Ağstafa rayonunun Qaçaq Kərəm kəndindən olan Qoşqar Quluzadə evin tək oğludur. O, artıq təkcə anası və bacısının deyil bütün el obanın qəhrəman oğludur.
Qoşqar müharibə başlayan zaman 11 ayın əsgəri olub. Yaşının az olmasına baxmayaraq döyüşlərdə igidlik nümayiş etdirib. Qazinin anası Rahilə xanım oğlu ilə fəxr etdiyini və lazım olsa sağaldıb yenidən vətənə xidmət etməyə yollayacağını söyləyir.

“Mənim bir qızım var, bir oğlum. Fəxr edirəm ki, övladım ermənini öldürüb, qisasımızı alıb. Bir gözünün görmə və qulağının isə eşitmə qabiliyyətini itirsə də əsas odur sağ qayıdıb gəlib. Lazım gələrsə, sağaldıb yenidən vətənin keşiyində durmağa göndərərəm oğlumu”.
Qazimiz Hadrut, Cəbrayıl, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak edərək igidlik göstərib. Sonuncu döyüşü zamanı ağır yaralanaraq bir gözünü və qulağını itirib.
“Ordumuzda birlik çox güclü idi. Bizdən yuxarı rütbəlilər də bizimlə qardaş kimi bir döyüşürdü. Hamı çalışırdı bir-birinə yardım göstərsin. Bizi tank mərmisi ilə vurdular. Huşumu itirdim və ondan sonrasını mən xatırlamıram. Xəstəxanada ayıldım və mənə dedilər ki, Qarabağı almışıq. Artıq qələbə bizimdir. Hədsiz çox qürur duydum. Şadam ki, bu döyüşlərdə iştirak etmişəm. Sağalıb yenidən həmin torpaqlara getmək istəyirəm”.
Leyla Mirzə