Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bədnam ilkə imza atmış rektora təşəkkürmü edək?
Bədnam ilkə imza atmış rektora təşəkkürmü edək?

1) 23.11.2020. Bakı Dövlət Universitetinin bəyanatından sitat: "Pərviz Məhəmmədov 23.11.2020-ci il tarixində ... şəhidlərimizin qanı ilə boyanmış, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalandırdığı Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər edib" və göstərilən tarixdən BDU-dan xaric edilib.

2) BAKI, 1 dekabr — Sputnik: “Onlayn dərs zamanı dövlət bayrağını başına keçirib rəqs etdiyi üçün Bakı Dövlət Universitetindən qovulan I kurs tələbəsi Pərviz Məhəmmədov universitetə bərpa olunub.”

Hətta bəzi şəxslər BDU-nun rəhbərliyinə “doğru və humanist qərarına” görə təşəkkür də ediblər. Onların rektorun “Dövlət bayrağımızın təhqir olunması” adlı illüziyaya əsaslanan şişirtmə və həqiqəti əks etdirməyən qərarına heç bir münasibət bildirmədikləri halda, BDU rəhbərliyinin ünvanına dərhal təqdir və təşəkkürlər göndərmələri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Yəni o şəxslər rektorun ziyanımıza olan bəyanatını görməzdən gəliblər. Təbii ki, hərənin öz mövqeyi və baxışları var.

Mənim aləmimdə şəxsi maraq güdərək, dostbazlıq, qohumbazlıq, yerlibazlıq edib, aid olduğum sahədə gələcəyimizi məhv edən nöqsanları görüb susmaq, həmin təşkilatın rəhbərliyi ilə sövdələşməyə gedərək söküb-dağıtmaq əməliyyatında iştirak etmək, fürsətdən istifadə edib “işini aşırmaq”, dövlət və millət namusunu pula və dəstə marağına satmaq çox təhlükəli və bağışlanılmaz xəyanətdir! İllər öncə, elm aləmində sürünən belə ziyanvericilər şəxsi leksikonumda ZAD (Ziyanlı Alim Dəstəsi) kimi təsvir olunub.

Düzdür, tənqid etmək, nöqsanları demək, dövlət içində təşəkkül tapmış ayrı-ayrı dəstələrə boyun əyməyib onları ifşa etmək ağır həyat yaşamaqla barışmaq deməkdir. Amma inanıram ki, bu dəstələr döyüşdə birlik, əzm və iradə nümayiş etdirərək qələbə qazanmış məğlubedilməz Xalq-Prezident birliyinin qarşısında çox acizdir və qısa müddətdə həmin şəbəklər dağılıb dövlətin iradəsinə tabe etdiriləcəklər.

Vəzifə səlahiyyətlərini aşıb ölçüsüz istəklərə sahib hər kəs cəzasını almalıdır. Heç bir tərif, yaltaqlıq, məddahlıq, dövlət atributları ilə manipulyasiyalar işə yaramayacaq. Əməl dəfətərləri, hesab-kitablar dil açıb danışacaq!

İctimai qınağa qarşı çıxanlar, açıq fikir bildirən insanları məxfi sövdələşməyə cəlb edib susdurmağa çalışanlar ölkənin inkişfına, xalqın maariflənməsinə ciddi əngəldirlər. Məsələn, hansısa rektor, direktor, akademik və digər rəhbər vəzifə tutan şəxslər haqqinda tənqidi fikir söyləyənləri pulla, hansısa problemini həll etmək vədi və digər vasitələrlə satın almağa çalışanlar və buna nail olanlar nə qədər təhlükəlidirlərsə, satın alınan, şərəf və ləyaqətini satan ziyalı, jurnalist, alim, şair, həkim və digərləri də o qədər təhlükəlidir. Bu cür mənəviyyat və ləyaqət alveri antik dövrün qul alveri ilə müqayisədə daha dəhşətli və daha dağıdıcıdır. Belə cəmiyyətdə nə iman, nə bərəkət, nə rahatlıq, nə firavanlıq, nə qarşılıqlı etimad, nə də insana xas yaşam tərzi olar. Həmin cəmiyyətin varlısı da, kasıbı da kölə xislətli olub, bədbəxt və zavallıdır. Çətin olsa da, ilk növbədə təfəkkür tərzini dəyişmək zəruridir. Nə isə...

Qayıdaq xoşlamadığımız, fəqət inadla qarşımıza çıxan mətləbə.

"Azərbaycanlılar öz Dövlət bayrağını təhqir edən xalqdır" məzmunlu qondarma bəyanatı aləmə car çəkən; hələ maddi sübut kimi Dövlət gerbinin əks olunduğu blankda əmr imzalayıb tələbəni universitetdən qovan; səhvi və səriştəsizliyi sayəsində bütün mətbuat, hətta you tube portalları, instaqram və digər sosial şəbəkə hesablarında "Azərbaycanlı tələbə öz Dövlət bayrağını təhqir etdi!" manşeti ilə gündəm yaranmasına səbəb olan; ictimaiyyətin ayağa qalxıb onun qanunazidd əməlinə ciddi müqavimət göstərməsindən sonra rəsmi imzaladığı əmrin üstündən xətt çəkib yenisini imzalayan; ictimaiyyətə stress, ümidsizlik, qanuna inamsızlıq, çarəsizlik kimi fikir və hisslər yaratmaqla yanaşı, qurama təhqirin maddi sübutu kimi güdaza verdiyi tələbəni yenidən universitetə bərpa edən; həyat təcrübəsi olmayan tələbəni öz qanunsuz əməllərinə qurban verən; etdiyi özbaşınalıqla ictimayiyyəti qıcıqlandıran, minnət qoyan; etdiyi bütün qanunsuzluqların ağuşunda mənəm-mənəmlik edib xalqdan və ictimaiyyətdən üzr istəməyən;

“TƏLƏBƏMİZ DÖVLƏT BAYRAĞIMIZI TƏHQİR ETMƏYİB, yanlış anlaşma olub, sadəcə, o, impulsiv davranaraq dərsin gedişini pozub, müəllimə cavab qaytarıb və s. Adekvt tədbirlər görülüb, həm fərdi, həm də valideynlərinin iştirakı ilə onunla profilaktik söhbətlər aparılıb, tələbə səhvini başa düşüb”

kimi bir açıqlama verib üzr istəmək əvəzinə, qanunu və ictimaiyyəti saya-hesaba almayan universitet rektoruna təşəkkürmü düşür?!

Azərbaycan tarixində bədnam ilkə imza atmış rektor Elçin Babayevə ilkin olaraq üzrxahlıq etməsini, sonra isə istefaya getməsini tövsiyə etmək ən doğrusudur.

Təşəkkür və minnətdarlıq isə ölkəmizdə demokratik mühiti, milli birliyi yaradan, islahatların müəllifi, xalqın sevimlisi, Azərbaycanın başını göylərə qaldıran, ləyaqətli Vətən övladı, qalib Ali Baş Komandan və Prezidentimiz İlham Əliyevə, vicdanının səsilə onun haqq səsinə səs verən müdrik Azərbaycan xalqına düşür! Allah yar və yardımçın olsun, ey Şanlı Azrbaycan!!!

Professor İdris Abbasov

Professor İdris Abbasov
Son xəbərlər
Bütün xəbərlər »