Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa bizə niyə soyuqdur?! - 2
Fransa

Daha öncəki eyni adlı yazımda, 1-ci maddə kimi diaspordan və diasporun problemlərindən bəhs etmişdim.

Yazının sonunda isə, senatda çıxarılan qətnamədə Türkiyə düşmənçiliyinin böyük rol oynadığını bildirmişdim.

Elə 2-ci maddədə bundan bəhs edəcəm.

2. Türkiyə faktoru - Çıxarılan qətnamənin mətnindən, habelə qətnaməylə ətrafında aparılan müzakirə və senatdakı çıxışlardan bu qətnamənin Türkiyə-Fransa qarşıdurması fonunda hazırlandığını görmək olardı.

Bəs nə üçün Türkiyə - Fransa münasibətləri bu dərəcədə gərginləşdi?!

Bu gün ikitərəfli siyasi əlaqələrdə gərginliyin pik nöqtəyə çatması, hər iki ölkənin qlobal mənada maraqlarının toqquşmasından qaynaqlanmaqdadır.

Bu gərginliyi, Erdoğanın Türkiyədə hakimiyyətə gəldikdən sonra, öz regionunda və qlobal mənada, xüsusən Afrika qitəsində apardığı atılqan siyasətin nəticəsi kimi də görmək olar.

Hadisələri tam anlamaq üçün yaxın tarixə nəzər salmaqda fayda var.

19-cu əsrdən əvvəllərindən etibarən renesansı arxada qoyaraq, sənaye inqilabının meyvələrini toplayan, 1789-cu il inqilabı ilə teokratik monarxiyanı yıxmaqla dünyəvilik yolunda böyük məsafə qət edən Fransa öz ideolojik cərəyanları sadəcə Avropada deyil, çar Rusiyasında və o cümlədən Osmanlı imperiyasında sürətlə yayılmağa başlamışdı.

19-cu əsrin sonlarında Osmanlı imperiyasıyla qonşu, çar Rusiyasının tabeçiliyində olan Qafqaz xalqlarının ziyalıları da artıq Firəngistandan yayılan mədəni-ideloji cərəyanların hər iki qoldan (türk və rus) təsirinə düşmüşdülər.

Maraqlı məqamdır ki, o dövrün türkçü və rusyönümlü ziyalılarını birləşdirən ən böyük ideologiya fransız dünyəviliyi idi.

Daha sonra 1-ci dünya müharibəsində Osmanlı imperiyasının məğlubiyyəti, fransız ordularının şərqi Anadoluya qədər gəlməsinə yol açdı.

O ərəfələrdə öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti də, öz legitimliyini tanıtma və suverenliyini qorumaq üçün Parisə üz tutmuş, Versal sülh konfransına nümayəndə heyəti göndərmişdi.

Beləliklə, 20-ci əsrin başlarından Qafqaz regionu Fransanın maraq və təsir dairəsinə girmişdi.

Hətta, Qafqazda sovet hakimiyyəti qurularkən, hər üç ölkədən qaçmaq məcburiyyətində qalan müstəqillik tərəfdarları və onların ailələrinin böyük əksəriyyətinə Fransa öz qapısını açmışdı.

Təbii ki, 20-ci əsrin başlarında Fransaya gələn Qafqaz xalqlarının nümayəndələri arasında, çökməkdə olan Osmanlı imperiyasında köçürmələrə və sürgünə məruz qalan ermənilər əksəriyyət təşkil edirdi.

Daha sonra Türkiyə Cümhuriyyəti quruldu, digər 3 respublika isə 70 il SSRİ-nin tərkibində qaldı.

SSRİ-nin qərb ilə əlaqələrində Fransanın vasitəçilik rolu qabarıq görsənirdi. Xüsusən 2-ci dünya müharibəsindən sonra hər iki ölkə arasında əlaqələrin digər qərb ölkələrinə nisbətən daha da genişləndiyini görmək mümkündür.

O cümlədən, qərbin SSRİ-nin qatı kommunizm ideologiyasının cənuba enməsini əngəlləmək məqsədiylə YAŞIL XƏTT planı çərçivəsində, 1979 İran İslam İnqilabının yetişməsində və baş tutmasında Fransa xüsusi rol oynadı.

O cümlədən İranla geniş siyasi-iqtisadi əlaqələr qura bilmiş tək Avropa Birliyi ölkəsi olan Fransanın, başda TOTAL ilə olmaqla, İran neft sənayesinə verdiyi töfhələri,atom enerji layihələrində ortaq çalışmaları, o cümlədən İranda hələ də davam edən fransız Renault və Peugeot maşınlarının istehsalını xatırlatmaqda fayda var.

SSRİ dağıldıqdan sonra, yenidən müstəqil olan 3 respublikanın üzlərini qərbə çevirmə cəhdləri qarşılıqsız qalmamalıydı.

Avropa Birliyi adında kiminə görə nəhəng iqtisadi-siyasi model, kiminə görə də kapitalizm imperiyası yaradıcılarından olan Fransa, şərqi Avropa və onun yeni qonşularını təsir dairəsinə salınma bölgüsündə aktiv iştirak etməyə başladı.

Şərqi Avropa ölkələri, daha çox Fransa - Almaniya arasında iqtisadi təsir dairəsi olaraq bölüşdürüldükdən sonra, sıra Qafqazdakı yenidən müstəqilliyini elan etmiş 3 respublikaya gəlmişdi.

Bu o dövr idi ki, Türkiyə daha çox öz iç siyasətindəki qarışıqlığa fokuslanmışdı, SSRİ-nin qalıqları üzərində qurulan Rusiya isə ağır iqtisadi burulğandan çıxmanın yollarını axtarır, digər tərəfdən öz müstəqilliklərini elan edən çeçenlərə qarşı hərbi əməliyyatlar aparırdı.

90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Qafqaza fransız ekspatları və şirkətlərinin axını gözə çarpırdı. Hər 3 ölkədə böyük enerji və iqtisadi layihələrdə söz sahibi olmağa çalışırdılar.

Rusiyanı nəzarətdə saxlayan, İranla əlaqələri olan Fransanın Qafqaza yerləşməsi, inkişaf etmiş qərbi Avropanın və digər Avropa Birliyi ölkələrinin marağına xidmət edirdi.

Baxmayaraq ki, müəyyən dövr dilimində Gürcüstan ABŞ-ın təsir dairəsinə girsə də, Fransa bütöv regionda öz təsir dairəsini gücləndirmək istəyirdi.

2008-ci ildə, Rusiya Gürcüstanın ərazi bütövlüyünə hərbi müdaxilə edəndə, məhz Sarkozinin Putinlə görüşməsi, atəşkəs müqaviləsinin Gürcüstanın qarantoru qismində çıxış edən Fransa və Rusiya arasında bağlanması, fransızların Qafqazda güc kimi formalaşma iddiasının davamıydı.

Hər 3 ölkədə fransızdilli tədrisin təbliği, hər üç ölkədə də fransız universitetlərinin qurulması da bu prosesin yekun nəticəsi idi.

Lakin nəzərə alınmayan məqam, Erdoğan hakimiyyətə gəldikdən sonra regionda öz maraqlarını diktə etməyə çalışan bir Türkiyənin formalaşması idi.

NATO-nun köklü üzvlərindən olan Erdoğan Türkiyəsi, artıq öz hərbi gücünü, siyasi və iqtisadi gücə çevirmənin planını qururdu.

Əfqanıstandan, İraqdan çıxan NATO tərkibindəki amerikan ordusunun yerini məhz türk ordusu almaqdaydı. Qərbi Avropa ölkələri NATO-ya üzv olsalar da, bu qurumu anqlo-sakson düşüncə idarə edir, bu qurumda Fransanın yaxud Almaniyanın təsir imkanları limitlidir.

NATO tərkibində güclənən və etibar qazanan Türkiyənin bunun iqtisadi meyvələrini də almaq istəməsi təbii idi. O cümlədən NATO tərkibində türk ordusuna yaxın şərqdə, o cümlədən Əfqanıstanda, ümumiyyətlə müsəlmanların yaşadığı coğrafiyada daha çox tolerantlıq və hörmət göstərilməsi, bu ölkələrdə NATO ölkələrinin maraqlarının qorunmasında türk ordusunun ön cəbhədə yer almasına gətirib çıxardı.

Eyni zamanda yeni osmanlı təfəkkürünün daşıyıcısı olan Erdoğan Türkiyəsi, öz maraq dairəsini Afrikaya qədər uzatmağa başlaması, bu qitədə Çinin iqtisadi işğalının qarşısını almağa çalışan Fransanı daha da narahat etdi.

Bu bir mənalıdır ki, müstəqilliklərini 50-60 il əvvəl elan etmələrinə baxmayaraq, əksər Afrika ölkələri Fransanın təsiri altında qalmağa və necə deyərlər fransız vassalı olmağa davam edirlər. Bu ölkələrdə, hakimiyyət dəyişikliyi, böyük iqtisadi layihələr də Fransanın nəzarəti altında həyata keçirilir. Neft, uranium, qızıl, diamand, kömür, dəmir və digər təbii sərvətlərinin sadəcə fransız şirkətləri tərəfindən istifadə olunmasını da bu təsirin əyani sübutu kimi görmək olar.

Erdoğan Türkiyəsi isə, xüsusən son 10 ildə Fransanın Afrikadakı maraqlarıyla hesablaşmamaq yolunu tutdu, keçmiş Osmanlı torpaqları olaraq gördüyü bu ölkələrdə yenidən öz təsir gücünü formalaşdırmağa başladı.

Başda Sudan olmaqla, Cənubi Afrika Respublikası, Seneqal, Liberiya, Burkina-Faso, Benin, Efiopiya, Qana, və s. Afrika ölkələrində böyük iqtisadi yatırımlar etməyə başlayan Türkiyə bu ölkələrlə öz siyasi bağlarını da artırmağa başladı.

O cümlədən, Misirdə Müsəlman Qardaşların hakimiyyətə gəlməsində Türkiyənin dəstəyi vardı, lakin bu uzunömürlü olmasa da, Türkiyə Afrikada qalıcı güc olmaq hədəfində israrlı olduğunu göstərməkdədir.

Xüsusən, Afrikada qızıl başda olmaqla, müxtəlif filiz mədənlərinin işlənilməsində türk şirkətlərinin sayı getdikcə artmağa başladı, müsəlman olmaqları, Afrikanın müsəlman xalqlarıyla daha yaxın və sürətli əlaqə qurmalarında müstəsna rol oynadı.

2019-cu il statistikasına baxanda Afrikada türk şirkətlərinin ümumi dəyəri 55 milyard dollardan artıq olan 1150 layihəni həyata keçirdiyini görmüş oluruq.

2011-ci ilə gələndə, Sarkozinin başçılıq etdiyi Fransanın təşviqi, Britaniya və ABŞ-ın da iştirakıyla BMT Təhlükəsizlik Şurasının qərarını əsas alaraq Liviyaya müharibə elan edildi.

Məqsəd Qəddafini devirmək və Liviyanı da yeni dünya bölgüsü prosesinə qatmaq idi. Liviya, Osmanlı imperiyasından sonra İtaliyanın koloniyası olsa da, 2-ci dünya müharibəsindən sonra Fransa və Britaniyanın nəzarətinə verilmişdi.

1951-ci ildə öz müstəqilliyi elan edən Liviyanın neft istehsalında əsas pay sahibi uzun müddət İtaliyanın ENİ və Fransanın TOTAL şirkəti olmuşdular. 2011-ci ildə Qəddafini yıxan müttəfiq orduları, ölkədə stabilliyi saxlaya bilmədilər, yaranmış iç qarışıqlığı və vətəndaş müharibəsi şəraitində buranı tərk etmək məcburiyyətində qalsalar da, Fransa TOTAL vasitəsiylə bu ölkənin neft hasilatını tam olaraq öz nəzarətinə almağa çalışdı ta ki, Türkiyə meydana çıxana qədər.

Liviyada Rusiyanın artan təsirini görən NATO, Erdoğan Türkiyəsinin Liviyaya müdaxiləsinə nəinki qarşı oldu, əksinə bir mənada dəstək oldu. Türkiyənin Liviyada Rusiyanı durdurması, NATO-nun marağına xidmət edirdi.

Bu Suriyada da belədir, türk ordusunun varlığı NATO-nun varlığına bərabərdir. Erdoğan Türkiyəsi Putin Rusiyasını hər cəbhədə durdura və öz şərtlərini diktə edə bildiyini göstərir. Elə, Qarabağ müharibəsini də bu qəbildən hesab etmək olar.

Türk ordusunun Azərbaycana gəlməsi, NATO-nun Qafqaza girdiyinin göstəricisidir.

Biz, Türkiyəni qardaş ölkə kimi gördüyümüzdən bu prosesin bir o qədər fərqində deyilik, yaxud daha tolerant yanaşa bilirik, ancaq Rusiya üçün türk ordusu NATO ordusudur.

Liviya məsələsinə təkrar qayıdası olsaq, Türkiyənin bu ölkəyə müdaxiləsinin bu ölkədə öz təsir gücünü artırmanın planlarını quran Fransayla konflikti daha da dərinləşdiriyini demək mümkündür.

Günlük 1,6 milyon barrel neft çıxarma gücü, illik 50 milyard dollarlıq nef qazancı olan bir ölkənin əldən çıxmasını, Rusiya və Türkiyə arasında bölüşdürülməsini görmək, əsrlərdir imperialist maraqlardan çıxış edən Fransa üçün qətiyyən qəbuledilməzdir.

Hələ 2018-ci ildə, Fransa prezidenti Makron, Avropa Birliyinin öz ordusunun qurulmasını təklif etməklə, Türkiyənin NATO-da güclənməsindən narahat olduğunu göstərmişdi.

Türkiyənin Avropa Birliyinə üzvlüyünə də ən çox qarşı çıxan ölkənin Fransa olduğunu unutmamaq lazımdır. Bu daha çox, Avropanın ən gənc əhalisinə sahib olan və daxili iqtisadiyyatı güclü Türkiyənin şərqi Avropa ölkələrini təkrar öz təsir dairəsinə alma cəhdi ehtimalından qaynaqlanan qorxudur.

Fransa senatında Dağlıq Qarabağla bağlı qətnamənin səsçoxluğuyla, 5 əsas siyasi partiyanın diktəsiylə qəbul edilməsinin də arxasında yatan səbəblər bunlardır.

Türkiyə NATO daxilində gücləndikcə, daha çox söz və pay sahibi olmaqdadır.

Son 10 ildə, Afrikada, Suriyada, İraqda və indi Qafqazda Fransanın güc itirməsində, təsirinin zəifləməsində Türkiyənin apardığı xarici siyasətin rolu böyükdür və məhz buna görə də Türkiyə Fransada hədəf taxtasındadır.

Türkiyənin Azərbaycana açıq dəstək nümayişi və Qafqazda öz iddiasını ortaya qoyması, Fransanı qıcıqlandırmaya bilməzdi.

Fransa-Türkiyə əlaqələrinin təkrar müsbət müstəviyə qayıtması, Azərbaycan üçün arzuolunan olsa da, indiki məqamda bunun nə zaman baş tutacağını bildirmək çətindir.

Lakin, Fransada sayları 800 min olan, 400 minə yaxınının ikili vətəndaşlığı olan türk diasporunun yaxın illər ərzində güclənməsini də gözardı etmək olmaz.

Bu ölkədə mütəşəkkil türk diasporu formalaşdıqca, Fransa, Türkiyə ilə ortaq maraqların formalaşmasında daha həvəsli olacaqdır.

Türkiyə ilə Fransanın siyasi əlaqələrinin 5-6 əsrlik kökü var, hər iki tərəf bu əlaqələrin davam etməsində və inkişafında maraqlı olmalıdır.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
Son xəbərlər
Bütün xəbərlər »