İkinci Qarabağ müharibəsinin qəhrəman qazilərində biri də Rəşad Mirzəyevdir. Rəşadın hər iki valideyni həm danışma həm də eşitmə məhdudiyyətlidir.
Qobu kəndinin igid oğlu Rəşad 44 günlük müharibənin sevincini bölüşür bizimlə. “44 gündən biz mərd çıxdıq. 44 gündən sonra vətən indi sevinir, analar gülür.
Cəbhədə olduğum zaman ermənilərin təxribatı nəticəsində mənim öldüyüm barədə xəbərdarlıq mesajı gəlib ailəsinə. Mən ilk dəfə həmin vaxt anamın və atamın lal-kar olmasına sevindim. Çünki nə yalan olan ölüm xəbərimi, nə də yaralanmağımı bilmədilər.
Ağcabədi, Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Minamyotun mərmisi yaxınlığıma düşdü və qəlpəsi ayağıma girdi, yaralandım. Bir yandan sevindim ki, şəhid olacam. Çünki yanımda şəhid olan yoldaşlarım var idi. Onların üzündəki nuru görmüşdüm. Heç ağlayaraq bu dünyadan köçən əsgər görmədim mən.
Əsgər yoldaşlarım ailələri ilə telefonla danışdıqda həsrətim birə min artırdı. Çünki eşitmədikləri üçün valideynlərimlə telefonda danışa bilmirdim”.
Rəşad söyləyir ki, Füzulinin Kürdlər kəndinin məscidində qarşılaşdığı mənzərə onu çox sarsıdıb.
“Kənd dağıdılmışdı. 1-2 ev, bir də məscid var idi. Məscidin mənzərəsi isə dəhşətli idi. Məscidin qibləgahına heyvanların tullantılarını yığmışdılar. Biz oranı boşaltdıq. İçərimizdə bir taliş balası var idi. Çıxdı azan verdi. Sözlə ifadə edilməyəsi qürur hissi keçirdik. Bu hiss yerə göyə sığmırdı”.
Leyla Mirzə