Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yaralı əsgər deyirdi ki, komandirimə yardım göstərin, mən gözləyə bilərəm” – müharibə həkimi
“Yaralı əsgər deyirdi ki, komandirimə yardım göstərin, mən gözləyə bilərəm” – müharibə həkimi

Vətən müharibəsi başlayan gündən bütün sahələrdə çalışan insanlar əlindən gələn köməyi əsgərlərimizdən əsirgəmir. Bu işdə əsas mövqe tutan sahələrdən biri də həkimlərimizdir. Onların haqqını dana bilmərik. Həkimlərimiz həqiqətən də qəhramlıq nümayiş etdirdi.

İnar Seyidov da həmin həkimlərdən biridir. O, bitravmatoloq-ortoped, tibb elmləri namizədi, Birgə dəyişdirmə Mərkəzinin rəhbəri, Beynəlxalq Travmatoloqlar və Ortopedlər Cəmiyyətinin (SICOT) üzvüdür.

- Həkim necə oldu əsgərlərə xidmət etməyə qərar verdiniz?

- Ayın 27-si canla-başla hərbi hospitala getdim. Gedəndə gördük ki, çox sayda xəstə var. Personal, həkimlər psixoloji olaraq bu qədər xəstənin gələcəyinə hazır deyildi.

- Bəs necə vəziyyətdən çıxa bildiniz?

- Təşkilatda, əməliyyatlarda, alətlərdə kömək etdik. 1 həftə ərzində başqa travmatoloqlar, uroloqlar, cərrahlar və s. həkimlər könüllü olaraq bizə qoşulmağa başladılar.

- Qardaşınız da könüllü olaraq yardım göstərmək üçün sizə qoşulub?

- Bəli. Hətta mənim qardaşım stomatoloqdur və bu işə aidiyyatı yoxdur. Lakin gəldi ki, əl tutsun bizlərə. Çünki, xəstələr döyüşün, tozun, torpağın içərisindən çıxıb gəlirdi. Onları əməliyyata almamışdan öncə yumaq, təmizləmək, hazırlamaq lazım olur. Bunlar da çox vaxt aparır.

- İş rejiminiz necə idi? Çətin deyildimi saatlarla işləmək?

- Briqada şəklində iş qurduqdan sonra əməliyyatxanaların sayını artırdıq. İş rejimi çox çətin idi. Axırıncı xəstəyə kimi işləyirdik. Bu saat 3-də də bitə bilərdi, səhər 5-də də.

Xəstələr hospitalın bütün şöbələrinə yayılmışdı. Buna nəzarət etmək çətin idi. Elə həkim var idi ki, bütün günü ancaq sarğı dəyişməklə məşğul olurdu. Mən əsasən əməliyyatxanada xidmət göstərirdim.

- Xəstələrin arasında “COVİD-19”-a yoluxmuş əsgərlər var idimi?

Eşitdik ki, “Yeni klinika”ya 70 xəstə gəlib və bu xəstəxana indiyə kimi Covidlə məşğul olduğu üçün cərrah yoxdur. Özümüzü məcbur hiss etdik ki, ora baş çəkməliyik. Gedən də gördük ki, ağır xəstələr var. Onlarla məşğul olan travmatoloq yoxdur. Başqa həkimləri də ora cəlb etdim. Həmin ərəfədə bəzi alətlərimiz də yox idi. Həkim yoldaşlarımız bizə ianə etdilər və biz lazım olan hər şeyi aldıq. Həmin əsgərlərin hamısını əməliyyat etdik.

Yeni Klinikdə 9 əsgər yatırdı ki, onlar həm Covid- 19 diaqnozu ilə yatırdı, həm də ətrafında zədələnmələri var idi. Özümə borc bildim və onlara da baş çəkdim. Doğurdan da 9 nəfərdən 5-nin cərrahi əməliyyata ehtiyacı var idi. 1 nəfər əsgər isə çox ağır xəsarət almışdı və vəziyyəti yaxşı deyildi. O, həm Covid olduğu üçün qızdırması çox yüksək idi, həm ayağı amputasiya edilmişdi, həm qarın boşluğu əməliyyatı keçirmişdi, həm də sidik kisəsi zədələnməsi var idi. Ayağı amputasiya edilmiş olsa da, təkrar qanqrena inkişaf edirdi. Yenidən təcili əməliyyat etdik həmin xəstəni.

Şükürlər olsun ki, artıq Covid-dən azad olub və ayağı tam təmizlənib. Ölümcül vəziyyətdə olan xəstəni xilas edə bildik.

- Əsgərlərimiz ən çox hansı zədələrlə gəlirdi xəstəxanaya?

- Bu müharibə bütün dünya üçün yenilik idi. Əsgərlərimizin hamısının başında kaska, gülləyə qarşı jiletləri olduğu üçün ən çox gələn yaralılar ətrafların travması ilə gəlirdi. Kəllə-beyin travması, qarın boşluğu da olurdu lakin az sayda.

- Yaralı əsgərləri gördükcə nə hisslər keçirirdiniz?

- Biz orada elə hisslər keçirdirdik ki, izah etmək çox çətindir. Gələn əsgərləri görürdük ki, bir aydır artıq yatmır. Biz onları qoyub gedib yata bilməzdik. Tibb əsgərləri kimi onların keşiyində durmuşduq. Yatmaq, yemək bunlar qalmışdı kənarda. Çalışırdıq maksimum köməklik göstərə bilək.

- Əsgərlərimizin əzmkarlığını necə qiymətləndirdiniz?

- Çox mərd əsgərlər idi. Birinin göz yaşını görmədim. Elə əsgərlərimiz var idi ki, yaxınlaşırdıq yardım etmək üçün “Mənə dəymə. Komandirimin vəziyyəti ağırdır ona yardım göstərin. Mən gözləyə bilərəm”,- deyə bildirirdi.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »