Tirajına görə ABŞ-ın üçüncü nəşri sayılan “The New York Times” səhifələrində Qarabağa yer verib. Amerika qəzeti Füzulidəki dağıntılardan yazıb.
Bizimyol.info xəbər verir ki, məqalədə əvvəllər 30 min nəfərin yaşadığı şəhərin indi meşəni xatırlatdığı qeyd olunub. Jurnalistlər yol boyu çoxlu səngərlərin diqqət çəkdiyini vurğulayıb.
“Kəndlər xarabalığa çevrilib. Evlərin yerində ağ daşlar qalıb. Daşına bilən hər şey aparılıb: qapılar, pəncərə çərçivələri, dam örtükləri. Yolda Ermənistanın sıradan çıxmış tankları ilə də qarşılaşırıq”.
“The New York Times” yazıda Ağdamın viranə qalmasından da söz açıb. 47 yaşlı ağdamlı Elməddin Səfərov doğma şəhərinin necə dağıdılmasından danışıb. O, müharibədə 17 qohumunu itirdiyini deyib. Elməddin Səfərov erməniləri bağışlaya bilməyəcəyini söyləyib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ermənilərin bura qayıtmasını təsəvvür etmədiyini bildirib. Amerikalı jurnalistlər ermənilərlə də görüşüb. Onlar nikbin görünməyə çalışıb. “The New York Times” yazır ki, ermənilər hələ də qondarma respublikanın tanınmaq ehtimalından dəm vururlar.