Dekabr ayının 10-dan etibarən Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoyulub.
Rusiyanin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) bu barədə bəyanatla çıxış edib. Rəsmi səbəb kimi həmin məhsullarda xəstəlik aşkarlanması göstərilir.
Xatırladaq ki Rusiya bazarı Azərbaycan aqrar sektoru üçün önəmlidir. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172.359 min ton təşkil edib. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir.
Bizimyol.info xəbər verir ki, azərbaycanlı ekspertlər bunun siyasi xarakterli bəhanə olması ehtimalını iddia edirlər.
Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı, iqtisadçı-maliyyəçi Qulu İbrahimli bildirib ki, Azərbaycan ordusunun Bakıda Zəfər Paradı keçirəcəyi günün - 10 dekabrın qadağa üçün seçilməsi diqqətdən qaçmamalıdır.
“Zəfər sevincimizə öz aləmində soğan doğrayır. Rusiyanın meyvə və tərəvəz məhsullarımıza vaxtaşırı tətbiq etdiyi qadağaların həmişə konkret siyasi proseslərlə bağlı olduğunu və bundan ölkəmizə qarşı siyasi təzyiq vasitəsi kimi çıxış etdiyini müşahidə etmişik”.
İqtisadçı-ekspert Qubad İbadoğlu bildirib ki, yalnız pomidor ixracı il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir: “Rusiya bazarı Azərbaycan üçün qeyri-neft məhsullarının əsas ixrac bazarıdır. Bu bazara göndəriln kənd təsərrüfatı məhsulları arasında pomidor və alma xüsusi yer tutur. Azərbaycan iş adamları Rusiya bazarında pomidorun tədarük həcminə görə birinci yerdədir.
Hesab edirəm ki, bu qərarın dekabrın 10-da Bakıda keçiriləcək hərbi paradla əlaqəsi vardır. Çünki, Azərbaycan ordusu tərəfindən qənimət kimi ələ keçirilən hərbi texnikalar yalnız Rusiyanın istehsalıdır və onların paradda nümayişi Rusiya hərbi sənaye kompleksini nüfuzdan salır. Odur ki, pomidor və almaq qadağasını qələbə paradının əleyhinə olan Rusiyanın cavabı kimi də qəbul etmək olar”.
“Rosselxoznadzor” bildilib ki idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkar ediblər və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat veriblər. AQTA-dan bildirilib ki məsələ ilə bağlı açıqlama veriləcək.
Ramid İbrahimov