Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tələbə həkim: "Əlil əsgər kəsik ayağının yerinə taxta bağlayıb döyüşə getmək istəyirdi"
Tələbə həkim:

Ramin Əliyev Fizuli rayonundandır . Tibb Universitetinin Müalicə işi fakultəsinin dördüncü kurs tələbəsidir.

Özü barədə danışarkən ilk sözü bu oldu. Sevinirəm, çünki, artıq qaçqın deyiləm. Gənc həkim döyüşlər başlayandan 3 gün sonra könüllü şəkildə ön cəbhəyə xidmətə gedib. Müharibə başa çatsa da Raminin mübarizəsi davam edir. İndi də koronavirusa yoluxmuş xəstələrin həyatını xilas etmək üçün mübarizə aparır. Bu xeyirxah gənci sizə tanıtmaq istədim. Amma o təvazökarcasına özündən çox, müharibədə qarşılaşdığı həmyaşıdlarından, onların şücaətindən danışır.

Tələbə həkim: "Əlil əsgər kəsik ayağının yerinə taxta bağlayıb döyüşə getmək istəyirdi"

Müharibə başlayandandan 3 gün sonra könüllü olaraq ön cəbhəyə getdim, xəstəxanda xidmət etmək üçün. Düzü səfərbərlik xidmətinə gedib könüllü yazılmışdım. Tay – tuşlarım döyüşdəykən evdə oturmaq ayıb olardı. Amma dedilər tələbələri ilk növbədə aparmırlar, gözləməlisiz. Mən də düşündüm ki, həkim kimi yaralılarımıza xidmət göstərə bilərəm və getdim Fizuli rayonuna , yaralılar gətirilən mülki xəstəxanada xidmət etməyə.

Hamımız 44 günlük döyüşləri mübarizlik məktəbi kimi gördük. Yaralılar arasında vəziyyət necəydi?

-Bu günlər içərisində nələr görmədim. Əsgərlərimiz hamısı eyni şeyi düşünür. Eyni ruh yüksəkliyi ilə döyüşə can atır, cəsarət nümayiş etdiridilər. Xəstəxanda hər kəs ancaq vətənpərvərlik musiqisi dinləyir, müharibə barədə xəbərləri dinləyirdilər. Bir yaralı əsgər gətirmişdilər. O qədər qan itirmişdi, artıq titrəməyə başlamışdı. Bilirsiniz mənə nə dedi? Birdən elə bilərsiniz, qorxuram. Qorxub eləmirəm, qan itirdiyimə görə titrəyirəm. Onlarda elə qəribə əzm, iradə vardı canlarının ağrısını hiss etmirdilər. Birisi gəlmişdi, ayağı amputasiya olunub. Yenicə yarası bitişib, morfinin gücü ilə ağrıları hiss etmir deyə elə bilirdi tam sağalıb. Tələb edirdi ki, kəsilmiş ayağının yerinə taxta bağlayaq , döyüşə getsin döyüşsün. Bir başqa əsgər özü çiynindən yaralı olduğu halda əsgər yoldaşını 15 kilometr yolda belində daşıyıb bizə çatdırmışdı. Sonra baxanda gördük öz yarası gətirdiyi əsgərin yarasınan dərindir.

-Bəs bu 44 gün ərzində yaralar elə tez sağalırdımı ki, yenidən döyüşə qayıdanlar oldu?

Əksəriyyəti gənc, qüvvətli cavanlar idi. Dayandıra bilmirdik. Yaraları azca sağalmağa üz tutan kimi baxırdı ki, bu yara ona əziyyət verməyəcək, hərəkət edə biləcək, getmək istəyirdi. Xüsusən, Yaşmanın, yəni 052-nin döyüşçüləri belə idilər. Onlar hamısı güclü, hazırlıqlı əsgərlər olduqlarına görə yaralarının infeksiya tutmaq ehtimalı az olur. İmmunitetləri güclüdür. Həm də ilk tibbi hazırlığı digər əsgərlərdən daha yaxşı bilirlər deyə artıq hospitala gələndə özlərinə ilk tibbi yardımı göstərmiş olurdular. Antiseptiklərlə öz yaralarını yuyub, təmizləyir, sarıyırdılar.

Ən maraqlı məqamlardan nə qalıb yadınızda?

Çox şeylər olub. Sadəcə indi bir-bir xatırlaya bilmirəm. Bir sözəbaxmaz yaralımız var idi. Ağır yaralıyd,ı amma cəbhəyə getmək istəyirdi. Deyirdi bizim uşaqlar torpaqları ala- ala gedir mən burda yata bilmərəm. Dəfələrlə onu ön cəbhəyə gedən yük maşınlarından düşürmüşəm. Xəlvəti qaçıb gedirdi, biz geri qaytarırdıq.

Bir dəfə gecə kəşfiyyatçılar gəldilər. 3 gün yağışda qalmışdılar. Üst başları su. Yuxusuz. Hospitala çatdılar, eləcə yatmağa yer istədilrə. Mən düşünürdüm ki, onlar indi yəqin ağır pnevmaniya olublar, başqa bir hospitala, arxaya köçürməli olacağıq. Amma artıq isti çay içəndən sonra normala dönmüşdülər. Bir gecə hospitalda yatdılar, səhər də heç nə olmamış kimi qayıtdılar döyüş bölgəsinə. Bu müharibənin möcüzəsiydi. Onların vətən sevgisi bütün ağrı acılarını unutdurmuşdu.

Bəs heç kövrəldiyiniz oldu?

Hə. Bir şəhid əsgərimiz gəlmişdi. Cibindəki telefona aramsız mesajlar gəlirdi. Götürüb baxdım son mesaja. Sevgilisi yazmışdı ki, “ səndən çox narahatam, ürəyim partlayır. Hardasan?” Onda pis oldum.

İndi də koronavirusla müharibədəsən. Hansı daha amansızdır?

Bu daha pisdir məncə.İndi Zığda modul tipli xəstəxanada xidmət edirəm.Və vəziyyət heç də ürəkaçan deyil. Çətindir, çox çətindir. Mən hər kəsə sizin vasitənizlə üz tutub deyirəm ki, özünüzü gözəgörünməz düşməndən qoruyun. Qoruyun ki, qələbəmizin dadını çıxara bilək, pandemiya bitsin ki, azad etdiyimiz torpaqlara azad gedib gələ bilək.

İlhamə Rəsulova

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Vətən müharibəsinin qazisi icra başçısından və nazirlikdən şikayətçidir - Video
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »