Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sülhməramlılar terrorçulara dəstək verir, onlar üçün "müvəqqəti" anlayışı yoxdur" - Ekspert
"Sülhməramlılar terrorçulara dəstək verir, onlar üçün "müvəqqəti" anlayışı yoxdur" - Ekspert

Rusiya sülhməramlıları üçtərəfli bəyanatda nəzərdə tutulmuş hüdudları aşan yeni xəritələr açıqlayıb və bu Azərbaycan ictimaiyyətində ciddi, haqlı narazılıq doğurub. Xəritələrlə manipulyasiya və sülhməramlılar tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir.

Bizim gördüyümüz budur ki, Rusiya "sülhməramli qüvvələri" Qarabğada Ermənistanın terroruna dəstək verir. Şuşaya çəkilən yolu Rusiya Ermənistanın nəzarətinə verməyə çalışır. Açıq şəkildə Rusiya iç üzünü ortaya qoyur. Qələbə paradı və Türkiyə ilə birgə ortaq müttəfiqliyimiz Kremli narahat edib. Məsələlərə bir də hadisələrin içərisində, qaynar nöqtədə olan adamın gözü ilə baxaq.

Elçin Alıoğlu Elçin Alıoğlu

Bizimyol.info-nun müsahibi araşdırmaçı jurnalist Elçin Alıoğludur.

- Elçin bəy, Rusiya sülhməramlılarının hazırda ərazidə terroru dəstəklədiyini demək olarmı?

- Rusiya sülhməramlılarının fəaliyyəti BMT nizamnaməsi ilə nizamlanır. Bundan əlavə ATƏT missiyasında dəqiq göstərilir ki, sülhməramlılar nəyi edə bilərlər, nəyi edə bilməzlər. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda da bu özünü göstərir. Lakin general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi sülhməramlı kontingent son 2 gündə öz səlahiyyət çərçivəsini kobud şəkildə pozub, Azərbaycan ərazilərini öz fəaliyyət dairəsinə daxil etməyə çalışıb. Xəritələr paylaşıb. Həmin xəritələrdə Xocavənd rayonunda yerləşən Ziyarət dağı, Çaylaqqala, Köhnə Tağlar kəndini öz fəaliyyət dairəsinə şamil edib. Bu Azərbaycan tərəfi ilə razılaşdırılmadığına görə hiddət doğrub. Rüstəm Muradov deyir ki, bu müvəqqətidir və o ermənilərə köçmək üçün humanitar koridor yaradb. Lakin, Rusiya siyasətində müvəqqəti deyilən bir anlayış yoxdur. Rusiya sülhməramlıları öz missiyalarını kobud pozaraq, terrorçulara açıq dəstək verirlər. Rusiya unutmamalıdır ki, Qarabağ Azərbaycan ərazisidir. Bizim icazəmiz olmadan, o cümlədən Rusiya özbaşına hər hansı addım ata bilməz. Rusların öz fəaliyyət dairəsini özbaşına genişləndirməsi yolverilməzdir. Ermənilərin o kəndlərdən çıxmaq niyyəti yoxdur. Tam əksinə, onlar dünən videomüraciət yayaraq, sonacan döyüşəcəklərini bəyan ediblər və Ermənistan əhalisini onlara birləşməyə çağırıblar. Tamam, eləsinlər. Ermənilərin orda tam mühasirədə olmasını nəzərə alaraq bizim hərbiçilərimiz antiterror əməliyyatı ilə hamısını məhv edəcklər.Onlar legitim hədəfdirlər.

- Bu halda rusların bu günlər ərzində ora gətirdikləri silahlardan terrorçular istifadə edə bilər?

- Ruslar ora silah daşımayıblar. Bu şayiədir.

- Axı qatarlarla, avtomobillərlə gətirildiyini hamı gördü...

- Ruslar Qarabağa silah-sursat daşımayıblar. Bunu qətiyyətlə deyirəm. Lakin sülhməramlıların öz başınalığının qarşısı alınmalıdır. Son günlərdə onların bu cür davranışı təəssüf doğurur. Ümid edirəm, Rusiya Müdafiə Nazirliyi tədbirlər görəcək, rəsmi Bakının kəskin narazılığını nəzərə alacaqlar.

- Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirdi ki, sülhməramlıların mandatı təyin edilməyib deyə konkret hansı işləri görüb-görməyəcəkləri aydın deyil. Bu halda ruslar mandatın olmamasından elə bu qanunsuz fəaliyyəti genişləndirmək məqsədilə istifadə edə bilərmi? Mövcud vəziyyət onların məllərinə qanuni don geyindirirmi?

- Hörmətli Tofiq bəyin dediyini mən anlayıram. Amma o fikrini sona qədər açıqlamayıb yəqin. Dünyadakı bütün sülhməramlı missiyalar ya BMT ya ATƏT missiyasının mandatı ilə fəaliyyət göstərirlər, istisna hallar da var ki, mandata gərək olmur. Bu müharibələr zamanı qələbə çalınarkən də belədir. Konkret halda Ermənistanın kapitulyasiya imzaladığını nəzərə alsaq, sülhməramlıların gəlişi Azərbaycan tərəfi ilə razılaşdırılmalıydı. Belə razılaşma var. Sülhməramlılar orda erməni və azərbaycanlı hərbiçilər arasında kardon rolunu oynamalıdır. Hərbiçilər dedikdə maraqlı bir məqam üzə çıxır. Ermənistan hərbiçiləri Qarabağdan çıxarılıb. Yerdə qalan terrorçuların tərkisilahı ilə məşğul olmalıdırlar. Amma niyə məşğul olmurlar, bunu soruşmaq lazımdır. Onlar münaqişəni bilərəkdən qızışdırmağa maraq göstərirlər.Prossesi bilərəkdən uzadırlar.

- Bəs ruslar ancaq erməniləri qoruyurlar?

- Axı onların olduğu ərazidə bir nəfər də olsun azərbaycanlı yoxdur.

- Əsir və yaralılar necə?

- Bu onların missiyasına daxil deyil. Bu işlə Qırımızı Xaç məşğul olur. Onların vəzifəsi silahlı erməniləri tərksilah etmək, azərbaycanlı hərbiçilərin bu məsələlərə nəzarətini təmin etməkdir. Qaldıki onların silah daşıması və ermənilərə açıq dəstək verməsinə inanmıram. Qarabağ səması müntəzəm nəzarət altındadır. Onlar öz missiyalarını aşırlar. Bunu da anlayıram .

- Səbəbləri nədir?

- Birincisi Rusiya hərbi sənaye kompleksinə bu müharibədə ağır zərbə dəydi. Rusiyanın tərifləyərək satdığı Hava Hücumundan Müdafiə vasitələri özünü doğrultmadı. Savaşın ilk 15 dəqiqəsi ərzində xuntanın Qarabağa yerləşdirdiyi artilleriyanın 40 faizi, HHM-in 35 faizi məhv edilmişdi. Təkrar edirəm ilk 15 dəqiqədə. Bu dünya praktikasında görünməmişdi. Bu Rusiya hərbi sənaye kompleksinin bərbad olması demək idi. Halbuki dünyaya analoqsuz, rəqibsiz olduğunu bəyan edirdi. İkincisi sülhməamlılarla məsələ bitmir. Kənd təsərrüfatı məhsullarına qoyulan absurd qadağalar. Məhz dekabrın 10-da parad keçirilən gün məhsullarımıza sanksiya tətbiq etdilər. Bunun izahı nədir? Üçüncü məsələ. Rusiya mediasında erməni terrorçularına dəstək ifadə edilir, Azərbaycana qarşı aparılan təbliğat yolverilməzdir. Azərbaycan Cənubi Qafqazda Rusiyanın ən etibalı tərəfdaşıdır. Bu şəkildə davam edərsə, biz münasibətlərimizə yenidən baxmalı olacağıq.

- Baş verənlər əsasında demək olarmı ki, müharibə yenidən alovlana bilər?

- Buna inanmıram. Rusiyada hər hansı ermənipərəst dairələrin mövqeyi ayrı məsələdir, Rusiyanın maraqları, dövlət siyasəti ayrı məsələdir. Müharibənin alovlanması heç kimin marağında deyil. Bunu Ermənistan da istəmir. Ermənistan revanşist çağırışları davam etdirəcəksə alacağı cavab çox ağır olacaq. Ordusu tamamilə məhv olacaq.

- Rusiyada dediyiniz o dairələr kimdir?

- Hərbi sənaye sahəsində fəaliyyət göstərən qüvvələr, erməni diasporu, erməni lobbisinin maliyyələşdirdiyi qüvvələr, media.

- Müharibə bitmədən İranla münasibətlərdə gərilmə oldu. Cənab Ərdoğanın söylədiyi şeirə İranın sərt reaksiyası, o taylı, bu taylı azərbaycanlıların birlik çağrışları ilə nəticələni. Bu bir qədər vaxtından əvvəl səsləndirilən çağırışlar olmadımı?

- İranda şərqi və qərbi Azərbaycan adlı iki ostan var. Azərbaycan heç vaxt İrana qarşı ərazi iddiasında olmayıb. İranın şimalında Azərbaycan şərqi və qərbi olmaqla iki yerə bölünüb. İran bunu danırsa, onda zəhmət çəkib həmin ostanların adını dəyişsin. Qarabağda müharibə gedərkən, İran susqun mövqe tutdu. Amma indi bizə qarşı çağırışlar səsləndirir. Ərdoğanın söylədiyi bədii şeir Azərbaycanın rəsmi mövqeyi deyil. İran anlamalıdır ki, o sanksiyalara məruz qalarkən ona ən böyük yardımı Azərbaycan etdi, öz ərazimizdən İrana qarşı hərbi əməliyyatların keçirilməsinə icazə vermədik. İranın narahatlığı və bu qədər şovinist çıxışları anlaşılan deyil.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »