Azərbaycanın heç bir itki vermədən mürəkkəb relyefə, yaradılmış müdafiə sistemlərinə malik rayonları işğaldan azad edildi. Belə ki, Azərbaycan bir güllə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını qaytardı.
Dekabrın 1-də Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli bəyanatına uyğun olaraq Laçın rayonu işğaldan azad edildi.
Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir. Belə ki Laçın rayonu Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz rolunu oynayır. Laçın işğal edildikdən sonra Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yarandı və torpaqlarımızın işğalı asanlaşdı.
Bizimyol.info-ya açıqlama verən Laçın rayon sakini, tədqiqatçı, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib ki, Laçın zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri olan rayondur.
F.İsmayılov Laçın rayonunun strateji əhəmiyyətini şərh edərkən bildirib ki, Laçının azadlığı Azərbaycanın ərazi bütövlüyünün son nöqtəsini qoydu.
“Laçın rayonu özünün iqtisadi, təbii və mənəvi resurslarına görə Azərbaycanın strateji ərazilərindən biridir. Belə ki Laçın rayonunda birinci minillikdən ta dövrümüzə qədər tarix və mədəniyyət abidələri mövcud olub.
Laçın rayonun Hoçaz kəndində yerləşən mağara-məbəd və bu kəndin yaxınlığından başlayan yaylaqlarda qala təsvirləri dediklərimizi sübut edən tarixi yaddaşımızdır.
Bizim təqdiqatımıza görə, Laçın rayonunda 350 tarix və mədəniyyət abidələri mövcuddur. Bu abidələrdən 186 memarlıq abidəsi, 134 arxeoloji abidə, 25 monumental-heykəltaraşlıq nümunələridir.
Eyni zamanda, Laçında 8 məscid, 19 inanc yeri və ziyarətgahlar olmuşdur ki bu da çox böyük say deməkdir. Laçında bulaqüstü abidələr, antik qalalar bu ərazidə öz gözəlliyi ilə möhtəşəm görkəm verir. Bu abidələr tarixi əhəmiyyətinə görə bundan sonra tədqiq ediləcək.
Təəssüf ki 27-28 illik işğaldan sonra bu abidələrin xeyli sayına zərər dəymiş, abidələrin bir çoxu dağıdılıb, bir çoxu isə formaları dəyişdirilərək erməniləşdirməyə məruz qalıb. Eyni zamanda Laçın rayonundakı inzibati yaşayış məskənlərində, hansı ki oraları xaraba qoyublar, orada 3 erməni kilsəsi inşa edilmişdi, 200-dən çox monumental xaç daşı qurğusu yerləşdirilib. Ermənilərin bunu etməkdə məqsədi gələcəkdə bu ərazilərin “ermənilərə məxsus olduğunu sübut” edən elementlər kimi saxlayıblar.
Laçının azadlığı Azərbaycanın ərazi bütövlüyünün son nöqtəsini qoydu. Bizim artıq işğal altında ərazilərimiz yoxdur. Biz artıq bütöv sərhəddə malik Azərbaycan dövlətinin vətəndaşlarıyıq.
İşğaldan sonrakı dövrdə dövlətin üzərinə düşən məsələrdən biri həmin tarixi və mədəniyyət abidələrinə baxış keçirmək və abidələrə dəymiş zərəri qiymətləndirməkdir. Eyni zamanda onların tədqiqatına başlamaq, arxeoloji qazıntılara başlamaq və abidələrin bərpası, konservasiya işləri ilə məşğul olmaq üçün kimi planlarımız var. İnşallah bu arzularımız da çox qısa bir zamanda ərazilər minalardan təmizləndikdən sonra başlayar və biz bu istiqamətdə fəaliyyət göstərərik”,-deyə tədqiqatçı F.İsmayılov bildirib.
Ramid İbrahimov