Torpaqlarımızın bütövlüyü uğrunda başlanan Vətən savaşında həyatını itirənlərin ailəsi, qazi olan əsgər və zabitlərimizin sosial təminatı son günlər geniş müzakirə mövzusuna çevrilib.
Belə ki, həlak olanların ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləği cəmiyyətdə narazılığa səbəb oldu və əsasən də sosial şəbəkədəki aktiv kəsim vətən üçün canından, sağlamlığından, doğmalarından keçənlərin aylıq təminatında bu məbləğin yetərsiz olduğunu qeyd etdilər.
Son günlərdə müzakirələrin bir mövzusu da ki, hərbi generala sıravi polislərdən daha az sığorta ödənişi verilməsilə bağlıdır.

Hüquqşünas, sığorta eksperti İlkin İbrahimov Bizimyol.info-ya bildirib ki, Azərbaycan dövləti hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir.
“Bu qaydalar 20 may 1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla tənzimlənir və həmin qanuna əsasən Hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır. Elə həmin qanuna əsasən sığorta məbləği maksimal 11000 manat müəyyənləşdirilib”,-deyə ekspert bildirib.
Ekspert qeyd edib ki, 5 oktyabr 1999-cu il tarixində qəbul edilən “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanuna əsasən bu sığorta növünün sığortalıları bütün məhkəmə hakimləri, andlı iclasçılar, prokurorlar, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən şəxslər, təhqiqat aparan şəxslər, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, gömrük işini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları aid edilirlər.
“Hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisinin maksimal sığorta ödənişi isə adıçəkilən qanuna uyğun olaraq onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Məsələn, hüquq mühafizə orqanında çalışan sıravi işçi aylıq 800 manat maaş alırsa, 5 illik maaş qədər, yəni 48000 manat ölümə görə kompensasiya alır.
Könüllü hərbi qulluqçuların sığorta kompensasiyası da Hərbi qulluqçuların icbari şəxsi sığortası qanununa əlavə edilmişdir. Yəni toplanışlara çağrılmış hərbi qulluqçular da sığorta kompensasiyasını ala biləcəklər”.
Ramid İbrahimov