Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər Ölü dənizdə Yer üzündə həyatın yaranması ilə bağlı olan fosfor aşkarlayıblar
Alimlər Ölü dənizdə Yer üzündə həyatın yaranması ilə bağlı olan fosfor aşkarlayıblar

Ölü dənizin sahillərində ilk dəfə olaraq tsiklofosfatlar – qeyri-üzvi molekullar aşkarlanıb. Bunların Yer üzündə həyatın yaranmasında mühüm rol oynadığı güman edilir. Əvvəllər tədqiqatçılar təbiətdə bənzər birləşməyə rast gəlməyiblər. Araşdırmanın nəticələri “Geology” jurnalında dərc edilib.

TASS informasiya agentliyi xəbər verir ki, bioloqların fikrincə, Yer üzündə ilk canlı orqanizmlər arxey erasında (təqribən 4 milyard il əvvəl başlayıb və 2,5 milyard il əvvəl başa çatıb) yaranıb. Onların dəqiq yaranma tarixi mübahisə predmeti olaraq qalır. Hələlik onu söyləmək olar ki, qədim dünyanın okeanlarında həyat azı 3,4 milyard il əvvəl mövcud idi. Lakin geoloqların çoxu hesab edir ki, ilk mikroblar daha əvvəl yaranıb.

Alimlərin bir qismi həyatın okeanda deyil, quruda – qeyzerlərin və vulkanların ətrafında meydana gəlməsi fikrinə inanmağa başlayırlar. İlk canlı orqanizmlərin yüksək temperatura dözümlü olması, habelə quruda bor, fosfor, molibden və azotun - həyat üçün vacib elementlərin çoxluğu bunu təsdiq edir. Onların suda konsentrasiyası çox aşağı olub.

Ölü dənizin sahillərində aparılan geoloji işlər zamanı Sankt-Peterburq Dövlət Universitetinin professoru Sergey Britvinin rəhbərliyi ilə rusiyalı və israilli alimlər müasir Yer kürəsində fosforun ilkin ehtiyatlarının analoqunu ilk dəfə olaraq aşkarlayıblar. Onlar tsiklofosfatlar sinfindən qeyri-üzvi birləşmələrdir.

Tədqiqatçılar yazırlar ki, tsiklofosftların suda parçalanması səbəbindən böyük miqdarda enerji yaranır. Bu, fosfor turşusu qalıqlarını üzvi molekullara birləşdirməyə kifayət edir. Buna görə də tez-tez onları Yer üzünün erkən dövründə fosforun başlıca prebiotik mənbəyi hesab edirlər. Problem onda idi ki, əvvəllər planetdə tsiklofosfatlar aşkar edilməmişdi.

Əvvəlcə alimləri digər mineralların yerli yataqları, yəni fosfidlər - tərkibində oksigen olmayan fosfor birləşmələri maraqlandırıb. Fosfidlər geotermal bulaqların və qeyzerlərin ətrafında kiçik miqdarda yaranır. Onlar da tsiklofosfatlatın formalaşması üçün başlanğıc xammal olmaqla həyatın yaranmasında vacib rol oynaya bilər.

Tədqiqatçıların fikrincə, müasir litosferdə fosfidlərin nadirliyi o demək deyil ki, onlar Yer üzündə əvvəllər yayılmayıb, belə ki, geokimyəvi mühit milyard illər əvvəl indikindən əhəmiyyətli dərəcədə fərqli idi. Zaman keçdikcə Yerin atmosferi daha çox oksigenlə zənginləşirdi və yeni mühitdə oksidləşmə tsiklofosfatların yaranmasına gətirib çıxara bilərdi.

Alimlər Ölü dənizin cənub sahilində bu proseslərin izini tapıblar. Həmin ərazidə qeyri-adi dərəcədə rəngarəng olan çöküntü dağ süxurları yataqları var. Həmin süxurlar ən yüksək temperatura da tab gətirmiş olduğu üçün qədim dünyada meteorit zərbələri və ya vulkanik fəallıq nəticəsində yarandığı güman edilən tsiklofosfatların axtarışı üçün maraqlıdır. S.Britvin və onun həmkarları mərkəzində dəmir və nikel tsiklofosfat hissəciklərinin olduğu fosfid dənələri tapıblar. Bu onu göstərir ki, birləşmələrin ikinci tipi yüksək temperaturda fosfidlərin oksidləşməsi nəticəsində yaranıb. Bütövlükdə bu proses qədim dünyada təqribən nəyin baş verdiyin təkrarlayır.

Ona görə də rusiyalı geoloqlar hesab edirlər ki, Ölü dənizin ətrafındakı dağ süxurlarına planetimizdə təkamülün ilkin mərhələlərində tərkibində fosfor olan maddələrin yaranmasını əks etdirən sistem kimi baxmaq olar. Təbii tsiklofosfatların aşkarlanması alimləri planetimizdə həyatın yaranmasına səbəb olan mürəkkəb molekulların necə sintez olunmasını başa düşməyə yaxınlaşdırır.(azərtac)

Son xəbərlər
Bütün xəbərlər »