Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erkin Qədirli Rusiya əsgərlərinin Qarabağa girməsi haqqında danışdı
Erkin Qədirli

Millət vəkili Erkin Qədirli rus əsgərlərinin Qarabağda var oluşunun hüquqi aspektlərini açıqlayıb. Deputatın məqaləsini təqdim edirik:

Rusiya əsgərlərinin Qarabağa girməsi problemini bir neçə mövzuya bölmək gərəkdir: 1) hüquqi; 2) hərbi; 3) geopolitik. Hərəsini ayrıca yazacağam ki, həm yazı uzun olmasın, həm də problemi açmaq daha asan olsun.

Hüquqdan başlayaq.

Rusiya əsgərlərinin Qarabağa girməsi Rusiyanın Prezidenti, Azərbaycanın Prezidenti və Ermənistanın Baş Naziri arasında imzalanmış bəyanata əsasən gerçəkləşdirilib. Həmin bəyanat beynəlxalq müqavilədirmi? Bəli. Beynəlxalq müqavilələrin çeşidli adları ola bilir: konvensiya, pakt, protokol, nizamnamə, anlaşma, saziş və s. Bəyanat da onlardan biridir. Bəs, sözügedən bəyanat necə bir beynəlxalq müqavilədir? Beynəlxalq müqavilələrin çeşidli təsnifatları ola bilir: tərəflərin sayına, mövzusuna, əhatəsinə və s. Təsnifatların biri də onların statusuna görədir. Bu baxımdan, beynəlxalq müqavilələr iki cür olur: dövlətlərarası və hökumətlərarası.

V. Putin, İ. Əliyev və N. Paşinyan arasında imzalanmış bəyanatın statusu nədir? Gəlin, öncə, fərqi anlayaq. Dövlətlərarası müqavilələr, adından göründüyü kimi, dövlətlərin adından imzalanır. Belə müqavilələr mütləq parlamentin təsdiqindən keçməlidir. Hökumətlərarası müqavilələr ancaq hökumətin adından imzalanır və burada parlamentin təsdiqinə ehtiyac olmur. İmzalama səlahiyyəti hər bir dövlətin konstitusiya quruluşundan asılı olur. Bizdə Nazirlər Kabineti var və hökumətlərarası müqavilələri, bir qayda olaraq, ya Baş Nazir, ya da bunun üçün görəvləndirilmiş hansısa nazir, komitə rəhbəri və s. imzalayır. Amma bizdə Prezident həm də icra hakimiyyətinin başçısıdır, ona görə o, özü də hökumətlərarası müqavilələri imzalaya bilər. Eyni şeyi Rusiya Prezidenti də edə bilir. Ermənistanda Prezident ancaq dövlət başçısıdır, odur ki, orada hökumətlərarası müqavilələri Baş Nazir imzalayır. Daha öncə yazdığım kimi, hökumətlərarası müqavilələr dövlət adından imzalanmır və parlamentdə təsdiq olunmur. Sözügedən üçlü bəyanatın nə bizim, nə Ermənistanın, nə də Rusiyanın parlamentlərinin təsdiqinə verilməməsi, onun statusunu endirir və hökumətlərarası edir. Rusiyada yalnız əsgələri göndərmək üçün Federasiya Şurasından razılıq alınıb. Onu da sonradan, əsgərləri göndərəndən sonra ediblər, bununla da öz konstitusiyalarının tələblərini pozublar.

Niyə bu müqaviləni dövlətlərin adından imzalayıb parlamentlərin təsdiqindən keçirməyiblər? Çünki burada daha dərin bir problem vardır. Ermənistan və Azərbaycan bir-birini dövlət kimi de-yure tanımırlar, aralarında diplomatik əlaqələr də yoxdur. Ermənistanla Azərbaycan bir-birini yalnız de-fakto tanıyırlar. Ermənistanla Azərbaycan bir-birini de-yure tanımırsa, necə eyni beynəlxalq təşkilatlarda üzv ola bilirlər (məs. BMT, ATƏT, Avropa Şurası və .s)? Burada qəribə nəsə yoxdur və beynəlxalq təcrübədə belə hallar çox olub. Məsələn, Səudiyyə Ərəbistanıyla Pakistan Ermənistanı de-yure tanımırlar, amma onunla BMT-də üzvdürlər. Vaxtılə ABŞ və Britaniya Alman Demokratik Respublikasını (Şərqi Almaniyanı) de-yure tanımırdılar, amma onunla BMT-də və ATƏM-də üzv olublar. Daha maraqlısı, ABŞ və Britaniya Latviyanı, Litvanı və Estoniyanı heç vaxt SSRİ-nin tərkib hissəsi kimi de-yure tanımayıblar. Bir sözlə, örnəklər az deyil.

Beləliklə, üçlü bəyanat dövlətlərarası müqavilə deyil, ona görə də heç bir ölkənin parlamentində təsdiq olunmaq üçün baxılmayıb. Burada problem həm də ondadır ki, üçlü bəyanatda göstərilmiş öhdəliklər, əslində, dövlətlərarası müqavilənin olmasını şərtləndirir. Belə bir müqaviləni isə, üç dövlətdən ikisinin bir-birini de-yure tanımaması mümkünsüz edir.

Hökumətlərarası müqavilələr də beynəlxalq müqavilələrdir və icra olunmalıdır. Bununla belə, onların dövlətlərarası müqavilələrdən daha bir fərqi ondadır ki, onların BMT-nin Katibliyində qeydiyyatdan keçməsi tələb olunmur. BMT Katibliyi, belə demək olarsa, həm də dünya notariusu rolunu oynayır. Orada qeydiyyatdan keçməyən dövlətlərarası müqavilələlərə dövlətlərarası mübahisələrə baxmaq səlahiyyəti olan beynəlxalq məhkəmələrdə istinad etmək olmur, ya da bu iş çox çətinləşir. Düzdür, Ermənistanla Azərbaycan arasında elə bir məhkəmə perspektivi də yoxdur, çünki nə onlar belə səlahiyyəti olan hansısa məhkəmənin yursidiksiyasını tanıyır, nə biz. Yalnız Avropa İnsan Haqları Məhkəməsinin həm Ermənistanın, həm Azərbaycanın üzərində yursidiksiyası vardır, amma AİHM-nin səlahiyyət çərçivəsi başqadır.

Bir-birini de-yure tanımayan, aralarında diplomatik əlaqələr olmayan dövlətlərin bir-birilə münasibətləri ola bilir, olur da. Belə halda onların maraqlarını kimsə təmsil etməlidir. Bunun üçün bir-birini tanımayan, diplomatik əlaqələr qurmayan dövlətlər başqa bir dövlətə öz maraqlarını təmsil etməyi həvalə edə bilərlər. Bu halda həmin (üçüncü) dövlətə Qoruyucu Dövlət (Protecting Power) deyilir. Bu, beynəlxalq hüququn adət normasıdır, Vyana Konvensiyasında da var. Ermənistanla Azərbaycan arasında Qoruyucu Dövlət hansıdır? İran. Çoxunuz üçün təəccüblü ola bilər, amma bu, belədir. Bir orası yadımda deyil ki, İranın qoruyucu dövlət olması nə zaman baş verdi - Ayaz Mütəllibovun dönəmində, yoxsa Yaqub Məmmədovun. Hər halda 1992-ci ilin mayında İran bu funksiyanı icra etməyə çalışıb, onda da Şuşa işğal olundu. Ondan sonra İranın bu funksiyanı həyata keçirməyə çalışdığı yadıma gəlmir. Nəsə olubsa, gizli qalıb ki, bunun özü də diplomatik əlaqələrdə ola bilir. Niyə İran? Çünki Türkiyəni Ermənistan qəbul etmirdi, Rusiyanı - biz. İran o dönəm üçün bu işi görməyə razılığını vermiş və hər iki tərəfin qəbul etdiyi bir dövlət oldu.

Qoruyucu Dövlət təcrübəsi çox genişdir. Elə həmin İranın ABŞ-da maraqlarını Pakistan qoruyur. Burası qəribə görünə bilər, çünki İranla Pakistan arasında münasibətlər rahat deyil, bəzənsə gərginləşir. Amma ABŞ, qəbuledici dövlət olaraq, Pakistanı istəyib. Daha bir örnək verə bilərəm. Məsələn, Gürcüstanla Rusiya arasında Qoruyucu Dövlət İsveçrədir. Bir sözlə, örnəklər çoxdur.

Qoruyucu Dövlət məsələsini yadda saxlayaq, çünki bundan sonrakı yazımda Rusiyanın bu gün oynamağa çalışdığı rola (bu dəfə Vyana deyil, daha çox Cenevrə konvensiyalarının kontekstində) baxmağı daha doğru sayıram. Bu, Rusiyanın "sülhməramlı" saydığı funksiyanı, eləcə də Türkiyənin önəmini daha yaxşı anlamağa yardım etmiş ola bilər.

Hüquqi problemlər bununla bitmir, yazının ardı olacaq.

Paylaş »
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› "İndi biz dinazovrın can verməsini müşahidə edirik"
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
››› “Paşinyan Əliyevdən öz seçki kampaniyasına dəstək xahiş edib”
››› Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir...
››› Bill Qeyts: “Dünya növbəti pandemiyaya hazır deyil”
››› Navalnının mənzilində axtarış aparıldı
Son xəbərlər
Bütün xəbərlər »