Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruslar Haushoferi yenə tərsdən oxudu...
cebhe

Dedik axı, Ağdamın, Kəlbəcərin, Laçının qaytarılmasını bayram edəndə rus bayraqlarını qaldırmaq lazım deyildi. Çünki çaşırlar. Çaşdılar da. Bu günə qədər ermənilər gündə bir xəritə ifraz edirdilər, indi də rus "sülhməramlıları" çıxdı başımıza. Qarabağda - Xocavəndin Hadrut (Ağoğlan) qəsəbəsi ətrafında baş verənləri nəzərdə tuturam. Biz azad etdiyimiz ərazidə terrora məruz qaldıq. Rus "sülhməramlıları" həmin əraziyə gəldi.

Amma məramı hər nədirsə, sülh deyil; yeni xəritə icad ediblər; üçtərəfli bəyanatla onlara həvalə edilən məsuliyyət ərazilərini genişləndirməyə çalışırlar. Sonra nə olacaq?! Ruslar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əvvəlki hüdudlarını "bərpa etdikdən" sonra Rusiyanın məlum dairələri (və təbii ki, Ermənistan) status məsələsini gündəmə daşıyacaqlar. Bunun siyasi zəmini indidən yaradılır; Rusiyanın həmin dairələri və Ermənistan hər yolla sübut etməyə çalışırlar ki, münaqişə həll olunmayıb. Bu, rəsmi Bakının tezisini inkar etmək cəhdidir. Azərbaycan tərəfi deyir ki, Qarabağ münaqişəsi artıq yoxdur. Ermənistan tərəfi isə deyir, var. "Münaqişə həll olinub" o deməkdir ki, artıq Minsk Qrupu da yoxdur, yaxud buraxılmalıdır. İşğaldan azad olunmuş ərazilərdə məsuliyyət böyük hissədə Müdafiə Nazirliyindən Dövlət Təhlükəsizlik Xidmətinə və təbii ki, Dövlət Sərhəd Xidmətinə keçir. Azərbaycan öz ərazisində antiterror əməliyyatları keçirir və buna tam hüququ və əsası da var. Eyni zamanda Ermənistanla dövlət sərhədlərinin demarkasiyasına başlayıb. Rusiyada və Ermənistanda isə bunu istəməyənlər məlumdir. Onlar Qarabağda dinc həyatın bərpasında maraqlı deyillər. Ermənistan uduzub. Ancaq rus "sülhməramlıları"na xilas həlqəsi kimi baxır. Rusiya isə, əgər Gürcüstanda, Moldovada, Ukraynada etdiklərini təkrarlamaq istəyirsə, təkrar səhv edir. Buna Azərbaycan dövləti və xalqı yol verə bilməz və verməməlidir. Çünki həmin ölkələrdə Rusiya böyük hesabla heç nəyə nail olmadı (velokorus şovinist dairələrin emosiyalarını, imperiya keçmişinin nostaljilərini təmin etməkdən başqa). Rus yönəticilər, deyəsən, Karl Haushoferi tərsdən oxuyublar; geopolitika deyəndə ağıllarına yalnız işğal və ilhaq gəlir. O üzdən Qarabağda da "sürünən" işğala və ilhaqa qolaylanıblarsa, daha böyük səhv edirlər. Rus siyasəti Azərbaycanı 1988-ci ildən başlayaraq itirməkdədir. Azərbaycan yeganə Cənubi Qafqaz respublikası idi ki, onun bütün ətraf dövlətlərin hamısında doğma və ya qohum topluluqları vardı. Əgər Moskva o zaman Ermənistanı deyil, Azərbaycanı Cənubi Qafqazda əsas müttəfiqi kimi görə bilsəydi, Azərbaycanın o zaman Ermənistanda və indiyədək də Gürcüstanda yüzminlərlə sayı olan icmalarının varlığını, Azərbaycanın dünya bazarlarına bu respublikaların ərazisindən çıxma imkanlarını nəzərə almış olsaydı, bu gün Gürcüstanda və Ermənstanda üzləşdiyi problemlərlə qarşı-qarşıya qalmazdı. Azərbaycanın Şimali Qafqazdakı toplumlarla etnik və dini bağlılıqlarından qorxmasaydı, bu gün Rusiyanın cənubundan bu qədər əndişə duymaq zorunda da qalmazdı. Azərbaycan nə qədər güclənir-güclənsin, başqalarının ərazisinə göz dikmir. Biz Ermənistan deyilik. Moskvada hələ də anlamırlar ki, Rusiya Azərbaycana daha səmimi dost və daha etibarlı strateji müttəfiq olsa, bütün Qafqazda daha nüfuzlu və daha təsirli mövqedə ola bilərdi. Amma, baxın, Ukraynada üç vilayəti "qazanıb" bütün Ukraynanı uduzdu. Gürcüstanda Abxaziya və Cənubi Osetiya kimi kiçik hissələri əldə edib, Gürcüstanı əldən verdi. Azərbaycanda da indi "sülhməramlı" kimi yerləşdiyi ərazini qoparmağı düşünürsə, Azərbaycanı bidəfəlik itirəcək. Rüstəm Muradov generaldır, hərbçidir, əmr quludur; siyasi nüanslardan baş çıxara bilməz. Haushoferi oxusa nə xeyri?! Heç nə anlamayacaq. Rus siyasətçilər gərək ayılsınlar və böyük bir dövlətin əsl geosiyasi qazanclarını erməni kaprizlərinin girovuna çevirməkdən əl çəksinlər.

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
››› Rusiya sülhməramlıları səlahiyyətini aşdı: “Qarabağda təlimlər keçən sülhmərəmlılar döyüşə hazırlaşır” - Politoloq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Naxçıvan yolu Turan birliyinə aparan yol olacaq
Son xəbərlər
Bütün xəbərlər »