Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Şəhid olacağımı düşünüb Kəlmeyi-şəhadətimi oxudum” – Döyüşdə qolunu itirən qazi
“Şəhid olacağımı düşünüb Kəlmeyi-şəhadətimi oxudum” – Döyüşdə qolunu itirən qazi

Biz elə tarixi anlar yaşadıq ki, hələ tanımalı olduğumuz çox qəhrəmanlar var. Çünki hər biri ölümü gözə alıb bizə qələbə sevincini yaşatdı. O da ölümü gözə aldı amma anasının duaları ölümün caynağından qoparıb aldı onu. Şücaətindən danışmasını istədik də “borcumuz idi” dedi Elnur.

Əkbərov Elnur İmamverdi oğlu 1993-cü ildə Ukraynada dünyaya göz açıb. Hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub. Hazırda 5-ci kurs tələbəsidir.

E.Əkbərovun Bizimyol.info-ya verdiyi müsahibəni təqdim edirik:

- Elnur, döyüşdə nə vaxtdan iştirak etmisiniz?

- 21 sentyabrdan təlimlərdə qoşulmuşam. Döyüşlərin başladığı ilk gündən ən ön cəbhədə iştirak etmişəm.

- Ordumuzda döyüş ruhu necə idi?

- Döyüş ruhu hər kəsdə çox yüksək səviyyədə idi. Üzərimizə yağan mərmilərdən qorxmadan, çəkinmədən döyüşməyə davam edirdik.

- Döyüşdə rütbə rol oynamırdı. Döyüşü idarə edən şəxs var idi və bir də biz döyüşçülər. -Orada biz yalnız vətənin oğulları kimi eyni döyüşürdük.

- Hansı istiqamətdə gedən döyüşdə yaralandınız?

- Düşmənin atdığı mərmi bizdən irəli, geri düşürdü hər an təhlükə idi. Oktyabr ayının 3-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin atdığı minamyot mərmisi nəticəsində yaralanmışam. Mərmilərdən biri bizim yaxınlığımıza düşdü və mən sol qolumu itirdim, ayağımdan isə yaralandım.

- Yaralandığınız həmin anları necə xatırlayırsınız?

- Mərmi düşən kimi çox ciddi ağrı hiss etmədim. Lakin qolum tamamən məhv olmuşdu. Çox pis vəziyyətdə idi. Qan itkim çox idi. Düşündüm ki, şəhid olacam. Kəlmeyi-şəhadətimi oxudum. Yanımdakı yoldaşım mənə tez ilk tibbi yardım göstərdi, qolumu bağladı. Döyüş meydanında 8 nəfər yaralandı mənimlə birgə. Bir yoldaşımız isə şəhid oldu.

- Döyüş meydanından necə çıxa bildiniz yaralı halda?

- Qalxıb ətrafa baxmaq istəyəndə yıxıldım. Qan itkisindən taqətim qalmamışdı ayağa qalmağa. Dərhal tibbi yardım çağırdılar. Çox çəkmədən gəldi bizi döyüş yerindən təxliyə etdi.

- Ailəniz yaralandığınızı necə xəbər tutdu?

- Yolboyu mən özümdə idim. Həkimlərə dedim ki, yuxu gətirən heç nə vurmayın, təkcə ağrıkəsici vurun. Xəstəxanaya çatan kimi dayıma zəng vurdum dedim ki, “deyəsən qolumu itirmişəm”.

- Qolunuzu itirdiyinizi biləndə hansı hissləri keçirdiniz?

- Ən böyük təəssüfləndiyim o oldu ki, tez yaralandım. Biz hər şeyi gözə alaraq orada döyüşürdük. Təki vətən sağ olsun.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »