Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mikayıl Cabbarov: "Qarabağın dirçəlməsi regional əməkdaşlığa töhfə verəcək"
Mikayıl Cabbarov

Dekabrın 7-də Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) videokonfrans formatında "COVID-19 pandemiyasından sonrakı dövrdə insan yönümlü regional əməkdaşlıq" mövzusunda 19-cu Nazirlər Konfransı keçirilib.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani açılış nitqi ilə çıxış edərək Azərbaycan, Türkmənistan və Gürcüstana Lapis-lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi çərçivəsində əməkdaşlığa görə xüsusi təşəkkürünü bildirib, Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında rolunu vurğulayıb.

Tədbirdə CAREC-ə üzv ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların nümayəndələri region ölkələrində iqtisadi dayanıqlılığın təmin edilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əməkdaşlığın təşviq edilməsi barədə fikirlərini bölüşüblər.

Konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov CAREC-in regional iqtisadiyyatın davamlı inkişafı üçün inklüziv əməkdaşlıq platforması olduğunu və Azərbaycanın CAREC regionu ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. O, COVID-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına təsiri və bu təsirlərin minimallaşdırılması məqsədilə həyata keçirilən çoxşaxəli tədbirlər barədə məlumat verib.

Tədbirdə qeyd olunub ki, Azərbaycan mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və ölkəmiz əlverişli biznes və investisiya mühitinin yaradılması, beynəlxalq ticarətin genişləndirilməsi üçün davamlı tədbirlər həyata keçirir. Azərbaycan həmçinin, 4-cü sənaye inqilabı üzrə təşəbbüsləri və iqtisadiyyatın rəqəmsallaşması çağırışlarını dəstəkləyir.

M.Cabbarov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, ölkəmizin haqlı mövqeyini dəstəklədiklərinə görə tərəfdaş ölkələrə minnətdarlıq edib. O, diqqətə çatdırıb ki, işğaldan azad olunmuş torpaqlarda yeni infrastruktur və biznesin inkişafı layihələrinin həyata keçirilməsi ölkəmiz qarşısında duran əsas vəzifələrdəndir və Qarabağ regionunun dirçəldilməsi regional əməkdaşlığa böyük töhfə verəcək.

2021-ci ildə Azərbaycanın CAREC Proqramına 3-cü dəfə sədrlik edəcəyini qeyd edən İqtisadiyyat naziri bu müddət ərzində CAREC-in region ölkələrinin iqtisadi inkişafının təşviq edilməsi istiqamətində səmərəli fəaliyyət göstərəcəyinə əminliyini vurğulayıb.

Konfransda “CAREC 2030” Proqramının nəticələri üzrə Çərçivə Sənədi, “CAREC Turizm Strategiyası 2030” və “CAREC Gender Strategiyası 2030” sənəd layihələri və nazirlərin birgə bəyanatı qəbul edilib. Qeyd: Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) 2001-ci ildə yaradılıb və Azərbaycan, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Özbəkistan, Tacikistan, Gürcüstan və Türkmənistanı əhatə edir. Azərbaycan 2003-cü ildən Proqramda iştirak edir.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »