Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
Aygün Nağıyeva

Aygün Nağıyeva Füzuli rayonunda Mərkəzi Xəstəxananın Baş həkimi işləyir. Döyüşlər başlayan gündən Aygün həkim bacısı Nərgiz xanımla birlikdə yorulmadan əsgərlərimizin, yaralılarımızın həyatı üçün mübarizə aparıb.İncə qadın ürəyi müharibə dövründə hər insan həyatı üçün aslan kimi çırpınsa da döyüşlər bitəndən sonra Aygün xanımın ana ürəyi dözməyib, sızlayıb, yorulub, xəstələnib. İndi də özü müalicə alır.

“O qədər ürəyim pis olurdu, cavan uşaqlar idi, yaralı, qan içində gələndə, insanın buna sakit baxması üçün ürəyi daşdan olmalıydı. Çox çətin idi, həddən artıq. Kiminsə əlini, qolunu xilas edəndə sevinirdim, şükr edirdim. Mən əsasən baş həkim olaraq təşkilatçılıq işlərini görürdüm. Yaşına görə təqaüdə göndərilməli olan rentgen həkimimiz Kamil doktor sağ olsun, bu müddətdə çox aktiv işlədi.Rentgen vacib idi, çünki yaralının daxili sınıqlarını görmək lazım idi, elə xəstə olurdu qəlpə ayağından girib orqanları zədələyə-zədələyə ürəyinə qədər çatırdı, daxildə bir neçə qəlpə qalmış ola bilərdi. Bizim rentgen həkimimizin də üzərinə böyük yük düşürdü, gündə 12-14 saat rentgenlə işləmək asan deyildi. Bir də gecəni gündüzə qatıb zəhmət çəkən Niyazi həkim , Natiq həkim, Şəfa həkimin adını çəkmək istəyirəm. Onlar sayəsində neçə əsgərimiz sağ salamat ailsəinin yanına döndü. Daima ayaq üstəyidim oksigen balışları, monitorlar, cərrahiyyə otaqları hazır olmalıydı, əməliyyat masası, dərmanlar hər şey yerli yerində olmalıydı, çünki, biz saniyələrlə yarışırdıq. Hər dəqiqəmiz qiymətli idi. Bir dəqiqəlik gecikmə bir əsgərin şəhid olmasıyla nəticələnə bilərdi. Amma bizim xəstəxandan çox şəhid çıxmadı şükür. 4 nəfər oldu, onlar da yol gələrkən artıq, həyatlarını itirmişdilər. Onları da dərhal əməliyyat otağına aparırdım ki, bəlkə kliniki ölüm keçirirlər. Heç kəsi diqqətdən kənarda qoymadıq”,- deyir həkim.

“Ən çox əsgərlərimizin döyüş əzmi heyranlıq doğururdu. Bir əsgərimizin ayağından çəkməsini çıxara bilmirdik ki, yatağa uzadaq. Təsəvvür edirsinizmi, qolundan ağır yaralanıb, qəlpə parçalamışdı, deyir tikin, sarıyın, mən tez qayıtmalıyam, dostlarım məni gözləyir. Çoxusu ailələrinə xəbər vermək istəmirdi yaralandığını. 3-4 gün qalıb ailəsinin yerini demyən əsgərlərimiz var idi. Mən onlara xəstəxanada ilk yardımı göstərib göndərəndə yalnız bunu deyirdim. Sizi Allaha əmanət edirəm.

Xəstəxana personalına da deyirdim ki, onların hamısı şəhidliyin bir addımlığından dönmüş insanlardırlar. Elə şəhid qədər müqəddəsdirlər.  Onlara qarşı daha diqqətli olun”. Danışdıqca kövrəlir, ağlayır həkim. Dərman içir. Hər nə qədər güclü durmağa çalışsa da qarşımda ipək kimi yumşaq, mərhəmətli ürəyə sahib Azərbaycan anası dayanır. Əlindən yüzlərlə oğul bildiyi yaralı əsgərlər keçən ana.

“Mən prezidentə təşəkkür edirəm , minnətdaram ki, qalan rayonlarımız sülh yoluyla alındı. Şəhid və yaralılarımızın sayı daha da artmadı. Qarda, qışda o dağlarda asan olmazdı. Yüzlərlə yaralı insan var idi. Raket düşür, qəlpə gözünü, deşir, əlini ayağını aparır, üzünü yandırır, bunlara baxmaq həqqətən asan deyildi. Arxada ağlayırdım, həkimlər deyirdilər, ay Aygün xanım möhkəm olun, siz baş həkimsiz. İndi özüm də ürəyimdən müalicə alıram. O stressi səkmək asan olmadı. Elə bilirdim hamısı öz balamdır. Öz xəstəxanalarımızda yer olmadıqca zəng edirdim, qonşu rayonlara da köçürürdük, Beyləqana, Biləsuvara. Sağ olsun, icra başçısı Alı müəllim də bu işdə çox kömək edirdi, gecə saat 3-də zəng edirdik, dərhal maşınlar ayrılırdı, yer təşkil edilirdi.

Müharibə başlamazdan öncə hazırlıqlar görülmüşdü. Amma insanların da dəstəyi çox oldu. Əsasən corab, alt paltarları gətiridilər. Çünki yaralı gələn kimi biz kəsib onların əynindəki paltarları çıxarırdıq. Hamısı yağışın, qarın altında döyüşüb, günlərlə torpaqda yatıb.Toz torpaqdan da əlavə öz qanlarına bulanmış olurdu o hərbi formaları. Çıxarıb yaş dəsmalla bədənlərini silirdik”.

Aygün xanımın anında dərhal qəbul etdiyi bir qərarla 30-dan çox insanın həyatı ölümdən xilas olub.

“Biz yaralıları köhnə xəstəxanda qarşılayırdıq. Burdan 30 kilometr aralıda yeni bir klinika da açılmışdı. Bir gecə saat bir olardı, pəncərədən çölə baxanda hiss etdim ki, PUA səsi gəlir. İlk dəfəydi eşidirdim, demişdilər uğultuyla gəlir. Bildim ki vuracaqlar, çıxdım çölə tapşırdım ki, bütün işıqlar söndürülsün. Həyətdəki təcili yardım maşınlarının da işıqlarını söndürtdüm, xəstəxananın da. Sürücülərə dedim təcili yaralıları təxliyə edirik. 30 yaralı var idi xəstəxanada. Həyətdəki yük maşınlarının içərsinə döşək düzdürdüm, yaralıları yatırdıq maşınlara, tez çatdırdıq, ikinci yeni xəstəxanaya. Səhər saat beşdə dedilər xəstəxanamız vuruldu. Ani qərar verməsəydim, bütün personal da, yaralılar da məhv olacaqdı. Bunu da mənə dedirdən Allah idi yəqin. O gözəl balaların analarının duaları idi onları qorumuşdu. Mən özümü çox xoşbəxt hiss edirəm ki, Allah mənə bu imkanı verdi, mən də bu böyük, mübarək Vətən savaşında bir balaca rol oynadım. Bir gün çox yorulmuşdum, daha halım qalmamışdı. Dedilər yaralılar gəlir, dərhal durduq qarşılamağa . Hər kəs yerbəyer olandan sonra bacım dedi ki, Aygün Allah bu günü bizə Cənnəti qazanmaq fürsəti kimi verib. Mən bir-bir şəhid analarının qarşısında baş əyriəm belə oğullar üçün, mən hər bir əsgərimizin alnından öpürəm rəşadətləri üçün. Mən xəstələrin qoruyucu mələyi olan həkimlərə də minnətdaram. Mən dövlət başçısına minnətdaram, bu zəfəri bizlərə yaşatdığı üçün. Müharibə ağır sınaqdır. Biz ondan üzü ağ çıxdıq”,- deyə Aygün xanım bildirir.

Aygün xanım, sizə də bütün həkimlərimizə də biz minnətdarıq, əsgərlərimizin anaları, bacıları olaraq.

İlhamə Rəsulova

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
Son xəbərlər
Bütün xəbərlər »