Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda NATO böhranı – Gəlsin ya gəlməsin?
Qarabağda NATO böhranı – Gəlsin ya gəlməsin?

Dünən Fransa Milli Assambleyasının 188 üzvü cəmi 3 nəfərin əleyhinə getməsi şərti ilə qondarma "Arsaxı" tanımağa çağıran daha bir bədnam sənəd qəbul etdi. Bir həftə əvvəl Fransa senatı 305 səslə belə bir sənəd qəbul etmişdi.

Azərbaycanın rayonlarının azad edilməsindən sonra Senatın, ardınca isə Milli Assambleyanın məlum sənədləri qəbul etməsinin qara qəpik qədər də təsir gücü olmayacağını deyənlər olsa da məncə belə deyil.Bu sənədin ortalıqlda olması gələcəkdə Azərbaycan diplomatiyasını gərgin iş günlərinin gözlədiyini deməyə əsas verir.

Fransanı addım-addım Azərbaycana qarşı düşmənçilik müstəvisinə dartılır. ADP sədri Sərdar Cəlaloğlu bir açıqlamasında qeyd etdi ki, əslində Fransanın bu addımı bizə düşmən mövqe kimi görünsə də, Fransa Qarabağı Rusiyanın caynağından çəkib çıxartmaq üçün çalışır və bu bir növ bizim xeyrimizədir. Amma hörmətli partiya sədri yəqin onu da bilmişdir ki, qondarma, azad Qarabağ Respublikası bizim olmayandan sonra nə fərq edər o ermənin əlindədir, ya rusun.

Digər tərəfdən NATO növbəti toplantısında Qarabağı müzakirə edəcəyini bəyan edib.

Baş katibi Yens Stoltenberqin sözlərinə görə, NATO dövlətlərinin Xarici İşlər nazirləri Atlantik Şurasının iclasında Dağlıq Qarabağdakı vəziyyəti müzakirəyə çıxaracaq. O bildirib ki, xarici işlər nazirləri Dağlıq Qarabağ və Belarusdakı hadisələr kontekstində Rusiyanın dünyada güclənən hərbi mövqeyinə dair müzakirələr aparacaqlar. Rusiyanın öz nüvə arsenalını modernləşdirdiyini, yeni raketlərini Şimaldan tutmuş Liviya və Suriyaya qədər yerləşdirdiyini vurğulayan Stoltenberq bu dövlətin Qarabağ və Belarus məsələsində hərbi iştirakının gücləndiyini də qeyd edib. Başqa sözlə, NATO Qarabağın kimin əlində olmasından yox, Rusiyanın bölgədə möhkəmlənməsindən bərk narahatdır.

Elşən Manafov Elşən Manafov

Bu məsələni Bizimyol.info-ya şərh edən politoloq Elşən Manaf bildirir ki, NATO zamanında Rusiya ilə əldə edilmiş razılaşmalara baxmayaraq, Şərqə doğru hərəkət etməkdədir.

“Dağlıq Qarabağda problemin çözülməsi ilə bağlı razılıq Rusiya, Azərbaycan və Ermənistanın rəhbərlərinin birgə imzaladığı üçtərəfli saziş əsasında əldə edildi. Minsk qrupunda təmsil olunmuş iki həmsədr dövlət - ABŞ-la Fransa indiyədək bu problemin həlli istiqamətində hansısa addım atmadılar. Onlar status-kvo vəziyyətinin qalmasında maraqlı olduqlarını göstərdilər. Onlardan fərqli olaraq isə Rusiya aktivlik göstərdi və müharibənin Azərbaycan ərazisində getdiyini dediVladimir Putin Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu vurğuladı. Bunun qarşılığında isə biz Fransa Senatının qərarını gördük. Bu üçtərəfli saziş NATO-nun Cənubi Qafqazla bağlı mövqelərinə ciddi zərbə oldu. Rusiya əslində Cənubi Qafqazda rəqiblərini oyundan kənarda qoymuş oldu. Bu da NATO tərəfindən adekvat addımların atılmasına səbəb oldu. Ortada Suriya faktoru da var. Rusiya Suriyada qanuni şəkildə təmsil olunan tərəfdir. NATO isə burada özünə sərf edən bufer zonalar yaratmağa çalışırdı. Bu da müəyyən mənada Türkiyənin və İranın ərazi bütövlüyünə təhdid idi. Ən əsası isə Suriyada beynəlxalq terrorizmin inkişafına səbəb Qərb oldu. Rusiyanın Türkiyənin və İranın birgə səyləri nəticəsində Suriyadakı beynəlxalq terrorizmin ətraf ölkələrə metastaz verməsinin qarşısı alındı. Türkiyə 3.5 milyon qaçqını öz ərazisində yerləşdirib. Əgər bu Avropaya buraxılsaydı böyük problemlər yaradardı. Bu istiqamətdə Rusiyanın atdığı addımları MDB məkanında öz maraqlarını qorumaq üçün yürüdülmüş siyasət kimi dəyərləndirmək olar. Ukraynanın Donbas və Donesk istiqamətində hərbi əməliyyatlara başlamasında da Qərbin rolu var.

Hesab edirəm, Bayden iqtidarı dönəmində Rusiyaya qarşı hücumlar daha hərtərəfli xarakter alacaq. Bu gün Cənubi Qafqazda sabitliyin qorunması məhz Rusiya ilə Türkiyə arasında əldə edilmiş razılıq əsasında mümkün olacaq. Qərbin, konkret olaraq NATO-nun bu bölgəyə müdaxiləsi böyük problemlər yaradacaq”.

Hələlik, görünən odur ki, siyasi müstəvidə gərgin müharibə gedir. Güc isə yaş balıq kimi əldə dayanmayıb sahib dəyişməkdədir. Azərbaycan çox ağıllı strateji planlarla vəziyyətdən öz xeyrinə istifadə etməklə qazanılmış qələbəni qoruyub saxlamalıdır. Əks halda, bizi böyük güclərin hərb poliqonu olmaq taleyi gözləyər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »