Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"

Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Pərviz Məhəmmədov universitetə bərpa olunması barədə məlumat yayılıb. Məlumatlara görə, ona sonuncu xəbərdarlıq edilib və şiddətli töhmət verilib.

P.Məhəmmədov onlayn dərs zamanı bayrağımıza qarşı hörmətsizlik etmə iddiası ilə universitetdən xaric edilmişdi. BDU rəhbərliyinin bu qərarı sosial şəbəkələrdə ciddi etirazla qarşılanmışdı. Dünən isə P.Məhəmmədov videomüraciət yayaraq, hərəkətinə görə peşman olduğunu bildirmiş və hər kəsdən üzr istəmişdi.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva bu barədə qərar verilmədiyini söyləyib: "Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs əyani tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu Bakı Dövlət Universiteti tərəfindən verilmiş müvafiq əmrlə 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilmişdir. Pərviz Əlipənah oğlu Məhəmmədov Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək bu əmrə yenidən baxılmasını xahiş etmişdir. Bununla əlaqədar BDU rektorunun müvafiq əmri ilə komissiya yaradılmışdır. Komissiyanın qərarına 30 noyabr 2020-ci il tarixdə keçiriləcək BDU Elmi Şurasında baxılaraq müvafiq qərar qəbul ediləcəkdir".

Cəmiyyətdə fikirləri iki yerə parçalayan , tələbə və BDU cəbhəsinə bölən bu olayın əslində unudulmamasında fayda var. Çünki ictimaiyyət olaraq özümüzü maraqlandıran hadisələrə oyaq olsaq özbaşınalıq edənlərin də sayı azalar. Universitetin sonuncu xəbərdarlıq edib məsələsi ilə mənə bir qədər qaranlıq qaldı. Mənim bildiyimə görə xəbərdarlıq 3 dəfə olur.

Professor İdris Abbasov

“Görəsən, rektor verdiyi bayraq təhqiri ilə bağlı çıxardığı yanlış Əmrə görə ictimaiyyətdən üzr istəyəcəkmi? Biz qoyunbaşlı deyilik ki, istədiyiniz qanunsuzluğu edəsiniz. Xalqın qarşısında hesabat verməyə alışmalısınız, cənab rektor! Bunlar dəstədirlər. İctimai qınaq 3-5 gün yox, aylarla çəkməlidir. Almaniyada o zaman plagiat etmiş müdafiə naziri ictimaiyyətin 6 aylıq qınağından sonra istefa verdi. Bizdə bazar günü xəbər yayırlar ki, tələbə bərpa olundu, çoxu inanır. Sorğulamır ki, qanunsuz hərəkətə yol vermiş rəhbər şəxs cəzalanacaqmı? Məgər bizi qoyun yerinə qoyursunuz? Hətta uşağı ictimaiyyət əleyhinə danışdırırlar ki, məni müdafiə etməyin. Sanki ictimaiyyət uşağın izni ilə hərəkət edir. Beyinləri piylənib, yalnız mülklərini artırmaq haqqında düşünürlər”,- deyə professor İdris Abbasov Bizimyol.info-ya verdiyi açıqlamada bildirib.

“Tələbə aysberqin yalnız görünən tərəfidir. Bu hadisə dərin mətləblərin üzərinə işıq salır. Bayraq üzərində -dövlət atributları üzərində oynanılan çox ciddi milli, siyasi oyunbazlıqlardan gedir. Bu böyük dərdin böyük bir parçasıdır. Niyə cahilllər, niyə kəmsavadlar, niyə rüşvətxorlar, ikiüzlü, yaltaqlar, qansoranlar at oynada bilir? Hamısına start məhz təhsil ocaqlarından verilir. Ört-basdır etməyə çalışırlar nəyisə. Universitet rektorları olub ki, qanlı cinayətlərini sahib olduğu səlahiyyətlərlə ört-basdır ediblər. Milləti cahilləşdirib diplom veriblər. Niyə əzab çəkirik? Çünki bisavadıq, təhsilimiz normal deyil, "at olmayan yerdə eşşək də atdır" prinsipi üzrə savadı qıcqırmış alimik, müəllimik, akademikik. Yəni cahilillərin içində alim sayırıq özümüzü. İnkişaf etmək istəmirik. Yatmaq istəyirik, yatmaq! Əlahəzrət yuxu bizi ağuşuna alıb aparır! Bu tələbə olayı bunu normaya çevirən qurum üçün adi, kiçik bir məsələ sayıla bilər, düşünənlər üçün əsla bel deyildir. Bu, daha qlobal problemlərin həllini tətikləyə bilər. Hər şey ictimaiyyətin şüurlu münasibətindən, tələbindən asılıdır”,- deyə professor qeyd edib.

İndilik bir tələbənin hadisəsi ilə ayaqlanan cəmiyyət əslində öz çevik reaksiyası ilə parlaq bir gələcəyin qapılarını açır. Yalnız Pərvizə deyil, hamımızı narahat edən hər hadisəyə öz problemimiz kimi yanaşmaq bizi biz edəcək, var edəcək, əzilməyə qoymayacaq.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »