Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İntellektual tənbəllər və pedaqoji acizlər dəstəsi
İntellektual tənbəllər və pedaqoji acizlər dəstəsi

Vəziyyəti dramatikləşdirən, şüuraltında kin, küdurət, qisasçılıq hissləri kök salan BDU rəhbərliyindən sual olunur: nəyə görə tələbənin dərsi pozması olayını “şəhidlərimizin qanı ilə boyayıb, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalandırdığı Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər” kimi ölkəyə və dünyaya car çəkdiniz? Vətənpərvərlik, dövlətçilik düşüncəniz bu qədərdirmi? Qaşınmayan yerdən qan çıxarmaqla nə demək istəyirsiniz? Verdiyiniz bəyanatdakı cümlədə “bayraq” sözünə artırdığınız atributlar təzad yaradıb niyyətinizə çatmaq məqsədi güdmürmü?

Bakı Dövlət Universitetində bayrağımıza qarşı heç bir təhqir niyyəti olmaya-olmaya universitetin aidiyyəti şəxslərinin dövlət atributları ilə manipulyasiya etməsi heç məsuliyyət yaratmırmı? Şəxsi maraqlarını reallaşdırmaq üçün vəziyyəti maksimum dramatikləşdirən, acımadan 17 yaşlı gənclərimiz haqqında ictimaiyyət arasında “bayrağa nifrət edən satqın” obrazı yaratmağa çalışan universitet rektoru hansı düşüncə ilə bu ləkələmə aktına qol qoyub? BDU-nun açıqlamasını stilistik-semantik cəhətdən təhlil etdikdə mətnin nə qədər qərəz, kin, ədavət, qisasçılıqla dolu olduğunu aydın görmək olur. Dövlət atributlarından sui-istifadə edərək şantaja və hücuma kecən bu intellektual tənbəllər və pedaqoji acizlər dəstəsini Azərbaycanın reputasiyası deyil, şəxsi çıxarlarının maraqlandırması aydın görünür. Yoxsa nə düşmüşdü xalqımızı belə rüsvayçılığa sürükləməyə?!

Hələ utanmadan ağır mənəvi-psixoloji duruma saldıqları təcrübəsiz tələbəni (“tələbə” dedikdə “təcrübəlilərin” toruna düşən bütün tələbə-gənclər nəzərdə tutulur) özünün və ümumən, millət olaraq hamımızın ziyanına ziddiyyətli açıqlamalar verməsinə nail olub özlərini yenə də təmizə çıxarmaq istəyirlər. Çünki naftalin iyi verən menyularında bu idbar üsuldan başqa bir şey qalmayıb.

Müstəqil həyata yenicə atılan 17 yaşlı gəncə elə təlqin edib qorxudublar ki…

Həyata yenicə atılan 17 yaşlı gəncə elə təlqin edib qorxudublar ki, o gənc qürurla evlərində saxladığı, öpüb gözünün üstünə qoyduğu bayarğa bəlkə də əvvəlki azad, səmimi və saf sevgini bəsləyə bilməyəcək. Çünki əzazillər məhz bayraq vasitəsilə onun təhtəlşüurunu zədələdilər, ata-anasına qorxu və stress yaşatdılar. Bu intellektual tənbəllər və pedaqoji acizlər dəstəsi gəncin neçə vaxtdır evində saxlayıb fəxr etdiyi, hərdən kürəyinə salıb həyətə düşdüyü sevimli bayraq sevgisinə zorla təhqir elementini soxdular. Dəstə təkcə bununla kifayətlənməyib gözünün odu alınmış, cinayət işi açılması ilə təhdid olunan saf gənc tələbənin iki ziddiyyətli açıqlama verməsinə şərait yaratdılar, BDU-nun ağsaqqallar şurasının ona kömək edəcəyini vəd etdilər. Gəncin dilindən ictimaiyyətə “Xahiş edirəm heç bir şey etməyin! Siz işin daha da qəlizləşməsinə səbəb olursunuz, mənim haqqımda iş açılmasına səbəb olursunuz. BDU-nun Ağsaqqallar Şurası və xüsusi müəllimlər hər şeyi öz qaydasına qoyur…”

Görünür, gənc tələbənin beyninə elə yeridiblər ki, guya məlum hadisəni gündəmdə saxlayanlar reytinq xatirinə elə edirlər və ictimai müazakirələr gəncin ziyanınadır. Elə ediblər ki, bir videoda tələbə, bəyanat verənin – rektorluğun iradəsinə uyğun hərəkət edir, özünün bayrağa “sərt hörmətsizlik” etməkdə günahkar olduğunu deyib üzr istəyir. Başqa bir gənclə birlikdə çəkdiyi digər videoda isə əvvəlkində dediklərini təkzib edir, hətta bayrağı başına sarıyan şəxsin o deyil, həmin gün onlarda olan dostunun olduğu məlum olur.

Xatırladım ki, bütün bu yarıtmaz video olaylarında BDU rektoruna çox yaxın olduğu bildirilən və təhsil eksperti adlandırılan Kamran Əsədov adlı şəxs yaxından iştirak edir.

"Dövlət Bayrağımızı təhqir edən azərbaycanlı tələbə" başlıqlı bəyanatı, cənab Elçin Babayev, siz ölkəyə və dünyaya faş etmisiniz!

Tələbə ilə bağlı ictimaiyyəti susdurmağa hesablanılan ziddiyyətli videoların çəkilib yayılması dəstənin özünə verdiyi ucuz təsəllidir. Bununla onlar qorxaq, dəyişkən, sürüşkən, onu müdafiə edən ictimaiyyəti aşağılayan bir tələbə obrazı yaratmağa çalışmaqla nəyəsə nail olacaqlarına ümid edirlər. Bəsirətləri o qədər bağlıdır ki, ictimaiyyətin haqqı müdafiə etməsini tək bir tələbəni müdafiə etmək kimi başa düşürlər. Məgər ictimaiyyət – vicdanlı ziyalılar, alimlər, tələbələr, müəllimlər, həkimlər, şairlər, jurnalistlər ictimailəşən hər hansı bir insidentə münasibət bildirərkən kimdənsə icazə alırlar?!

Bu təfəkkürlə universiteti necə idarə etdiyinizə məəttəl qalmışam. Yol verdiyiniz yanlışlıq, xüsusən, dövlət atributlarını öz mənfəətiniz naminə xərcləməyiniz sizə bağışlanmayacaq. Azərbaycanlını öz DÖVLƏT BAYRAĞINI təhqir edən xalq kimi tanıdıb dünyaya car çəkməyinizin cavabını verəcəksiniz!

"Dövlət Bayrağımızı təhqir edən tələbə" başlıqlı bəyanatı, cənab Elçin Babayev, siz ölkəyə və dünyaya faş etmisiniz! Yaxşı-yaxşı düşünün! Dəyərlərimizi kim təhqir edir? Arxasında pulu, mini-səltənəti, vəzifəsi, səlahiyyəti, eksklüziv xəbər saytları, mətbuat, hətta dəstəsi olan siz, yoxsa o kimsəsiz, kasıb tələbə? Ən pisi odur ki, təcrübəsiz, saf tələbəni istismar etməkdən qürur duyursunuz.

Ayıbdır, vallah! Hərəniz oturmusunuz bir dövlət unuiversitetinin başında, bu dövlətə, bu xalqa əlinizdən gələn pisliyi edirsiniz. Fəqət unutmayın ki, döyüşdə şəhid olan 18 yaşlı Vətən övladları ata-ananın məşəqqət içində yarıac, yarıtox böyütdükləri kasıb və kimsəzilərin balaları idi!

Siz düzəlməyincə gündəmdən getməyəcəyik

Deyirsiniz ki, gündəmdə qalmaq, reytinq qazanmaq istəyirik. Əlbəttə, siz düzəlməyincə gündəmdən getməyəcəyik, yəni etdikləriniz qanunsuzluqları sonadək ifşa edəcəyik. Akademiya və onların “nəzdində” olan institut və universitetlərdəki şəbəkələrarası “ağsaqqalların” və ağsaqqalların ağsaqqalının” (şahənşahın) gizli və ya aşkar funksiyasını müəyyənləşdirməyə çalışacağıq. Vətəndaş haqqımızdır. Görmək istəyirik ki, milli maraqlarımıza ziyan vurulan zaman prosesdən kənarda qalan şəbəkədaxili “AĞSAQQAL” iş işdən keçəndən sonra necə təcəlli edir və “işləri necə yoluna qoyur, ya qoymur”. Bu dövlət universitetlərində bilməyə haqqımızın çatdığı, amma müəmma olaraq qalan çox şeylər var.

Öz Ali Baş Komandanını və Prezidentini sevən müdrik xalqı susdurmaq və xalqla rəhbər arasına sədd çəkmək mexanizminiz, məaləsəf, çox köhnəlib, naftalin iyi verir.

Elə düşünməyin ki, baş qarışıb müharibəyə, sizlər istədiyinizi edə bilərsiniz. Ölkə Prezidenti sizdən tərif, mədhiyyə edib cibinizi doldurmaq, dəstə yığmaq, şəbəkələşmək yox, real iş görməyinizi, xalqa, dövlətə əməlinizlə xidmət etməyinizi istəyir ki, onu da artıq bacarmırsınız. Qaş düzəltdiyiniz yerdə vurub gözü də çıxarırısınız.

Mədhiyyədən sonra xəyanətin başlandığnı xalq da, rəhbər də gözəl bilir!

Sonda bir daha vurğulayıram ki, Azərbaycan tarixində misli görünməmiş bir akta – “Azərbaycanlı tələbənin öz Dövlət bayrağını təhqir etmək” kimi qondarma açıqlamaya imza atan, tələbə üzərində eksperimentlər aparmaqla etimadsızlıq mühiti yaratmağa çalışan, tələbə ilə bağlı süni bəyanatı ölkəyə və dünyaya yayan, bununla da ölkə miqyasında və dünya çapında milli kimlik tariximizdə ilk qara layihəyə müəlliflik edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev başda olmaqla, bu işdə əli olan hər kəs vəzifəsindən getməli və onlar haqqında adekvat tədbirlər görülməlidir.

İdris Abbasov Professor İdris Abbasov
Son xəbərlər
Bütün xəbərlər »