildə cəlb edilən xarici investorun da marağı daha çox siyasi olur, nəinki iqtisadi. Birgə müəssisələr əksər hallarda səmərəli fəaliyyət göstərə bilmirlər. Halbuki, hər nası istehsalat üçün orta və uzunmüddətli bazar strategiyası qurulmalı və ciddi market təhlillər aparılmalıdır. Rəqabətli məhsul istehsalı çox vacibdir. Texnologiya sürətlə dəyişir. Qoyulan investisiyaların çoxu çoxu görüntü xarateri daşıdığı üçün keyfiyyətli məhsul istehsal edilmir. Təssəvvür edin ki, istifadəçilərin 90 faizi adi yerli istehsal olan şprisin istifadəsindən imtina edir. Niyə, çünki istifadəçini incidir. Butün bunlara görədir ki, biz dərman vasitələrinin istehsalı sahəsində ciddi inkişafa nail ola bilmirik. Təsəvvür edin ki, Azərbaycan 2018-ci ildə cəmi 860 min manatlıq dərman vasitələri istehsal edib. Bu nə deməkdir? Hesablamalara görə ölkədə dərman vasitələrinə illik tələb 1, 1.5 milyard manat arasında dəyişir. Uçotdan kənar idxalı nəzərə almasaq, ölkənin dərman idxalı təxminən 700 milyon manat ətrafında dəyişir. İstehsalımız 500 min dollarlıq olub. Dərman tələbatının yalnız 0.3-0.5 faizini özümüz təşkil etmişik.

-Yəni yollar bağlansa,pandemiya daha fərqli cərəyan etsə özümüzü təmin edə bilməyib acınacaqlı vəziyyətə düşməliydik?

- Bunu görmək üçün mütəxəssis olmaq lazım deyil. Qeyri neft sahəsinin, o cümlədən ölkənin dərman təchizatı sənayesinin inkişafı çox aşağı səviyyədədir. Pambıq, spirt, maska və şprisdən başqa heç nə istehsal etmirik. Bu gün koronavirusla mübarizədə istifadə olunan bütün müalicə vasitələrinin hamısını biz xaricdən alırıq.

- Dərman istehsalı çox gəlirli bir sahədir. Niyə inkişaf etdirmirik?

-Qısa müddətdə bunu etmək mümkün deyil.Tək bir antibiotikin, vaksinin yaradılması üçün ÜST, dərman sənayesi dünya ictimaiyyətdən bir ils vaxt istədi. Yəni bu o qədər sadə prosses deyil. Həmçinin dərman vasitələrinin istehsalı inkişaf etmiş ekosistem tələb edir. Burada akdemik institutlardan tutmuş, dövlət təşviq mexanizmlərinə qədər, kadr potensialından tutmuş maliyyələ institutlarının inkişaf səviyyəsinə qədər bütün halqalar kombinə olunmuş şəkildə, vahid orqanizm kimi çalışmalıdırlar. Təəssüf ki, bizdə də bu yoxdur.

-Bəs hazır lisenziya almış hansısa dərman preparatının, yəni təsdiq olunmuş hər hansı antbiotikin, ağrıkəsicinin, vitaminin ölkəmizdə istehsalına icazə ala bilmərikmi?

-Bu mümkündür. Franşizalar, lisenziyalar alıb istehsal edə bilərik. Lakin idxal bazarında böyük inhisarçı şirkətlər var ki, onlar yerli təşəbbüslərin inkişafında maraqlı deyillər. Və çox asanlıqla kartel qiymətlər tətbiq edərək bu istehsalı sıradan çıxara bilirlər. Bu gün bizdə biznesin investisiya imkanları kəskin pisləşib. İkinci məsələ bizdə o dərmanı istehsal etmək üçün xammal varmı? Dərman istehsalı bir çox mürəkkəb parametrləri özündə birləşdirən bir possesdir. Sadə bir misal deyim. Ölkəmizdə xalça istehsal olunur. Bunun üçün nə lazımdır. İp və rəng. Biz ipi də xaricdən alırıq. Azərxalça idxal edilmiş iplə istehsaldan şikayətlənir. Azərbaycanda özü özünü tamamilə təmin edən yeganə sahə quş əti istehsalıdır. Quş ətinin maya dəyərinin 86 faizi idxaldan formalaşır. Ona görə valyuta qiyməti artanda quş ətinin qiyməti artır. Bütün bu çətinliklərə baxmayaraq prossesə başlamaq lazımdır. Mən ümid edirəm, pandemiya gələn ilin I yarısında həyatımızdan çəkiləcək.

- Verdiyiniz təkliflər hökumət tərəfindən eşidilirmi?

-Dinləsələr də, adətən əməl etmirlər.

-Çıxış yolu nədədir? Bir dərman bu qədər baha satılırsa, bu pandemiyanın davamlı olmasında maraqlı qüvvələrin yaranmasına səbəb olurmu?

- Bəli, bu sirr deyil ki, molla istəyər daha çox yas olsun. Hər bir sektor özünə əlverişli fəaliyyət mühiti arzulayır. Biz səhiyyə xcidmətləri təklif edən sektorun fəaliyyətini yarıtmaz kimi görmüş ola bilərik. Amma baxır kim məsələyə hansı aspektdən baxır. Ötən illə müqayisədə səhiyyə sənayesinin gəlirləri 6-7 dəfə artıb. Yaranmış vəziyyət idxalçıya da sərf edir. Daha çox çalışmadan, daha çox məhsul idxal etmədən, əziyyət çəkmədən sadəcə qiyməti artıraraq dəfələrlə çox gəlir əldə edə bilir. Səhiyyə və dərman təchizatı sahəsində faəliyyət üçün yaranmış vəziyyət kifayət qədər sərfəlidir. Onlar bu prosesin daha uzun müddət davam etməsində maraqlıdırlar. Bu gün bu bazarda dərman idxalıyla əsasən 3 iri şirkət məşğul olur ki, onların da arxasında yüksək məmurlar dayanır.

- Vəziyyətdən çıxmaq üçün nə etmək olar?

- Hökumətin əlində istehsalı təşfiq edən mexanizmlər var. Onlardan istifadə olunmalıdır. Mümkün bütün alətlərdən istifadə olunmalıdır. Ancaq bu indiki halda gecdir. Yaranmış vəziyyətdə avtoritar idarəetmə üsullarından istifadə daha məntiqli görünür. Bazarlarda balon qiymətlər formalaşmasın deyə, nə qədər qeyri-etik səslənsə də sahibkarlara konkret tapşırıqlar olmalıdır. Başqa sözlə bazara diqtə edilməlidir. Bütün məsələlərdə diqtə var. Dərman bazarında da olsun. Çünki vəziyyət çox kritik həddə çatıb. Əgər dərman təchizatçısı tənzimlənən qiymət mexanizminin olmasına baxmayaraq 6 manatlıq dərmanı 64 manata sata bilirlərsə, deməli buna göz yumanlar var.

Hər kəsə məlumdur ki, bizdə sahibkarı zənglə idarə etmək olur. Çünki, zəng edənlər o sahibkara inhisarçı mühiti yaradanlardır. Bir zəngdən asılıdır ki, onlar dünyanın istənilən yerindən, istənilən preparatı tapıb gətirib normal qiymətə əhaliyə satsınlar. Məsələn, 2015-ci ildə ən sərt devalvasiya vaxtı belə qiymət ciddi artımı olmadı. Çünki sahibkarlara adminstrativ təzyiqlər edildi. Həmin il cəmi 4 faiz inflasiya oldu. İndi isə çoxlu sayda insan itkisi var, xəstəxanalar dolub, dərman vasitələri tapılmır, daha nəyi gözləyirsiz?

-Müharibədən sonra xəstəxanalarımız yaralılarla doldu. Səhiyyə Nazirliyi bu ağır vəziyyəti müharibənin üzərinə yıxa bilərmi?

-Əlbəttə, indi hər kəsin əlində alibi var. Ancaq istənlilən halda yaranmış acınacaqlı vəziyyətin məsuliyyəti həm səhiyyə sistemimizin, həm də dərman idxalçılarının üstünə düşür. Məsələn, “Evdə müalicə olun” dərman paketi var. Amma kimsə hay-küy salmasa bu poket ona verilmir. Haqq edən yüz nəfərdən bir-iki nəfər o paketi ala bilir. Xəstələrə keyfiyyətli xidmət təqdim olunurmu? Yox. Həm istehsalatda, həm idxalda problem yaranıb. Düzdür, qlobal konyuktur da var, tələb kəskin artıb.Amma alternativ hər zaman var. Normal təşfiqlər, liberal fəaliyyət şəraiti yaradılsaydı, sahibkarlarımız bunu edə bilərdi deyə düşünürəm.

-Azərbaycanda dərman istehsalına maraqlı olan şirkətlər varmı?

-Əlbətdəki var. Polşa və Belorusiya istehsalçıları maraqlıydı. Azərbaycanın həmçinin müəyyən coğrafi üstünlüyü də var. Xarici şitkərlə istehsalı burada qurmaqla daha az xərc və zaman sərf etməklə öz məhsullarını orta Asiya bazarına da çıxara bilərlər. Bütün bunlar üstünlükdür. Amma inanın imkan vermirlər. Hər qurum özünə pay istəyir, qeyri-rəsmi ödəniş tələbləri biznesin rəsmi xərclərindən qat-qat artıq olur. Baxın Sizə bir misal deyim. 2014-cü il sonrası məlum səbəblərlə əlaqədar Ukraynada və Rusiyada yaşayan soydaşlarımızın bir qismi ölkəmizə geri döndülər. Lakin, onların əhəmiyyətli hissəsi bu mühitdə ən yaxşı halda 2-3 ay dayana bildi. Onların fikrincə Rusiyada skinxedlə dil tapmaq daha asandı, nəinki bizdə sahibkarlıq fəaliyyətinə müdaxilə edən məmurla. Ona görə biz dəyişməliyik.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »