Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zabit: Biz vətəni sevdik, inandıq deyə qalib gəldik
Zabit: Biz vətəni sevdik, inandıq deyə qalib gəldik

“Müharibə başlayanda Bakıda idim. Kanadaya qayıdıb işimə davam etməyimi pandemiya gecikdirirdi. Lakin müharibə başlayan kimi könüllü olaraq döyüşə yollandım. Füzuli, Xocavənd, Hadrut, Laçın dəhlizi və Şuşa döyüşlərində iştirak etmişəm”.

Bu fikirləri xaricdə yaşayan həmvətənimiz, zabit İqbal Səfərov səsləndirib.

İqbalı tanısanız onunla siz də fəxr edəcəksiniz:

“Mən 1985-ci ildə Naxçıvanda anadan olmuşam. Orta təhsilimi orda almışam. 10-cu sinifdə nazirliyə məktub yazıb, bütün proqramı öyrənib bitirdiyimi bildirdim. Məni imtahan edib, 11-ci sinfi oxumağa ehtiyac görmədilər.

Universitetə yüksək balla girib, oranı Inzibati Idarəetmə və Gömrük Ekspertizası ixtisası üzrə qırmızı diplomla bitirdim. Hərbi xidmətimi tağım komandiri olaraq bitirib, leytenant hərbi rütbəsi ilə ehtiyata buraxıldım.

Sonra imtahanla (ən yüksək balı toplayaraq) Gömrük Komitəsinə işə qəbul oldum. 8 il Komitədə müxtəlif vəzifələrdə çalışdım və gömrük mayoru rütbəsinə qədər yüksəldim. Amerika-Meksika sərhəddində təlimlərdə iştirak edən zaman magistratura təhsili almağa qərar verdim.

Bir neçə universitetə təqaüdlü şərtlərlə qəbul olsam da, İtaliyanın Roma di Sapienza Universitetində oxuyacağım üzərində düşünürdüm. Lakin sonra Amerikadakı dostlarımın təkidi ilə onların yanına getməyə qərar verdim.

Gömrükdə çalışdığım illərdə Amerikada ATƏT-in təcrübə proqramlarında iştirak etmişdim. Bir az ölkəyə bələd idim. Növbəti dörd ildə Amerika və Kanadada müxtəlif işlərdə çalışdım.

Müharibə başlayanda Bakıda idim. Kanadaya qayıdıb işimə davam etməyimi pandemiya gecikdirirdi. Lakin müharibə başlayan kimi könüllü olaraq döyüşə yollandım. Füzuli, Xocavənd, Hadrut, Laçın dəhlizi və Şuşa döyüşlərində iştirak etmişəm.

Şuşaya girmək üçün 39-50 kiloluq minaatanlarla birgə 40 kilometrlik meşə, dağ yollarını qət etməli idik. Gecələr irəliləyirdik. Ən böyük üstünlüyümüz qorxusuz olmağımızda idi.

Bütün döyüşlərdə əsas silahımız inam olub. Düzdü, hər şeyə hazır idik. Müharibə insan həyatının çətin sınağıdı. Az əvvəl söhbət etdiyimiz döyüş yoldaşlarımız gözümüzün qabağında şəhid olurdu.

Ermənilər ölülərinin qarnına bomba bağlayırdılar ki, biz yaxınlaşıb tərpədəndə, partlasınlar. Biz dəhşətə gəlirdik. Nə olur olsun, insan həmvətəninə qarşı necə belə nanəciblik edə bilər?

Biz isə təhlükəni gözə alıb, döyüş meydanına qayıdırdıq, yaralı və şəhidlərimizi qoyub gedə bilmirdik. Mən komandir heyətində idim. Mənim aldığım ilk əmr belə oldu: əsgər heyətini qoruyun!

Onların canı öz canınızdan artıq olsun. Generalların belə ön cəbhədə döyüşdüyü savaşda başqa cür vuruşmaq mümkün deyildi. Hamı bir-birini qoruyurdu. Şuşa azad edildikdən sonra orda qala bilmədim, xəsarət almışdım.

İndi yaxşıyam. Xocavənddəyəm.

Döyüşlər bitəndən sonra hisslərim, duyğularım qarışmışdı. Kimsəylə danışmırdım. Mənə elə gəlirdi ki, daima yağış yağır. Yəqin ki ömrümün sonuna kimi yağışı və iliyimə qədər işləyən soyuğu unutmayacam.

Yağış dayanmadan yağırdı, sulu paltarlarla şaxtalı havada yatmalı olurduq. Ocaq da qalaya bilmirdik.

Bundan sonrakı həyatımı necə yaşayacam? Məhz Qarabağda Gömrük İdarəsində gömrük mütəxəssisi olaraq çalışmaq istərdim.

Qarabağda yaşamaq istəyirəm. Buralara valeh olmuşam. Həm də hər yerində bir xatirəm var. Bu yerlərə heyran qalmamaq olmur.

Şablon kimi səslənsə də, həqiqətən, arxa cəbhənin dəstəyi, sevgisi bizə güc verirdi.

Məktublar, hədiyyələr alırdıq. Kasıb insanların son pullarını sərf edib, bizə sovqat gətirməsi gözlərimizi yaşardırdı. Füzulinin Əhmədbəyli kəndindən olan Fikrət dayını xatırlayıram. Hərbi hissələrə gəlib, döyüşçülərin saç-saqqalını qırxırdı.

Əlində-ovcunda olan pulu ailəsinə qoyub, siz birtəhər dolanın, mən əsgərlərimizə lazımam deyib gəlmişdi. Onu müxtəlif hərbi hissələrdə görürdüm. Bu fədakarlıq Vətən sevgisi idi.

Biz Vətəni sevirik. Biz Azərbaycanı sevirik. Ona görə qalib gəldik. Azərbaycan bu sevgi sayəsində qalib ölkə olaraq daima yaşayacaq”,- deyə qəhrəman qazimiz bildirib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »