Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilərin sağ ələ keçirmək istədiyi xüsusi təyinatlı Mehrab
Ermənilərin sağ ələ keçirmək istədiyi xüsusi təyinatlı Mehrab

Öz şücaəti ilə qələbəmizdə imzası olanlardan biri- Mehrab Söhrab oğlu Niftəliyev 35 yaşında şəhidlik zirvəsinə ucaldı

Mehrab 17 il Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Xarici ölkələrdə təşkil edilən hərbi təlimlərdə Azərbaycanı təmsil edərək uğurlara imza atıb. O xüsusən çətin hərbi təlim sayılan "Qafqaz qartalı" və "EFES" təlimlərini keçib.

Virtualaz.org xəbər verir ki, M.Niftəliyev 1985-ci ildə Quba rayonunun Qam-qam kəndində doğulub. Mehrab Niftəliyev müharibənin ilk günlərində cəbhəyə yollanıb, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərə qatılıb. Döyüşlərdə düşmənin 70-ə yaxın hərbi qulluqçusunu, eyni zamanda texnikasını şəxsən məhv edib.

Qardaşı Mərahim Niftəliyev bildirib ki, Mehrabın iştirak etdiyi əməliyyatda düşmənin hərbi texnikası qənimət kimi ələ keçirilib. Döyüşlərdən birində yaralansa da, müalicəsini yarımçıq qoyaraq yenidən ön cəbhəyə yollanıb. Mehrabın ən böyük arzusu bayrağımızı Şuşaya sancmaq olub.

Atası Söhrab Niftəliyev isə deyir ki, oğlu yaralı döyüşçü yoldaşlarını döyüş meydanından çıxarıb: “Döyüşçü dostları deyir ki, Mehrab nə qədər erməni hərbiçisini öldürüb”. Mehrab noyabrın 8-də şəhid olub. Döyüşçü dostları bildiriblər ki, düşmən onlara qan udduran Mehrabı sağ ələ keçirmək istəyib. “Ermənilər çox çalışıb ki, Mehrabı sağ ələ keçirsinlər. Amma buna nail ola bilmədilər”,-ata əlavə edib.

Ana Xalidə Niftəliyeva isə gözyaşları içərisində danışıb ki, oğlu döyüşə gedərkən onunla sonuncu dəfə şəkil çəkdirmək istəyib. “Dedi ana gəl şəkil çəkdirək. Dedim nə qədər şəklimiz var. Elə bil şəhid olacağını hiss edirdi. Onun uşaqlıqdan hərbiyə marağı vardı”. Mehrab Aprel döyüşlərində də qəhrəmanlıqla döyüşüb, Prezident İlham Əliyev tərəfindən təltif edilib. Şəhid gizir Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Ailəlidir, 3 övladı var.

Son xəbərlər
Bütün xəbərlər »