Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mətləb - Çatışmayan bir varlıq
Din - Xristian rahiri

Mətləb ərəb sözüdür. Müxtəlif lüğətlərdə çox geniş diapazonda mənalandırılır. Ən gözə çarpanı tələbdir. Lakin, tələb ən az qane edən variantdır. Çünki dilimizdə ən çox işlədilən ya “Allah mətləbini versin,” ya da “Mətləbsiz” ifadələridir. Hər iki hal üçün tələb yerinə düşmür. Belə ki, Allahdan yalnız istəmək olar. Mətləb həm də: arzu, dilək, istək, məqsəd, mövzu və problem kimi də mənalandırıla bilir. Mətləbin anılması problemi də var və kifayət qədər aktualdır. Bizi düşündürən də elə budur.

Mən öz ömrümdə bir neçə dəfə mətləb adı daşıyan insanlarla rastlaşmışam. Onlarla xüsusi yaxınlığım olmayıb. Bir Mətləbi isə qiyabi tanımışam, yaddaşımda qalan da elə odur.

Müxtəlif yazılarımda bir neçə dəfə uşaqlığımın Biləsuvar kəndində keçdiyini yazmışam. İndki Biləsuvar qabaq rayon mərkəzi Puşkin idi. Biləsuvar kəndi isə indikindən 18 km cənubda yerləşən ərazidə İranla ortaq, həm də tikanlı məftillərlə yarı bölünmüş Bolqarçay sahilində yerləşən kiçik bir kənd idi. İndi həmin kənd İrana məxsusdur. Bizim yaşadığımız evlər də oradadır. O vaxt ki, Biləsuvarda bir poçt binası və üç bir-birindən 20-30 metr aralı tikilmiş “Taun əleyhinə stansiya”nın binaları və çayın hər iki sahilində sahibləri tərk etmiş, baxımsız kənd evləri var idi. Evlərin hamısı təxminən eyni üslubda tikilmiş iki otaq, mətbəx, həyətdə su quyusu, təndir, it damı, toyuq hini və mal-qara üçün bir tövlə var idi. Bu evlərin bircə sahibləri çatmırdı. Sovet höküməti kənddə “Zastava” tikəndə kənd camaatını qaçaq-quldur adı ilə hara gəldi qovmuş və sanki bizim xalqa məxsus nümunəvi bir kənd muzeyi düzəltmişdi. Belə bir muzey Latviyanın paytaxtı Riqa yaxınlığında da var. Bütün dünyadan gələn turistlər böyük məmnuniyyətlə sərgilənən Latış kəndini seyr edirlər.

İndi 2020-ci ildir. Mən, 2-ci Dünya Müharibəsindən sonrakı (1946) illləri xatırlayıram. Üstündən 74 il keçib. Sovet dövlətinin mətləbsizliyi ucbatından xırda xalqlar çox ağır sınaqlara məruz qaldılar. Ata-baba yurdlarını tərk edib pərən-pərən düşdülər, kimlərinsə mətləbinə uyğun bizimçün mətləbsizlik baş alıb getdi.

Kəndimizdəki poçt binasının yaxınlığında Məhərrəm kişinin və qardaşı İltifatın ailələri yaşayan nisbətən yaxşı saxlanmış həyətdə həmişə canlanma olardı. Məhərrəm kişinin həyat yoldaşı Şahnisə xala gülərüz, mehriban və işgüzar bir xanım idi. Anamız şəhər mühitindən gəlmişdi və kənd işlərini yaxşı bilmirdi. Şahnisə xala təndirdə çörəyimizi, sacda lavaşımızı bişirər və hər dəfə də mütləq nəyəsə qonaq edərdi. Onun yağının, pendirinin və süzməsinin dadı indiyə kimi yadımdadır. Yeri behiştlik olsun. Şahnisə xalanın böyük oğlu Qüdrətin cəbhədən qara kağızı gəlmişdi. Bütün ailə üzvləri istənilən səbəbdən yeri gəldikcə Qüdrətin canına and içərdilər. Şahnisə xala Qüdrəti, Vətən müharibəsində həlak olduğuna görə, mətləbə varmadan, şəhidlik zirvəsinə qaldırmışdı. Onun ruhu hər an ailə üzvlərinin yanında idi. Şahnisə xalanın sonralar bölgədə ad-san sahibi olmuş daha üç oğlu: Nadir, Habil, Şakir və bir qızı Hürriyyət də var idi. Hamı onu Hürü deyə çağırardı. Hürü çox mehriban, gülərüz, incə və qayğıkeş xanım idi. Hardadırsa, gah deyirdilər Ləkidə, gah deyirdilər Bakıda işləyən Mətləb adlı nişanlısı da var idi. Biz 1950-ci ilin avqustuna kimi orada olduq, lakin Mətləbi görmədik. Hürü xanımın gözləri həsrət çəkə- çəkə qalmışdı. Qız gözümüzün qabağında solub gedirdi. Mən, duyğularım və düşüncəmlə Mətləbi adı olub özü olmayan bir şey kimi qavrayıram. Odur ki, Mətləb deyəndə həmişə çatışmayan bir varlıq, gizli, gözə görünməz zərurət duyğularıma hakim olurdu.

İş elə gətirdi ki, bizim Biləsuvarla əlaqəmiz kəsildi. İdarə Biləsuvardan İmişli rayonunun Qaradonlu kəndinə köçürüldü. Biz, təxminən il yarım da Qaradonlu kəndində qalıb yenidən Bakıya döndük.

O vaxt “Taun Əleyhinə Stansiya”da biri baş olmaqla cəmi bir neçə həkim, baş həkimin təsərrüfat işləri üzrə müavini, mühasibat, ən başlıcası laboratoriyalar, izolyator, zooloqlar və hər gün səhrada işləyən siçan tutanlar. Taun xəstəliyinin əsas daşıyıcıları səhra siçanlarıdır. Bu xəstəlik insanlara siçanlardan keçir. Taun əleyhinə stansiya həmin illər iki dəfə karantin keçirib. Bir dəfə 1948-ci ildə Culfada, bir dəfə də 1956-cı ildə Ağstafa rayonunun Poylu stansiyasında. Mənim valideynlərim həmin hadisələrin iştirakçıları olublar.

Təsərrüfat işlərinə sürücülər və bir də mehtər daxil idi. İdarənin mehtəri İvanov idarənin ən lazımlı işgüzar qulluqçularından sayılırdı. Onun həyat yoldaşı Stepanida (Steyşa) xanım da bir neçə otaqda çoxlu sayda ağ siçan və dəniz donuzları yetişdirməklə məşğul olurdu. Steyşa öz evində isə çoxlu pişik saxlayırdı. Onların uşaqları olmadığından Steyşa bütün məhəbbətini pişiklərə və siçanlara göstərirdi. O, səhərlər işə gedəndə pişiklər onu iş yerinə kimi ötürərdilər. Çox seyr etməli mənzərə alınırdı. İvanovun isə pişiklərdən zəhləsi gedirdi. İmkan olduqca hirsini itlərdən, pişiklərdən çıxardı. Bəzən, yəqin ki, içkili olanda, dəryazla düşərdi itlərin, pişiklərin üstünə. İdarənin böyük hasarsız həyətində gün çıxandan batana kimi İvanov özünə müxtəlif işlər tapardı. Deyirdilər ki, indiyə kimi onun yatdığını görən olmayıb. Biz sonralar anladıq ki, bu qəlbsiz həşərat yəqin ki, DTK-nın işçisi imiş və hər şeyə, hər kəsə göz qoyurmuş. Özü, keyfi kök olanda deyərdi ki, Denikinin qoşununda xidmət edib. Sonra Sovetlərə qoşulub. İdarənin cavan işçiləri onunla zarafatlaşanda deyərdi ki, Sovetlər qurulanda biz qaçaqları (yəni bizim qeyrətli vətən oğullarını) əziyyət çəkib öldürməzdik. Onları diri-diri qolları arxadan bağlı torpağa basdırıb, canavarlara yem edərdik. Uşaqlar təəccüblənəndə deyərdi, bəli biz onları basdırıb, evə qayıdar və səhər gedib görərdik ki, başları yoxdur. Aydın məsələdir, səhra dolu ac canavarlardır. İndi heyif sizin dərsinizi verə bilmirəm. “Bircə biləydiz sizdən necə zəhləm gedir”. Oskar mükafatı almış, ssenari müəlliflərindən biri Rüstəm İbrahimbəyov olan Sergey Mixalkovun çəkdiyi məşhur “Səhranın bəyaz günəşi” filmində maraqlı personajlardan biri Səidi yerə basdırılmış halda görəndə İvanov yadıma düşdü. Həmin filmdə Sovet qoşunlarının Özbəkistanda törətdikləri vəhşiliklər üzə çıxırdı. Yəni, cəza dəstələrinin dəsti-xətti bütün respublikalarda eyni və mətləb də eyni imiş.

İvanovun qorxduğu bir adam vardısa o da arvadı Steyşa idi. Steyşa ona deyərdi “Səndən tövlə iyi gəlir, aylarla çimmirsən mənə yaxın durma”.

Biz həyətdə uşaqlarla nəsə düzəldəndə elə olurdu ki, mişar, mismar, çəkic və ya taxta parçası lazım olurdu. İvanovun emalatxanası var idi, gedib istəyirdik. O saat deyirdi ki, “Steyşin” yəni Steyşanındır verə bilmərəm.

2015-ci ildə Bakıda Avropa oyunları keçiriləndə mən artıq təqaüddə idim və çoxdandır ki, metroya minmirdim. Dostlarımla görüşmək üçün şəhərə gedəndə metronun Neftçilər stansiyasında qapılar örtülən kimi ingilis dilində elan edildi ki, növbəti dayanacaq “Koroğlu steyşin”. Mənimçün çox gözlənilməz oldu. İşə bir bax, 70 ildən sonra yenidən Steyşin? Uşaqlığım, İvanov, Steyşa yadımda düşdü. Evə gələn kimi steyşin şeirini yazdım.

STEYŞİN

İndi dostum, sən də yəqin bileyşin,

Stansiyalar dönüb oldu steyşin.

Kəndimizdə denikinçi İvanov,

Nə istəsək verməzdi ki, Steyşin.

***

Steyşa da onun nazlı dilbəri,

O mahalda tamam dillər əzbəri.

Kraxmallı ,trıqkalı geyimli,

Danışığı incə, nazik, məzəli.

***

Həqarətlə İvanovu süzəndə,

Ucalardı pəzəvəngin gözündə.

“Nu-nu” deyib, yalvarardı biçarə,

Əyilərdi Steyşanın önündə.

***

İndi Biz də o yollarla gedeyşin,

Deyirik ki, duracaqlar steyşin.

Əzəmətli Koroğlu da steyşin,

Nərimanov Nəriman da steyşin.

***

Bir də dostum, heç vaxt unutmayeyşin,

Sırğa kimi qulağından aseyşin.

Təzə-köhnə nəyimiz var dünyada

Nizami də - Nəsimi də Steyşin.

Qazımız da, qozumuz da Steyşin!

15.07.2015

İndi Dağlıq Qarabağ məsələsində Rusiyanın mövqeyi, onların qoşunlarının gəlməsi dərdimi təzələdi. Yenə bilinməyən mətləb və üzdə olan mətləbsizlik, Hürü xanımın üzülməsi yadımda düşdü.

06.11.2020-ci ildə Polşada mühacirətdə olan ukraynalı bloger Dmitriy Qordon özündən müştəbeh, millətçi, RLD partiyasının sədri Jirinovski ilə müsahibə aparırdı. Söhbətin şirin yerində Qordon Dağlıq Qarabağ haqda soruşanda O dedi: Mən şərqşünasam və bu məsələni kökündən bilirəm. Dağlıq Qarabağ ərazisi Azərbaycana məxsusdur. Lakin Türkiyə faktorunu nəzərə alaraq üstünlüyü xaçpərəst ermənilərə vermək lazımdır. Dağlıq Qarabağ ərazisi Rusiya üçün strateji əhəmiyət kəsb edir və mütləq rus qoşunları orada olmalıdır, özü də həmişəlik.

10.11.2020-ci il saat 01-də elə də oldu. Bu fikir tək Jirinovskiyə məxsus deyil. Bütün rus politoloqları bu fikirdədirlər. Onlar Azərbaycanın müstəqilliyini həzm edə bilmirlər. Onlara görə biz həmişə onların sərəncamında olmalıyıq. Yəni, bizim ağzımız nədir ki, müstəqil olaq.

Dünyanın xeyli ölkəsində Qarabağ məsələsində ermənilərə tərəf çıxanlar var. Avropada haqq sözü yoxdur. Onların bütün tarixi həqiqətlərə özlərinə sərf edən münasibətləri var. Avropalılar sözün həqiqi mənasında talançıdırlar. Onlar dünyanın harasında nəsə bir maraqlı, göz oxşayan bir şey görürlərsə söküb, qoparıb gətirirlər ölkələrinə. Muzeyləri talan edilmiş şərqə məxsus eksponatlarla doludur. Bəs şərq neyləyir? Mətləbin tələb variantından istifadə edə bilirmi? Fransaya deyə bilirmi ki, Afrikadan daşıyıb apardıqlarını gətir qoy yerinə. Xeyir, deyə bilmir. Bu günə şükür edib, Allah kərimdir deyib rahatlanır. Avropanın elminə-texnikasına həsrətlə baxır. Bu yerdə XX əsrin əvvəllərində Məhəmməd Hadinin 4 misralıq şeiri və mənim ona cavabım yerinə düşər:

20-ci əsrin əvvəlində M.Hadi:

İngilis və fransız

Hər ikisi imansız.

Bizə iynə verməsə,

Qalacağıq tumansız.

(30.04.2018)

Həmid Herisçi

100 il sonrakı cavabım:

Fransızla ingilis

Kimə yaxşı, kimə pis.

Bizimçün fərqi yoxdur

London olsun ya Paris.

* * *

Hər ikisi avropa

Dünyanı tutub topa.

Şərqə divan tutublar,

Talan edib soyublar.

* * *

Nə iynəsi, düyməsi

Gərəyimiz deyildir.

İndi pampers əsridir.

Daha tuman geyilmir.

04.05.2018

Cavabda söhbət ondan gedir ki, Avropadan asılı qalmaqdansa, tumansız qalmaq, pampers geymək yaxşıdır. Yəni, burada mətləb işartıları duyulur. Yazının əvvəlində qədim Biləsuvar kəndinin məzar sükutlu evlərini təsvir edəndə bilərəkdən, oxucuların ovqatını təlx etməmək məqsədilə kiçik, lakin tükürpədici mənzərəni təsvir etmədim. İndi olar, artıq mətləb məlumdur. Biz Biləsuvardakı həyətlərin birinə daxil olub növbəti mətləbsizliyin yaratdığı mənzərəni seyr edəndə qardaşım Qəzənfər həyətin ortasındakı çox da böyük olmayan qurumuş tut ağacının altında yarı torpaqda, yarı açıq, tükləri üstündə qalmış it ölüsünü göstərib dedi: Baxın, itin boynunda xaltası və bir ucu ağaca bağlanmış zəncir var. Görəsən, niyə iti açıb buraxmayblar, yazıq ac-susuz ulaya-ulaya ölüb. Çox kədərli mənzərə idi, itin nə təqsiri var imiş ki?

Ömrüm boyu yaddaşımda iz qoymuş olayı araşdırdıqda belə nəticə çıxarıram ki, yəqin həmin həyətin sahibləri kəndi ən axırda tərk edənlərdən olublar. Çox güman, ev sahibi nəyidirsə cəza dəstələrinə verməkdən imtina etdiyindən ya Sibirə göndərilib, ya da İvanov kimilərin əliylə yerə basdırılıb. O, öz xoşuyla getsəydi iti mütləq kiməsə tapşırar, bəd ayaqda hətta açıb çölə, Allahın dərgahına buraxardı. Heç bir müsəlman, heç zaman heç bir canlıya aclıq və susuzluqla zülm verməz. Çünki Allaha acıq gedər. Biz Allahı həm sevirik, həm də ondan qorxuruq. Qəlbində Allah sevgisi olan heç zaman heç kəsə zülm etməz, haqqını yeməz, malına göz dikməz. Başımıza gələn bütün naqisliklər Allaha inamsızlıqdandır.

Erməni xalqının sevimli oğlu, ixtisasça həkim olan Zori Balayan hələ 30 il əvvəl “Ruhun səsi” kitabında yazıb: “Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik. Xaçatur adlı bir əsgərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarladı. Türk uşağı çox səs-küy salırdı. Xaçatura dedim ki, onun səsini kəs. Xaçatur isə anasının döşünü kəsib balasının ağzına tıxadı. Mən ixtisasça həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin, qarnının dərisini soydum. Saata baxdım, 13 yaşlı uşaq yeddi dəqiqədən sonra öldü. Ruhum sevinclə qürrələndi. Xaçaturla mən uşağın meyitini hissə-hissə doğradıq. Tikələri itlərə atdıq və eyni şeyi daha üç türk uşağına qarşı etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək”.

Ermənilər bu kitabı ərə gedən erməni qızlarına cehiz kimi verirlər. İndiyə kimi milyon nüsxələrlə çap edilib. Bütün dünya bilir. Lakin hamı susur. Bir insana bənzər öz əlilə yazıb qoyub ki, filan qədər uşaq öldürmüşəm, dünya məhkəməsi susur. Zori Balayan çoxdan açıq məhkəmədə ölüm kürsüsünə oturulmalı idi. Lakin xeyir. Öldürülənlər müsəlmanlardır, öldürən xaçpərəst. Sinəsindən xaç asılmış kiminsə adam öldürməsi birbaşa İsa peyğəmbərə sataşmaq, onu təhqir etməkdir. Çünki xaç, İsa peyğəmbərin çarmıxa çəkilmiş olduğu xaçın simvoludur.

İsa peyğəmbər bizim peyğəmbərimiz, xaçpərəstlərin isə Allahıdır. Biz İsa peyğəmbəri həmişə hüznlə, hörmətlə yad edirik, ruhuna rəhmət oxuyuruq.

Dünyada gizli mətləbli tiranlar çox olub. Napoleonun Avropada və şimali Afrikada törətdikləri qansızlıqlar bütün dünyaya məlumdur. Onun xarici işlər naziri, siyasi intriqalar ustası Taleyran haqda kitablar yazılıb, lakin indiyə kimi mətləbi tam üzə çıxmayıb. Bəs, Hitlerin dünyaya tutduğu divan, Yəhudi xalqına qarşı həyata keçirtdiyi genosid əməllərinin mətləbi qabaqcadan aşkar edilə bilərdimi? Demək, mətləbin üzə çıxması üçün zaman tələb olunur. Zaman mütləq hakimdir. Sarkozinin Qəddafiyə hədiyyə etdiyi qızıl tapançanın mətləbi xeyli sonra həmin tapança ilə Qəddafi qətlə yetiriləndə üzə çıxdı. Fransa prezidenti Makronun ermənilərə dayaq durması da onun erməni köklərindən gəlirmiş. Əslində, o da məhkəmə qarşısında cavab verməlidir, tökülən qanların bayiskarı kimi.

Təbiət qanunları da mütləqdir. Flora və faunanın normal yaşaması üçün suyun miqdarı əsas amildir. Odur ki, su təbiətdə bərabər paylanmalıdır ki, hamıya çatsın. Bunun üçün osmos qanunu mövcuddur. Osmos təzyiq deməkdir. Su, osmetik təzyiq nəticəsində çox olduğu yerdən az olduğu yerə gedir. Yəni, suyun təbiətdə bərabər paylanmasını təmin edir. Cəmiyyət qanunları isə onları yaradan insanların keyfiyyətinin (nəfsinin) təcəssümü olduqlarından mütləq deyillər. Məsələn, cəmiyyətin ən çox istifadə etdiyi pul-para həmişə az olduğu yerdən çox olduğu yerə gedir. Kasıbların hesabına dövlətlilər daha da dövlətlənirlər. Adi insanlar, zəhmətkeşlər lütdəşir, banklar şişir, bütləşir. Bütün dünyanın qazandıqları Avropa banklarındadır. İndi artıq bütün dövlətlərin din xadimlərinin də dünya banklarında hesabları və müxtəlif qazanc gətirən iş birlikləri var. Yəni, indi artıq din xadimləri də biznesmendirlər. Odur ki, onlardan barışdırıcı münasibətlər gözləmək mənasızdır.

Qədim Roma filosofu Lukretsiy Kar (e.ə. 99-55) 2000 il əvvəl demişdir: “Əgər təbiət hadisələrinin səbəbləri izah olunsa din öz-özünə məhv olub gedəcək”. Yəni, mətləbi korlayan cahillikdir. Hələ insanlar kifayət qədər kamilləşməyiblər. Silaha əl atırlar, dava axtarırlar, öz ordularını sülhməramlı adı ilə başqa ölkələrin ərazisinə yeridirlər. Bütün bunları pərdələyən də dinlərdir. Tiranlara söykənən mətləbsiz dinlərdir.

Nemət Məmmədli Nemət Məmmədli,

Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü

Paylaş »
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Notariat hərəkətlərinin aparılmasına görə iki halda dövlət rüsumu ödənilməyəcək
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
Son xəbərlər
Bütün xəbərlər »